Azərbaycan tarixə 2003-2008-ci illərdə iqtisadi cəhətdən ən sürətlə inkişaf etmiş ölkə kimi daxil ediləcəkdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

 

Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

– Nazirlər Kabinetinin bugünkü iclasında biz 2009-cu ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarını müzakirə edəcəyik. 2009-cu il Azərbaycan iqtisadiyyatı üçün yeni inkişaf dövrünün başlanması ilidir. Son beş il ərzində Azərbaycanın iqtisadiyyatı çox sürətlə inkişaf etmişdir və Azərbaycan tarixə 2003–2008-ci illərdə iqtisadi cəhətdən ən sürətlə inkişaf etmiş ölkə kimi daxil ediləcəkdir. Bu, böyük nailiyyətdir. Ölkəmiz son beş il ərzində böyük yol keçə, böyük uğurlar əldə edə bilmişdir. İqtisadiyyat 2,6 dəfə, sənaye potensialı 2,5 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 3–4 dəfə aşağı düşmüş, büdcə xərcləri 10 dəfədən çox artmışdır. Ölkədə böyük sosial proqramlar icra edilməyə başlanmışdır. Bir sözlə, son beş il ərzində Azərbaycan çox böyük addım atmışdır və bu möhkəm zəmin əsasında biz gələcəyə ümidlərlə baxırıq.

2009-cu il xüsusi il olacaqdır. Bütün dünyanı bürümüş böhran artıq hər bir ölkəyə öz təsirini göstərir. Hər bir ölkə bu və ya digər formada bu böhrandan əziyyət çəkir. Bütövlükdə əgər dünya xəritəsinə baxsaq görərik ki, əksər ölkələrdə iqtisadi inkişaf dayanıb, yaxud da iqtisadiyyat tənəzzülə uğrayır, sənaye istehsalı aşağı düşür, tikinti dayanır. Ölkələrin milli valyutasının qiymətdən düşməsi nəticəsində kütləvi şəkildə müflisləşmə prosesi gedir, kütləvi şəkildə işsizlik yaranır. Yəni bütün bu xoşagəlməz amillər, demək olar ki, bütün dünyada özünü büruzə verir. Azərbaycanın iqtisadi inkişafı isə 2009-cu ilin birinci rübündə uğurlu olmuşdur.

Bütün çətinliklərə baxmayaraq, böhrana baxmayaraq, birinci üç ayda Azərbaycanda ümumi daxili məhsul 4,1 faiz artmışdır. Hesab edirəm ki, böhranlı il üçün bu, çox böyük nəticədir. Ən sevindirici hal ondan ibarətdir ki, bu üç ayda qeyri-neft sektorunda inkişaf təxminən 14 faiz olmuşdur. Bu da son beş il ərzində aparılan islahatların nəticəsidir. Onun nəticəsidir ki, biz iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində əməli-praktik addımlar ata bilmişdik və bunların nəticələrini artıq görürük. Keçən dövr ərzində əsas istiqamətlərimiz iqtisadiyyatımızın neft amilindən asılılığının aradan götürülməsi idi və biz buna nail ola bilmişik. Əgər bu olmasaydı, qeyri-neft sektoru təxminən 14 faiz artmazdı.

Xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bölgələrdə dayanıqlı inkişaf üçün çox gözəl şərait yaradılmışdır. Yüz minlərlə yeni iş yerləri açılmışdır, minlərlə yeni müəssisə açılmışdır. Demək olar ki, ərzaq məhsulları sahəsində daxili tələbatı yerli istehsalla təmin etmək siyasətimiz çox gözəl nəticələr vermişdir. Yəni bunlar əsas amillərdir ki, 2009-cu ildə də bizə iqtisadi inkişafı təmin etməyə imkan verir.

Bizim nailiyyətlərimiz ancaq ümumi daxili məhsulun rəqəmləri ilə ölçülmür. Birinci üç ayda bizim ixracımız 20 faizdən çox artmışdır. Azərbaycana qoyulan investisiyaların həcmi 15 faiz artmışdır. Əhalinin pul gəlirləri 20 faizdən çox artmışdır. Orta əmək haqqı 20 faizdən çox artmışdır. Yəni bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı möhkəm iqtisadiyyatdır. Azərbaycan iqtisadi inkişaf baxımından istənilən məsələni həll edə bilər. Bizim əsas uğurlarımızın səbəbləri neft-qaz deyil, bizim əsas uğurlarımızın səbəbləri güclü iqtisadi siyasətdir, iqtisadi və siyasi islahatlardır. Bu islahatlar dünya birliyi tərəfindən də görünür və qəbul edilir. Əgər belə olmasaydı, dünyanın ən böyük maliyyə qurumu olan Dünya Bankı Azərbaycanı 2008-ci ildə bir nömrəli islahatçı ölkə kimi tanımazdı. Əgər belə olmasaydı, Azərbaycan şəffaflıq sahəsində əldə edilmiş uğurlara görə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təltif edilməzdi. Yəni bu, bir daha onu göstərir ki, bizim uğurlarımızı ancaq neft və qaz amili ilə bağlamaq istəyən dairələrin bütün təbliğatı heç bir səmərə vermədi, heç bir nəticə vermədi.

Bir daha demək istəyirəm ki, bizim əsas uğurlarımızın səbəbi iqtisadi islahatlar, siyasi islahatlar, ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, ölkə daxilində yaranmış vətəndaş birliyi, xalqla iqtidar arasında olan birlik və xarici investorların Azərbaycana çox etibarlı ölkə kimi baxmalarıdır. Bunun növbəti əlamətini biz bu yaxınlarda Bakıda 300 milyon avrodan çox dəyərində yeni sement zavodunun təməlqoyma mərasimində gördük. İndiki durumda bütün sənaye müəssisələri dayanır, ixrac dayanır, investisiyalar dayanır, banklar kreditlər vermir, banklarda likvidlik, demək olar ki, çox aşağı səviyyədədir. Azərbaycanda isə xarici investorların, beynəlxalq maliyyə qurumlarının və Azərbaycanın İnvestisiya Şirkətinin birgə iştirakı ilə nəhəng, bölgə üçün çox böyük sənaye müəssisəsi yaradılır. Biz düşünülmüş siyasətlə, investisiyaların cəlb edilməsi və lazımi səviyyədə qorunması nəticəsində Azərbaycanda çox gözəl investisiya mühiti yarada bilmişik.

Eyni zamanda, yerli sahibkarlığın inkişafı üçün də əməli-praktik işlər görürük. Biz bu il Sahibkarlığa Kömək Milli Fondundan veriləcək kreditlərin məbləğini artırdıq. Azərbaycanın gəlirlərinin müəyyən hissəsini biz neftin ixracı ilə təmin edirik və bildiyiniz kimi, son vaxtlar dünyada neftin qiyməti 3–4 dəfə aşağı düşmüşdür. Buna baxmayaraq, büdcədən sahibkarlara kömək məqsədi ilə ayrılan vəsaitin həcmi böyük dərəcədə artır. Artıq bu kreditlər verilməyə başlanmışdır və əminəm ki, onların hesabına yerli sahibkarlar yeni müəssisələr yaradacaq, yeni imkanlar əldə edəcək və ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini verəcəklər.

Biz növbəti illərdə də bu siyasətə sadiq qalacağıq. Azərbaycanda özəl sektorun inkişafı üçün lazımi tədbirlər bundan sonra da görüləcəkdir. Bu yaxınlarda qəbul olunmuş və növbəti beş ili əhatə edən inkişaf proqramı təsdiq edilibdir. Bu proqram çox ciddi sənəddir. Orada inkişafın əsas istiqamətləri müəyyən olunub, lazımi tədbirlərin görülməsi təmin edilibdir. Proqramda hər şey açıq-aydın göstərilibdir – kim, nə vaxt, necə, hansı işi görməlidir. Beləliklə, mən şübhə etmirəm ki, növbəti beşillik proqramın icrası nəticəsində Azərbaycanın qarşısında duran əsas, ciddi sosial və iqtisadi problemlər tamamilə öz həllini tapacaqdır.

Biz iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, əlbəttə ki, sosial məsələlərin həlli ilə də ciddi məşğuluq. Bu, bizim siyasətimizin əsas istiqamətlərindən biri olmuşdur. Bir daha bunu demək istəyirəm ki, biz xalq üçün yaşayırıq, xalq üçün işləyirik və elə etməliyik ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın. Bunu etmək üçün, əlbəttə ki, keçən beş il ərzində dəfələrlə maaşlar artırılmışdır, minimum əmək haqqı, minimum pensiyanın səviyyəsi dəfələrlə artırılmışdır. Bunu biz növbəti illərdə də edəcəyik.

Sosial infrastrukturun inkişafına böyük vəsaitlər qoyuldu, 2 minə yaxın yeni məktəb, yüzlərlə yeni xəstəxana, tibb, mədəniyyət ocaqları tikildi. Yəni bu sahə heç vaxt diqqətdən kənarda qalmamalıdır. Bizim bugünkü müzakirəmizin, demək olar ki, əsas mövzusu iqtisadi məsələlərlə bərabər, sosial məsələlər olacaqdır. Xüsusilə böhranlı vəziyyətdə bunun əhəmiyyəti artır. Çünki böhranlı vəziyyətdə bəziləri daha çox iqtisadi imkanlar barədə düşünürlər, bəziləri daha çox maliyyə resurslarının qıtlığı haqqında düşünürlər. Əlbəttə ki, bu, bizi də düşündürür və bu istiqamətdə bütün lazımi tədbirləri görürük. Ancaq bu, ona gətirib çıxarmamalıdır ki, sosial məsələlər yaddan çıxsın. Ona görə bu il və növbəti illərdə bu istiqamətdə bütün qəbul edilmiş proqramlar, layihələr icra olunmalıdır və beləliklə, biz Azərbaycan xalqının daha da yaxşı yaşamasını təmin edəcəyik.

Bizim uğurlu siyasətimiz artıq özünü göstərdi, özünü sübut etdi. Həm bölgədə yaşanan siyasi qarşıdurmalar, həm bu gün yaşanan iqtisadi-maliyyə böhranı Azərbaycana ən az səviyyədə təsir edə bilmişdir. Bunun da səbəbləri aydındır. Bu barədə mən öz fikirlərimi söylədim. Əminəm ki, bizim düşünülmüş və milli maraqlar əsasında qurulmuş siyasətimiz Azərbaycanı növbəti illərdə də böyük uğurlara gətirib çıxaracaq, Azərbaycanın bölgədəki mövqelərini daha da möhkəmləndirəcək, bizim təsir imkanlarımız daha da artacaqdır.

Bu barədə keçən beş il ərzində mən müxtəlif tədbirlərdə öz fikirlərimi söyləmişdim. Bu gün də bunu vurğulamaq istəyirəm, xüsusilə ona görə ki, həyat bizim sözlərimizi təsdiq etdi. Azərbaycan müstəqil siyasət aparır. Azərbaycanın bölgədəki təsir imkanları artır. Bunu biz özümüz, öz siyasətimizlə, öz cəsarətli addımlarımızla təmin etmişik. Ölkədə yaşanan vətəndaş həmrəyliyi müstəqil siyasətin aparılmasına ən böyük güc verən amildir.

Bu gün bölgədə gedən proseslər, əlbəttə ki, Azərbaycanın önəmini daha da artırır. Biz nəinki bu proseslərin iştirakçısıyıq, həm də bəzi təşəbbüslərin müəllifiyik. Həm iqtisadi, həm nəqliyyat, energetika sahəsində, həm də siyasi məsələlərin həllində Azərbaycanın mövqeyi mütləq nəzərə alınmalıdır və alınır. Azərbaycanın iştirakı olmadan bölgədə nə iqtisadi, nə siyasi addımlar atıla bilməz, Azərbaycanın milli maraqları təmin olunmadan bölgədə geniş mənada əməkdaşlıq mümkün deyildir. Bu, reallıqdır və bu reallıqları biz özümüz yaratmışıq.

Bu gün Azərbaycan o ölkədir ki, bizim sözümüzlə, bizim maraqlarımızla hesablaşırlar və o ölkədir ki, bölgədə sabitləşdirici rolunu oynayır və bu rol getdikcə artmaqdadır. Əgər kiməsə bu, aydın deyildisə, hesab edirəm ki, indi bölgənin imkanları ilə tanış olan hər bir kəsə bu, açıq-aydın bəllidir. Əlbəttə ki, bizim həm siyasi çəkimiz, həm iqtisadi gücümüz, həm də mühüm ölkə kimi önəmimiz artdıqca, təsir imkanlarımız da genişlənəcəkdir. Bizim xarici ölkələrlə çox səmərəli əməkdaşlığımız var və dünyada Azərbaycanın dostları artır. Biz bunu beynəlxalq tədbirlərdə, beynəlxalq təşkilatlarda əməkdaşlıqda görürük. Regional əməkdaşlıq məsələlərində Azərbaycan həmişə çox konstruktiv rol oynamışdır. Həmişə çalışmışdır ki, bütün ölkələrlə yaxşı münasibətlərdə olsun və öz milli maraqlarını maksimum dərəcədə təmin edə bilsin.

Bir sözlə, bu ilin üç ayı bir daha göstərdi ki, bizim siyasətimiz düzgün siyasətdir. Bu siyasət Azərbaycanı qoruyur, Azərbaycan xalqına xeyir gətirir, bu siyasət Azərbaycan dövlətini, Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir.

Bu gün biz bu məsələlər ətrafında məruzələr eşidəcəyik və ilk növbədə, söz verilir iqtisadi inkişaf naziri Şahin Mustafayevə.

 

 

      Azərbaycan.-2009.-23 aprel.-S.1.