AzərTAc-da görüş

 

Aprelin 21- AzərTAc-da Mərakeşin rəsmi informasiya agentliyi olan Məğrib Ərəb Pressin (MAP) əməkdaşları xanım Fatimə əl-Həsəni Hişəm Ferçhi ilə görüş keçirilmişdir.

AzərTAc-ın baş direktoru Aslan Aslanov qonaqlara 1920-ci ildə, Şərqdə ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış rəsmi informasiya agentliyinin tarixi barədə məlumat vermişdir.

Görkəmli siyasi xadim Heydər Əliyevin ölkəyə rəhbərliyə qayıdışından sonra Azərbaycanın keçdiyi böyük inkişaf yolundan, ulu öndərin AzərTAc-a diqqət qayğısından, Prezident İlham Əliyevin rəhbərliyi altında sürətli inkişaf yolu ilə irəliləyən ölkəmizin uğurlarından danışan agentliyin rəhbəri vurğulamışdır ki, son illər Azərbaycanın nüfuzu dünyada xeyli yüksəlmiş, o, regionun lider dövlətinə çevrilmişdir. Bu uğurlar artıq dünya informasiya məkanına çıxmış AzərTAc-ın beynəlxalq əlaqələrinin daha da genişlənməsi baxımından yeni imkanlar açır. Qonaqlara bildirilmişdir ki, hazırda AzərTAc Asiya Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) onun rəhbər orqanının, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) üzvüdür.

Həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan Ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA) təsisçilərindən biridir, 2008-ci ildən TKA-da sədrlik edir. Ötən il AzərTAc həm TKA-nın, həm OANA-nın geniş tərkibdə iclaslarına ev sahibliyi etmişdir. Ətraflı məlumata görə təşəkkür edən xanım Fatimə əl-Həsəni iki ölkə arasında əlaqələrin genişlənməsində informasiya mübadiləsinin əhəmiyyətini vurğulamışdır.

Təmsil etdiyi agentlik haqqında məlumat verən xanım Fatimə əl-Həsəni Məğrib Ərəb Pressin AzərTAc ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirmiş, MAP rəhbərliyinin əməkdaşlıq haqqında sənədin imzalanması barədə təklifini diqqətə çatdırmışdır. Bu təklif razılıqla qarşılanmışdır.

Daha sonra qonaqlar AzərTAc-ın maddi-texniki bazası, əməkdaşların şəraiti ilə tanış olmuş onlarla söhbət etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-22 aprel.-S.5.