Azərbaycan Prezidenti İlham
Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına
həsr olunmuş iclası
keçirilmişdir
İqtisadi inkişaf naziri
Şahin Mustafayevin çıxışı
– Möhtərəm cənab
Prezident!
Hörmətli
müşavirə iştirakçıları!
Xalqımızın
ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi
strategiya 2003-cü ildən respublikaya inamla rəhbərlik edən
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Bu strategiyanın yeni dövrün tələblərinə
uyğun əhəmiyyətli dərəcədə zənginləşdirilməsi
milli iqtisadiyyatın regional və qlobal sınaqlara
dayanıqlığını artırmış, sosial-iqtisadi
islahatlarla müəyyən edilmiş məqsədlərə
nail olunmasını, o cümlədən həmin siyasətin əsasını
təşkil edən əhalinin sosial vəziyyətinin
yaxşılaşmasını təmin etmişdir.
Qlobal iqtisadi böhran əksər
ölkələrdə əsas makroiqtisadi göstəricilərin
pisləşməsi ilə, o cümlədən ümumi daxili
məhsulun və xarici ticarət dövriyyəsinin
azalması, işsizliyin kütləvi xarakter alması, ciddi
likvidlik çatışmazlığı kimi problemlərlə
müşahidə olunur. Lakin uğurlu neft
strategiyasının həyata keçirilməsi nəticəsində
ölkəmizdə əhəmiyyətli strateji valyuta
ehtiyatlarının yaradılması, konservativ xarici borclanma,
xarici maliyyə bazarlarından asılılığın
minimuma endirilməsi, manatın sabitliyinin təmin edilməsi
sayəsində qlobal iqtisadi böhran digər ölkələrlə
müqayisədə Azərbaycan iqtisadiyyatına əhəmiyyətli
dərəcədə təsir göstərməmişdir.
Təsadüfi deyildir
ki, həm beynəlxalq maliyyə təşkilatları, həm
də tanınmış reytinq agentlikləri və ekspertlər
Azərbaycan iqtisadiyyatının dünya maliyyə-iqtisadi
böhranına dayanıqlığını birmənalı
ifadə etmişlər. Belə ki, Dünya Bankı mart
ayında tərtib etdiyi İqtisadi Memorandumda Azərbaycanın
başqa ölkələrlə müqayisədə qlobal
böhranı daha güclü mövqe ilə
qarşıladığını, böyük təsirlərə
məruz qalmayacağını və maliyyə sektorunun
böhrandan qaça bildiyini göstərmişdir. “Fitch
Ratings” agentliyi Avropanın 21 ölkəsindən 19-da ümumi
daxili məhsulun azalacağını, birində dəyişməyəcəyini
və yalnız Azərbaycanda iqtisadi artım
olacağını bildirmiş, Asiya İnkişaf Bankı isə
bu artımı 8 faiz proqnozlaşdırmışdır.
Möhtərəm cənab
Prezident!
Nazirlər Kabinetinin bu il
yanvarın 16-da keçirilmiş geniş iclasında
iqtisadiyyata yönəldilən resursların səmərəli
istifadəsi, investisiya layihələrinin prioritetliyinin müəyyən
edilməsi, sahibkarlığa dövlət dəstəyinin,
istehlak bazarına nəzarətin və antiinhisar tədbirlərinin
gücləndirilməsi, dövlət vəsaitlərindən
istifadə üzərində nəzarətin təkmilləşdirilməsi
Sizin tərəfinizdən qlobal maliyyə-iqtisadi
böhranın Azərbaycana təsirinin azaldılması
istiqamətində əsas tədbirlər kimi müəyyən
edilmişdir. Bu tədbirlərin həyata keçirilməsi,
eləcə də əvvəlki illərdə
aparılmış uğurlu siyasət nəticəsində
cari ilin birinci rübündə də ölkə
iqtisadiyyatının dinamik inkişafı davam etmiş, hətta
qlobal iqtisadi böhran şəraitində Azərbaycanda
ümumi daxili məhsul 4,1 faiz, o cümlədən qeyri-neft
sektoru üzrə 13,7 faiz artmışdır.
Neft hasilatında texniki
səbəblərlə əlaqədar sənaye məhsulu
istehsalının həcmi keçən ilin müvafiq
dövrü ilə müqayisədə 2,2 faiz azalsa da,
qeyri-neft sənayesində 1,4 faiz artım olmuşdur.
Həyata
keçirilmiş tədbirlər nəticəsində kənd
təsərrüfatı məhsullarının istehsalı 4,3
faiz, ümumi yük daşımalarının həcmi 1,1
faiz, qeyri-neft yük daşımalarının həcmi 5 faiz,
pərakəndə əmtəə dövriyyəsi 10 faiz,
pullu xidmətlərin həcmi 20,5 faiz artmışdır.
İqtisadiyyata inflyasiya
təzyiqləri azalaraq, keçən ilin müvafiq
dövrü ilə müqayisədə 8,3 faiz təşkil
etmiş, ilin əvvəlindən isə istehlak qiymətləri
indeksi 2,1 faiz azalmışdır.
Yanvar–fevral aylarında
xarici ticarət dövriyyəsi ötən ilin müvafiq
dövrü ilə müqayisədə 13,3 faiz artaraq, 2 milyard
418 milyon dollar təşkil etmişdir. Xüsusilə qeyd etmək
lazımdır ki, bu dövrdə ixracın həcmi 1 milyard
492 milyon dollar olmaqla 24,6 faiz artmış, idxalın həcmi
isə 1 faiz azalmışdır.
Xarici ticarət
dövriyyəsində 566 milyon dollarlıq müsbət saldo
yaranmışdır ki, bu da ölkənin valyuta
ehtiyatlarının və manatın sabitliyinin təmin edilməsində
mühüm rol oynayır.
Cari ilin birinci
rübündə dövlət büdcəsinin gəlirləri
2 milyard 522 milyon manat və ya 92 faiz yerinə yetirilməklə
ötən ilin eyni dövrü ilə müqayisədə 537,6
milyon manat və ya 27,1 faiz çox olmuşdur.
Dövlət büdcəsinin
xərcləri 2 milyard 345 milyon manat və ya 97,9 faiz icra
edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü
ilə müqayisədə 972 milyon manat və ya 70,8 faiz
çoxdur.
Əhalinin sosial
müdafiəsinin gücləndirilməsi tədbirləri
davam etdirilmiş və bu məqsədlə dövlət
büdcəsinin xərcləri ötən ilin eyni
dövrü ilə müqayisədə 42,6 faiz və ya 245
milyon manat artırılaraq 820 milyon manat təşkil
etmişdir. Bu isə ümumi büdcə xərclərinin 35
faizinə bərabərdir.
Məqsədyönlü
sosial siyasət nəticəsində əhalinin gəlirləri
25 faiz, onun adambaşına düşən həcmi 19,6 faiz,
orta aylıq əmək haqqı 26,5 faiz artmışdır.
Son aylar ərzində qiymətlərin aşağı
düşməsi də əhalinin real gəlirlərinin və
alıcılıq qabiliyyətinin artmasına müsbət təsir
göstərmişdir.
Əsas kapitala yönəldilmiş
investisiyalar 15,2 faiz, o cümlədən qeyri-neft sektoru üzrə
72,3 faiz artmışdır. Dövlət büdcəsindən
investisiya layihələrinin maliyyələşdirilməsinə
yönəldilən vəsaitlərin həcmi daha da artaraq,
rüb ərzində 1 milyard 79 milyon manat təşkil
etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə
müqayisədə 1,9 dəfə və ya 521 milyon manat
çoxdur.
Hazırkı qlobal
iqtisadi böhran şəraitində investisiya
qoyuluşları, eləcə də onun sahəvi və
regional strukturunun düzgün müəyyən edilməsi
mühüm əhəmiyyət kəsb edir.
Böhran şəraitində
dünya ölkələri arasında məhdud investisiya
resursları uğrunda rəqabətin daha da gücləndiyi
bir vaxtda Azərbaycanda mövcud olan siyasi və iqtisadi sabitlik
investorların ölkəmizə marağını əhəmiyyətli
dərəcədə artırmışdır. Rüb ərzində
6 ölkənin iş adamlarının iştirakı ilə təşkil
edilmiş biznes forumlar, eləcə də işçi qaydada
keçirilmiş görüşlər bunu təsdiq edir.
70 faizini xarici mənbələrdən
cəlb edilmiş vəsaitlər hesabına həyata
keçirilən və ümumi dəyəri 350 milyon avroya
yaxın olan “Qaradağsement” Səhmdar Cəmiyyətinin
müasir texnologiyalar əsasında yenidən
qurulmasının, cənab Prezident, bu günlərdə Sizin
iştirakınızla təməlinin qoyulması buna
sübutdur. Bu layihə çərçivəsində 30-dək
yerli şirkətin cəlb edilməsi, 1100-dək iş yerinin
açılması və ekoloji vəziyyətin əhəmiyyətli
dərəcədə yaxşılaşması gözlənilir.
Bununla yanaşı,
regionlarda sənaye, tikinti, məişət, yeyinti və kənd
təsərrüfatı məhsullarının istehsalı və
emalı sahəsində 60-a yaxın müəssisənin
tikintisi aparılır ki, bu müəssisələrdə də
15 mindən çox yeni iş yerləri
açılacaqdır. İnvestisiyaların cəlb edilməsi
sahəsində dövlət tərəfindən aparılan məqsədyönlü
tədbirlər çərçivəsində Azərbaycan
İnvestisiya Şirkətinin fəaliyyəti genişləndirilmiş,
Küveyt Maliyyə Evi ilə “Küveyt–Azərbaycan
İnvestisiya Şirkəti” Səhmdar Cəmiyyəti
yaradılmışdır.
Sahibkarlığa
dövlət dəstəyinin artırılması və şəffaflığın
təmin edilməsi məqsədi ilə Sahibkarlığa
Kömək Milli Fondunun fəaliyyəti yeni tələblərə
uyğun təkmilləşdirilir, iş adamlarının
güzəştli kredit almaq şərtləri sadələşdirilir,
süni maneələr aradan qaldırılır və beynəlxalq
auditin keçirilməsi planlaşdırılır. Bunun nəticəsində
rüb ərzində istehsal və emal sahələri üzrə
99,5 faizi regionlarda olmaqla, 200 sahibkarlıq subyektinin 9,7 milyon
manat məbləğində investisiya layihəsi maliyyələşdirilmişdir.
Ötən ilin müvafiq dövrünə nisbətən
verilmiş kreditlərin məbləği 2 dəfə,
investisiya layihələrinin sayı isə 3,6 dəfə
artmışdır.
Sahibkarların maarifləndirilməsi
işinin təşkili üçün regionlarda Bakı
Biznes Tədris Mərkəzinin filialları
yaradılmış və investisiya layihələrinin tərtib
edilməsi və fondun vəsaitlərindən istifadə
qaydalarına dair Lənkəran, Şəki, Sumqayıt,
Horadiz və Göyçayda seminarlar keçirilmişdir. Bu tədbirlərin
bütün regionlarda mütəmadi olaraq həyata
keçirilməsi biznes fəaliyyətinin ölkənin
inkişaf prioritetlərinə
uyğunlaşdırılmasına, layihələrin keyfiyyətinin
yüksəlməsinə müsbət təsir göstərəcək
və ikinci rübdə verilən güzəştli kreditlərin
həcminin 50 milyon manata çatdırılmasına imkan verəcəkdir.
Eyni zamanda, sahibkarların güzəştli kreditlərə
artan tələbatının ödənilməsi məqsədi
ilə Dünya Bankı və OPEK Fondu ilə
danışıqlar aparılır.
Biznes mühitinin daha da
yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin
dövlət tənzimlənməsinin təkmilləşdirilməsi
və ixracyönümlü müəssisələrin dəstəklənməsi
istiqamətində dövlət tərəfindən həyata
keçirilən tədbirlər davam etdirilir. Bu tədbirlər
çərçivəsində 60-a yaxın iri qeyri-neft
ixracatçıları ilə görüş
keçirilmiş, eyni zamanda, işçilərinin sayı
100 nəfərdən çox olan 200-dən artıq iri müəssisənin
mövcud vəziyyəti haqqında toplanmış məlumatlar
təhlil edilir. İlkin təhlillər göstərir ki, son 6
ayda əmək haqqı bu müəssisələrin 47 faizində
artmış, 51 faizində dəyişməmiş, 2 faizində
isə azalmışdır. Müəssisələrin 57 faizi
cari ildə investisiya qoyuluşunu planlaşdırır.
Sahibkarlığın
inkişafına dövlət dəstəyinin
artırılması məqsədi ilə aparılan
bütün yoxlamaların və icazələrin elektron
qeydiyyat sisteminin, eləcə də sorğuların cavablandırılması
üzrə telefon-məlumat mərkəzinin yaradılması
istiqamətində işlərin həyata keçirilməsinə
başlanılmışdır.
Sahibkarlıq fəaliyyətinin
qanunvericilik bazasının təkmilləşdirilməsi davam
etdirilmiş, “Rəqabət Məcəlləsi”nin layihəsi
üçüncü oxunuşda müzakirə
üçün hazırlanmış və “Xüsusi iqtisadi
zonalar haqqında” Qanun Milli Məclisdə qəbul
edilmişdir. Xüsusi iqtisadi zonaların yaradılması
sahibkarlığın inkişafına müsbət təsir
göstərməklə yanaşı, iqtisadiyyata əlavə
investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin
yaradılmasına, məşğulluğun və əhalinin
gəlirlərinin artmasına imkan yaradacaqdır.
Bununla yanaşı, nəqliyyat
infrastrukturunun modernləşdirilməsi sahəsində
aparılmış ardıcıl işlər, o cümlədən
cənub, şimal və qərb istiqamətlərində
tikilmiş beynəlxalq standartlara cavab verən yollar və iri
infrastruktur obyektləri, eləcə də yeni terminallar və
loqistik mərkəzləri yaratmaqla bu sahədəki
potensialdan səmərəli istifadə Azərbaycanın
tranzit ölkə kimi əhəmiyyətini daha da
artıracaqdır.
Ölkənin ərzaq təhlükəsizliyinin
təmin edilməsi və əhalinin məşğulluğu
baxımından kənd təsərrüfatının
xüsusi əhəmiyyətini nəzərə alaraq, aqrar
sektora dövlət dəstəyi davam etdirilmiş, bu sahəyə
tətbiq edilən vergi güzəştlərinin müddəti
növbəti dəfə uzadılmışdır. Bundan əlavə,
subsidiyaların verilməsi mexanizminin və “Aqrolizinq” ASC-nin fəaliyyətinin
təkmilləşdirilməsi, tədarük sisteminin, xarici
investorların iştirakı ilə aqroservis və
aqrofermaların yaradılması istiqamətində müvafiq
tədbirlər həyata keçirilir. İnhisarçılığın
və haqsız rəqabətin qarşısının
alınması məqsədi ilə əmtəə
bazarlarına giriş maneələrinin və
ayrı-seçkilik hallarının, təbii inhisar subyektlərinin
inhisarçılıq hərəkətlərinin
qarşısı alınmış, sənaye mülkiyyəti
hüquqlarının pozulması yolu ilə buraxılan
malların istehsalının və satışının
aradan qaldırılması istiqamətində tədbirlər
həyata keçirilir.
İstehlakçıların
hüquqlarının müdafiəsi, istehlak bazarının
saxta, keyfiyyətsiz, təhlükəli mallardan qorunması və
süni qiymət şişirtmələrinin
qarşısının alınması məqsədi ilə
mütəmadi monitorinqlər keçirilir, nəticələri
təhlil olunaraq müvafiq tədbirlər görülür.
Möhtərəm cənab
Prezident!
Bütün sahələrdə
əldə olunmuş nailiyyətlər zamanın
sınağından uğurla çıxmış və
xalqımızın layiqli həyat səviyyəsinin təmin
edilməsində alternativsiz siyasətinizin tərkib hissəsi
olan yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi
inkişafı, əhalinin ərzaqla etibarlı təminatı
və ərzaq təhlükəsizliyi ilə bağlı qəbul
edilmiş dövlət proqramlarında nəzərdə
tutulmuş kompleks tədbirlərin sistemli və vaxtında
yerinə yetirilməsi nəticəsində mümkün
olmuşdur.
Sizin bir neçə
gün öncə təsdiq etdiyiniz “Azərbaycan
Respublikası regionlarının 2009– 2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
uğurlu icrası, ölkədə qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsini,
iqtisadiyyatın şaxələndirilməsini, tarazlı
regional və davamlı sosial-iqtisadi inkişafı və əhalinin
həyat səviyyəsinin daha da
yaxşılaşdırılmasını təmin edəcəkdir.
Diqqətinizə görə minnətdaram.
Azərbaycan.-2009.-23 aprel.-S.2.