Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, federal nəqliyyat federal mülki aviasiya qurumlarının sədri Sultan bin Səid Al Mənsurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, federal nəqliyyat federal mülki aviasiya qurumlarının sədri Sultan bin Səid Al Mənsurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Əsasən özəl sektoru təmsil edən nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini deyən Sultan bin Səid Al Mənsuri ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu vurğuladı, münasibətlərimizin daha da möhkəmləndirilməsində hər iki ölkə rəsmilərinin maraqlı olduğunu bildirdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğunu vurğuladı. Ölkəmizin iqtisadiyyatında özəl sektorun əhəmiyyətli rolundan danışan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Sovetlər Birliyinin tərkibində olarkən ölkədə özəl sektor yox idi. Son illər aparılan islahatlar nəticəsində özəl sektor sürətlə inkişaf etməyə başlamışdır. Ölkədə ÜDM-in təxminən 85 faizinin özəl sektorun payına düşdüyünü qeyd edən dövlətimizin başçısı, bunun Azərbaycan iqtisadiyyatında mühüm önəm daşıdığını bildirdi. Prezident İlham Əliyev hazırda ölkə iqtisadiyyatının şaxələndirilməsinin əsas prioritetlərdən biri olduğunu dedi.

Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, Birləşmiş Ərəb Əmirliklərinin federal nəqliyyat və federal mülki aviasiya qurumlarının sədri Sultan bin Səid Al Mənsurinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə bu səfəri qarşılıqlı əlaqələrin daha da genişlənməsinə xidmət edəcəkdir.

 

 

AzərTAc 

 

Azərbaycan.-2009.-22 aprel.-S.2.