Aktyor sənətinin ölməzliyi
Azərbaycan teatr və
kino sənətinin inkişafında müstəsna xidmətləri
olanlardan biri də xalq artisti Məhəmməd Bürcəliyevdir.
Onun sənatkar kimi yetişməsində Mikayıl
Müşfiqin, Süleyman Rüstəmin və Sabit Rəhmanın
böyük təsiri olub. Söz ustadları ilə
mütamadi görüşlər, ədəbi mühit Məhəmmədin
bu sənəti seçib onu həyatı boyu yüksək səviyyədə
cəmiyyətə təqdim etməsində əsas
meyarlardandır.
Məhəmməd Bürcəliyev 1914-cü ilin aprelində Şəki şəhərində fəhlə ailəsində anadan olub. Şəkidəki beş illik orta təhsilini bitirdikdən sonra Bakıda Karl Libknext adına fabrik-zavod məktəbində oxuyub. Bu məktəb neft mədənləri üçün fəhlələr hazırlayırdı. Həmin məktəbdə Mikayıl Müşfiqdən ədəbiyyat dərsi alan Məhəmməd Bürcəliyev yazdığı şeirlərdən bir neçəsini müəlliminə oxuyub. Şeirləri diqqətlə dinləyən Mikayıl Müşfiq ertəsi günü onu "Gənc işçi" qəzetinin redaksiyasına apararaq Süleyman Rüstəmlə tanış edib. Beləliklə, ədəbiyyat dərnəyinin üzvü olan gəncin yaradıcılıq eşqi elə buradan qaynaqlanıb.
Məhəmməd Bürcəliyev 1932-ci ildə Fəhlə Pedaqoji Texnikumuna daxil olur və burada da Sabit Rəhmanla yaxından tanışlığı yaradıcılığa həvəsini daha da artırır. Məktəbi bitirməkləri münasibətilə hazırlanan konsert proqramında Məhəmməd Bürcəliyev də tamaşalardan parçalar ifa edir, göstərilən kiçik səhnəciklərdə ona həvalə olunan obrazları özünəməxsus oynayır. Konsertdən sonra Sabit Rəhman Bürcəliyevdən "Məktəbi qurtarıb hara gedəcəksən?" - deyə soruşduqda "Bizi inşaat məktəbinə göndərməlidirlər", - deyə cavab verir.
Sabit Rəhman
bir qədər fikirləşdikdən sonra
deyir:
"- Bura bax, sənsiz də ev tikən
tapılar, gəl səni aparım təzə təşkil edilmiş teatra.
- Teatrda nə iş görəcəm?
- Biz
sənin kimi gənclər axtarırıq
ki, aktyor yetişdirək. Səhər
gəl teatra, gözləyəcəm".
Ertəsi gün baş rejissor Əlihüseyn Rzayev Məhəmməd Bürcəliyevi
aktyor kimi teatra qəbul edir.
1932-ci ildə
Şəki Dövlət
Dram Teatrında ədəbi
hissə müdiri işləyən Sabit Rəhman həm də aktyorlara dramaturgiya janrının növlərini öyrədir,
onların seçdikləri
çətin sənət
yollarının qaranlıq
məqamlarını maraqlı
fikirləri ilə daha da aydınlaşdırırdı.
Sonralar, 1967-1968-ci illərdə
Məhəmməd Bürcəliyev
bu sənətə daha dərindən yiyələnmək üçün
Moskva Dövlət İncəsənət Universitetinə
daxil olur. 1948-1950-ci illərdə Gəncədə
Fikrət Əmirovla birgə Dövlət Filarmoniyasının yaradılmasında
böyük səy göstərir. 1950-1955-ci illərdə
Gəncə Dövlət
Dram Teatrının bədii
rəhbəri və direktoru olur, uzun illər Gəncəbasar zonasının
Teatr Xadimləri İttifaqının sədri
kimi çalışır.
1948-ci ildə xalq artisti M.Bürcəliyev
"Yadigar" adlı
dram əsərini qələmə
alır. Həmin ildə də "Yadigar" pyesi Gəncə Dövlət
Dram Teatrında tamaşaya
qoyulur. Bu pyes 1948-ci ildə keçmiş
SSRİ-də keçirilmiş
"Müasir dramaturqların
əsərlərinə baxış"
festivalında 3-cü dərəcəli
mükafata layiq görülür.
M.Bürcəliyev respublikada
çıxan qəzet
və jurnallarda 75-dən
artıq məqalə,
müxtəlif rəy
və oçerk çap etdirib. Gəncə teatrının
səhnəsində 11 pyesin
quruluşçu rejissoru
olub. 1955-ci ildə əməkdar artist, 1958-ci ildə
isə xalq artisti fəxri adlarına layiq görülüb.
Onun istər
aktyorluq, istərsə
də Gəncə Dövlət Dram Teatrına
rəhbərlik etdiyi müddətdə teatrın
repertuarında komik tamaşalar daha çox üstünlük
təşkil edirdi. Bununla belə, mən onun ifasında
izlədiyim tamaşaların,
demək olar ki, heç birində ifrat mizanlara və yersiz, şablon təqdimata rast gəlməmişəm. Mən
onu həmişə
"improvizator aktyor"
adlandırmışam. Ona
görə ki, Bürcəliyevin obrazlar qalereyasında mənfi-müsbət
surətlər paralellik
təşkil edir. O, heç vaxt rollarına tipaj və yaxud personaj
kimi yanaşmayıb. Epizodik rollarını belə xarakterik obraz səviyyəsində
tamaşaçısına çatdırıb. Məsələn,
"Mən ki gözəl deyildim" filmində aktyora çox kiçik, epizodik rol verilib.
Lakin ifa orijinal manera baxımından yadda qalandır. Film çox pessimist
notlar üzərində
başlayaraq, haqlı
olaraq müharibənin
ağır yükünü
ilk kadrlardan tamaşaçının
çiyinlərinə yükləyir.
Kadrlar gərginliklə
izlənilir. Filmin qəhrəmanı Səidə
atasını cəbhəyə
yola saldıqdan sonra şəklə baxır. Onun kimi, bizi də
Əsgərin (M.Bürcəliyev)
alman faşistini ələ salan nikbin əhvali ruhiyyəli səsi silkələyir. Obraz sanki müharibədə qazanacağımız qələbəni
proqnozlaşdırır, filmin
xoş sonluqla bitəcəyinin anonsunu verir. Budur aktyor
ifaçılığında dar çərçivədə
belə izhar olunan rejissor, dramaturq ideyalarının əksi, filmin ümumi kompozisiyasını
təşkil edən müvəffəqiyyətin bir
hissəsi.
Cəlil Məmmədquluzadənin
"Ölülər" pyesi
əsasında ekranlaşdırılmış
"O dünyadan salam"
(rejissoru və ssenari müəllifi T.Tağızadə) filmindəki
Hacı Baxşəli
obrazını götürək.
Aktyor öz monoloqlarında bu surəti elə məharətlə xarakterizə
edir ki, tamaşaçı savadsızlığın,
avamlığın törədə
biləcəyi təhlükəli
məqamları dərindən
dərk edir. Obraz öz-özlüyündə
sanki "baxın, mənə yaxşı baxın, heç cür bizə oxşamayın!" deyərək
hayqırır.
O, heç
vaxt istər teatr, istərsə də kino yaradıcılığında
rol seçimi etməzdi. İstəyi yalnız canlandıracağı
prototipləri yaddaqalan
personaj səviyyəsində
milyonların yaddaşına
həkk etdirmək idi. Elə "Dəli Kür" filmindəki Allahyar obrazı kimi. Allahyar arvadı zorla qaçırılmış
bir azərbaycanlı kişidir. O, obrazın haqlılığını sözsüz
kadrlarda belə at çapıb, tüfəng
oynatmaq timsalında çox gözəl əks etdirir. Sovet dövründə müəyyən qadağalar
əsasında çəkilmiş
filmdə gedən təkrar montaj proseslərinin cəmində
Allahyar obrazı ilk baxışda tamaşaçıda
quldurbaşı təəssüratı
yaratsa da, nəticədə namus davası aparan bir personajdır. Kadrlarda çaparaq peyda olub, tez
də gözdən itən tipaja heç də birmənalı münasibət
bəslənilmir. Qınanılsın,
qınanılmasın? O, tipaj,
yoxsa personajdır? Bax, bu çəkisizliyi
də yaradan aktyor istedadıdır. O öz məninə çevirdiyi mənfi obrazı belə aktyor məharəti ilə qorumağı, müdafiə etməyi bacarırdı.
Yazıçı Anarın
ssenarisi əsasında
ekranlaşdırılan "Qəm pəncərəsi"
filmində Məhəmməd
Bürcəliyevə həvalə
olunan Rəşid bəy obrazı isə aktyorun xarici görünüşü,
xarakterik siması, qürurlu davranışı
mənasında əsl
tapıntı idi. Aktyor bu rolun
personaja xas olan xarakterik keyfiyyətlərini qabarıq
şəkildə, çox
böyük ustalıqla
ifa etməklə əsl Azərbaycan ziyalısının obrazını
yaradıb desək, yanılmarıq. Bir sözlə, o, əsl ziyalı aktyor idi.
Məhəmməd Bürcəliyev
kino fəaliyyəti ilə bərabər ömrünün sonuna qədər sadiq qaldığı teatr sənətində də obrazlar qalereyası yaradıb. Onun ifasında dramatizm daha güclü alınsa da, daim komik janra
üstünlük verərdi.
Belə sənətkarların
sayəsində teatr və kino sənətinin
dərin sirləri orijinal vasitələrlə,
fərdi yaradıcılıq
yolları ilə cəmiyyətin mənəvi
dünyasında mühüm
rol oynayır, həyat amalının vacib nüansları onların hafizəsində
silinməz izlər buraxır. Teatr və kinoya bağlılıq elə buradan başlayır. Aktyorluq sənətinin ölməzliyini təsdiqləyən
də belə ifalardır.
Şəhla Bürcəliyeva,
Kinoşünas
Azərbaycan.-2009.-22 aprel.-S.7.