Bakıda İslam Konfransı Təşkilatının
üzvü olan ölkələrin hüquq- mühafizə
orqanlarının rəhbərlərinin konfransı işə
başlamışdır
Aprelin 21-də Bakıda
İslam Konfransı Təşkilatının (İKT)
üzvü olan ölkələrin hüquq-mühafizə
orqanlarının rəhbərlərinin ikigünlük konfransı
işə başlamışdır.
Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxumuşdur. (Müraciətin mətni qəzetin bugünkü nömrəsində dərc edilir).
Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov çıxış edərək demişdir ki, tədbirdən məqsəd İKT-nin üzvü olan dövlətlər arasında hüquq-mühafizə sahəsində qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən etməkdir. Konfrans ölkələr arasında transmilli mütəşəkkil cinayətkarlığın, beynəlxalq terrorçuluğun, ekstremizmin, təcavüzkar separatizmin, silahların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin, insan alverinin, qanunsuz miqrasiyanın, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin və korrupsiyanın qarşısının alınmasına öz töhfəsini verəcək, əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaqdır.
Baş nazirin müavini qeyd etmişdir ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və bu ərazilər nəzarətdən kənarda qalmışdır. Həmin ərazilərdə transmilli mütəşəkkil cinayətkarlığın inkişafı üçün münbit şərait yaradılmışdır ki, bu, təkcə Azərbaycana yox, bütün regiona mənfi təsir göstərir. Bu baxımdan transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ölkələrimizin hüquq-mühafizə orqanlarının fəaliyyətinin regional və beynəlxalq səviyyələrdə əlaqələndirilməsini tələb edir.
Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində beynəlxalq birliyin səylərinin artırılmasının transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə öz töhfəsini verəcəyinə əminliyini ifadə edən Abid Şərifov bildirmişdir ki, bu konfransın keçirilməsi İKT çərçivəsində qəbul olunmuş əvvəlki qərarların icrası istiqamətində mühüm addım olacaq və hüquq-mühafizə qurumları arasında əməkdaşlığın səmərəliliyini artıracaqdır.
Abid Şərifov vurğulamışdır ki, Prezident İlham Əliyev İKT ilə əlaqələrin genişləndirilməsini Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov isə bildirmişdir ki, bu konfrans İKT çərçivəsində əməkdaşlığın yeni strategiyasını müəyyənləşdirəcək, beynəlxalq çağırışlar və təhdidlərlə mübarizəyə töhfə verəcəkdir.
Konfransın əhəmiyyətindən danışan İKT baş katibinin müavini İzzət Kamil Müfti tədbirin qurumun üzvü olan ölkələrin hüquq-mühafizə orqanları arasında birgə hüquqi normativ bazanın yaradılmasına və əməkdaşlığın inkişafına kömək edəcəyini bildirmişdir.
Baş katibin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq vurğulamışdır ki, Azərbaycan ərazilərinin bir hissəsi 20 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayon Ermənistan tərəfindən zəbt olunmuşdur. Bunun nəticəsində Azərbaycanın 1 milyon qaçqını və məcburi köçkünü vardır. İKT Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.
Sonra konfrans
öz işini sessiyalarda davam etdirmişdir. Azərbaycanın
milli təhlükəsizlik naziri Eldar Mahmudovun sədrlik etdiyi
birinci sessiyada transmilli mütəşəkkil cinayətkarlığa,
xüsusilə beynəlxalq terrorçuluğa, ekstremizmin
bütün forma və təzahürlərinə, təcavüzkar
separatizmə, kibercinayətkarlığa qarşı
mübarizə məsələləri müzakirə
olunmuşdur.
Nazir Eldar Mahmudov
bildirmişdir ki, keçən il ölkədə
müxtəlif təhlükəli
çağırışların, radikal qrupların fəaliyyətinin
qarşısı alınmışdır. Artıq
Azərbaycanı nəinki Cənubi Qafqazda, hətta
bütün MDB-də təhlükəsiz ölkə hesab etmək
olar. Bu nailiyyət Azərbaycanın
ümummilli lideri Heydər Əliyevin dürüst təhlükəsizlik
siyasətinin qətiyyətlə həyata keçirilməsi
nəticəsində mümkün olmuşdur. Məhz ulu öndərin müdrikliklə müəyyən
etdiyi fəaliyyət prioritetləri və inkişaf istiqamətlərinin
işdə rəhbər tutulması sayəsində Azərbaycan
beynəlxalq təhlükəsizlik sistemində layiqli yerini
tutub və xarici ölkələr arasında özünə
etibarlı müttəfiq nüfuzunu qazanmışdır.
Eldar Mahmudov
vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev
regionda və dünyada sülh, beynəlxalq hüquq və normalara
hörmət, qanunçuluq və milli-mənəvi dəyərlərin
vəhdəti, sabitlik və inkişaf, antibəşəri təzahürlərə,
o cümlədən terrorçuluğa qarşı fəal
mübarizə prinsiplərinə söykənən tarazlı
siyasət yürüdür, beynəlxalq əməkdaşlıq
münasibətlərinə böyük önəm verir.
Nazir Eldar Mahmudov diqqətə
çatdırmışdır ki, bu gün demokratik, dünyəvi
dövlət quruculuğu yolunu seçmiş Azərbaycan
özünün tarix boyu qoruyub saxladığı və onu
bütün islam aləmi ilə birləşdirən
ənənə və dəyərlərə dönməz sədaqət
nümayiş etdirir. Qardaş islam ölkələri ilə
bütün səviyyələrdə və sahələrdə
təmasların yaradılması bizim üçün
vacibdir. Eyni zamanda, müsəlman ölkəsi olaraq, biz
dünya mədəniyyətinə inteqrasiya edir, islami dəyərlər
və sivil yanaşmalarla ona öz töhfəmizi verməyə
çalışırıq. 2008-ci ildə Heydər Əliyev
Fondu tərəfindən Bakıda keçirilmiş
“Sivilizasiyalararası dialoqda qadınların rolu” adlı tədbirin
keçirilməsi də bu mövqeyimizin bariz nümunəsidir.
Azərbaycanın beynəlxalq
təşkilatlarla əməkdaşlığına toxunan
Eldar Mahmudov İKT- nin üzvü olan ölkələrin
hüquq- mühafizə orqanlarının əlaqələrinin
inkişaf etdirilməsinin əhəmiyyətini
vurğulamışdır. Nazir bu ölkələri bir
sıra ümumi problemlərin narahat etdiyini, Azərbaycanın
da həmin sahədə prinsipial mövqe nümayiş
etdirdiyini bildirmişdir. Sonra birinci sessiya ilə bağlı
müzakirələr aparılmış mövzu üzrə səmərəli
təkliflər səsləndirilmişdir.
Fasilədən sonra konfrans
ikinci sessiya ilə işini davam etdirmişdir. Azərbaycanın
daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrlik
etdiyi ikinci sessiyada silahların, narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiyaya
qarşı mübarizə məsələləri müzakirə
olunmuşdur. Nazir Ramil Usubov bildirmişdir ki, narkotik vasitələrin
qanunsuz dövriyyəsi ilə bağlı təkcə daxili
işlər orqanları tərəfindən aşkar
edilmiş faktların sayı son 5 ildə 71 faiz artmış
və əsas diqqət qanunsuz dövriyyədən
ağır təsirə malik narkotiklərin
çıxarılmasına yönəlmişdir. Həmin
dövrdə 6 min tona yaxın narkotik tərkibli bitki
aşkarlanaraq yaşıl kütlə halında məhv
edilmişdir.
Qarşıda duran
mühüm vəzifələrdən danışan Ramil Usubov
vurğulamışdır ki, onlardan biri də ölkəmizin
geosiyasi mövqeyi baxımından, onun ərazisindən
narkotiklərin digər ölkələrə
daşınmasında transmilli qruplaşmaların tranzit dəhlizi
kimi istifadə etmələrinin qarşısını
almaqdır. Azərbaycanın Orta Asiya ölkələri,
İran, Türkiyə, Rusiya, Gürcüstan və digər
dövlətlərin hüquq-mühafizə orqanları ilə
sıx peşəkar əlaqələr qurduğunu deyən
Ramil Usubov qeyd etmişdir ki, işgüzar münasibətlərimizdə,
həmkarlarımızın bəhrələnə biləcəyi
kifayət qədər müsbət təcrübə əldə
etmişik. Bu potensialdan tam həcmdə istifadə
olunmasının vacibliyinə isə şübhə yoxdur.
Daxili işlər naziri Ramil
Usubov insan alverinin latent cinayətlərdən olduğunu,
respublikamızda ona qarşı mübarizənin nəticələrinin
ilbəil yaxşılaşdığını bildirərək
diqqətə çatdırmışdır ki, aşkarlanan
müvafiq cinayətlərin sayı 2004-cü illə
müqayisədə ötən ilin sonuna 5 dəfə
artmış və həmin dövrdə 122 cinayətkar qrup zərərsizləşdirilmişdir.
Bu sahədə şəraitin
kifayət qədər çevik dəyişməsi səbəbindən
qabaqlayıcı qərarların qəbul olunmasının
vacibliyini xüsusi vurğulayan Ramil Usubov qeyd etmişdir ki, son
illərdə Hindistan, Çin və Yaxın Şərq
ölkələrindən olan əməkçi
miqrantların, onlarla birgə qeyri-leqalların Azərbaycana
axını hiss olunur. Yaranan vəziyyət isə, öz
növbəsində miqrantların başqa ölkələrə
tranzitini istisna edən cavab tədbirlərinin görülməsi
zərurətini yaradır. Sistematik olaraq keçirdiyimiz əməliyyat-profilaktiki
tədbirlərlə son 10 ildə əllərdə qanunsuz
saxlanılan və əksəriyyəti avtomatik olan 25 minə
yaxın silah yığılmışdır. Bunun məntiqi
nəticəsi kimi, odlu silahdan istifadə etməklə törədilən
cinayətlərin sayı 2009-cu ilin əvvəlinə təxminən
5 dəfə azalmışdır.
İKT çərçivəsində
yeni formatda mühüm əməkdaşlıq istiqamətlərinin
əsasının yaradılmasına yönəlmiş tədbirdə
BMT-nin Narkotiklər və Cinayətkarlığa dair İdarəsinin
Mərkəzi Asiya üzrə regional nümayəndəsi
Ceyms Kallahan və bir sıra beynəlxalq qurumların əməkdaşları
ikinci sessiyada çıxış etmiş, mövzu ilə əlaqədar
səmərəli təkliflər vermişlər.
Vurğulanmışdır
ki, qlobal kriminallaşma, müxtəlif risklərin artması və
dərinləşməsi şəraitində beynəlxalq,
regional və milli səviyyələrdə təhlükəsizliyə
olan təhdidlərə qarşı müvafiq cavab tədbirlərinin
görülməsi müasir dövrdə əsas vəzifələrdəndir.
Konfrans aprelin 22-də
işini davam edəcəkdir. Tədbirin yekununda Bakı Bəyannaməsi
qəbul olunacaqdır.
AzərTAc
Azərbaycan.-2009.-22 aprel.-S.2-4.