Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir

 

Səhiyyə naziri Oqtay Şirəliyevin çıxışı

 

– Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün uğurla davam etdirilən sosial yönümlü siyasətin tərkib hissəsi olan insanların sağlamlığının qorunması dövlətimizin rəhbərinin daim diqqət mərkəzindədir. Başqa sahələrdə olduğu kimi, səhiyyə sahəsində də irimiqyaslı layihələr, görülən tədbirlər, ilk növbədə, ən vacib istiqamətlərə yönəldilir. Onlardan biri yeni tibb müəssisələrinin yaradılması, onların maddi-texniki bazasının gücləndirilməsidir.

Son illər elə ay olmayıb ki, ölkəmizin başçısı hansısa tibb müəssisəsində olmasın. O, həm yeni səhiyyə ocaqlarının təməlqoyma mərasimlərində iştirak edir, həm tikinti meydançasına gələrək inşaat işlərinin gedişi ilə maraqlanır, həm də açılış mərasimlərində şəxsən iştirak edərək öz xeyir-duasını verir. Məhz cənab Prezidentin bu diqqətinin nəticəsidir ki, son 5 ildə 300-ə yaxın tibb müəssisəsi tikilərək, yaxud əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilmişdir.

Tibb müəssisələrinin tikinti və yenidənqurma işləri ilə yanaşı, onların təchizat məsələlərinə də böyük önəm verilir. Uzun illər ərzində tibb müəssisələrinin böyük əksəriyyətində müasir tələblərə cavab verməyən avadanlıqdan istifadə olunurdu. Bu da öz növbəsində müalicə-diaqnostika prosesinin təşkilinə mənfi təsir göstərirdi. İndi bu vəziyyət kökündən dəyişir, günün tələblərinə cavab verən ən müasir cihaz və avadanlıq alınır.

Əgər bir neçə il bundan əvvəl ağır xəstənin diaqnozunu dəqiqləşdirmək üçün onu mütləq paytaxta gətirmək lazım gəlirdisə, hazırda ölkənin ən uzaq regionlarında da müasir müalicə-diaqnostika mərkəzləri və xəstəxanalar tikilib insanların istifadəsinə verilmişdir. Nəticədə, bölgələrdə də səhiyyə xidmətinin keyfiyyəti artmışdır. Bunu statistik göstəricilər də təsdiq edir. Regionlarda fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının və təchizatının yaxşılaşdırılması nəticəsində rayonlardan Bakıya gələn xəstələrin sayı ötən illə müqayisədə 30 faizə qədər azalmışdır.

Qeyd etmək lazımdır ki, tibb xidmətinin keyfiyyətinin əhəmiyyətli dərəcədə artmasında səhiyyənin ən ağrılı problemlərinin həllinə yönəldilmiş dövlət proqramları da çox böyük rol oynayır.

Cənab Prezidentin Ehtiyat Fondundan ayrılan 16 milyon manat vəsait hesabına Respublika Klinik Uroloji Xəstəxanasında müasir böyrəkköçürmə mərkəzinin yaradılması xroniki böyrək çatışmazlığı probleminin əsaslı surətdə həll edilməsi deməkdir. Müstəqil Azərbaycanda transplantologiyanın əsasını qoyan böyrəkköçürmə mərkəzində işlər praktiki olaraq yekunlaşmış və o, bu günlərdə açılacaqdır.

Talassemiya xəstələrinin qabaqcıl dünya təcrübəsinə uyğun müalicəsi üçün Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə dəstəyi ilə hazırda Talassemiya Mərkəzinin də tikintisi və təchizat işləri başa çatdırılmış və o da bu yaxınlarda istifadəyə veriləcəkdir.

İrsi qan xəstəliklərindən əziyyət çəkən insanların donor qanına ehtiyacı problemi də artıq həll olunmuşdur. Belə ki, əvvəllər qan ehtiyatının, demək olar ki, 90 faizi ödəniş müqabilində, ancaq bir qrup donordan alınırdı. Onu saxlamaq üçün avadanlıq olmadığından, qanın xeyli hissəsi yararsız vəziyyətə düşürdü. İndi bu problem də həll edilmiş, tədarük olunan qanın miqdarı əhəmiyyətli dərəcədə artmışdır. Bütün ölkə üzrə qanvermə aksiyaları təşkil olunur, qan ehtiyacının əksər hissəsi könüllü donorlar tərəfindən ödənilir. Qanın təhlükəsizliyinə, lazımi şəraitdə saxlanmasına ciddi nəzarət edilir.

Xəstəxanaların dərman təchizatı problemi də ardıcıllıqla həll olunur. Keçən illə müqayisədə bu il dərman xərclərinə ayrılan vəsait 28 faiz artırılmışdır.

Nəticədə, həm dövlət proqramları ilə əhatə olunan şəkərli diabet, böyrək çatışmazlığı, onkoloji və digər xroniki xəstəliklərdən əziyyət çəkən insanlar həyati vacib preparatlarla tam təmin olunur, həm də dövlət xəstəxanalarında müalicə olunan pasiyentlərin ən vacib dərmanlarla dövlət hesabına təminatına şərait yaranır.

Əhalinin dərman təhlükəsizliyinə də ciddi nəzarət edilir. Əgər əvvəllər nazirliyin ekspertiza mərkəzinə dərmanların keyfiyyəti ilə bağlı yüzlərlə şikayət daxil olurdusa, indi belə hallara tək-tək rast gəlinir.

Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, dərmanlarla və avadanlıqla təchizat, ilk növbədə, maliyyə vəsaitinin artırılması ilə bağlıdır. Son 5 ildə büdcədən səhiyyə xərclərinə ayrılan vəsait 5 dəfəyədək artırılaraq, cari il üçün 508,9 milyon manat nəzərdə tutulmuşdur. Məhz bunun nəticəsində səhiyyə sahəsində nəzərəçarpacaq irəliləyişə nail olunmuşdur.

Tibb elminin yeni nailiyyətləri, yeni aparatların tətbiqi, səhiyyə sahəsində çalışan insanlara tələbi yüksəldir. Tibb işçilərinin dünya təcrübəsi ilə tanışlığı məqsədi ilə son 3 ildə 130 həkim xarici ölkələrdə treninq və seminarlarda iştirak etmişdir. Hazırda cənab Prezident tərəfindən göstəriş verilib ki, Azərbaycan həkimlərinin böyük bir qrupu dövlət vəsaiti hesabına təcrübələrini artırmaq məqsədi ilə Almaniya, Avstriya, İsveç kimi Avropa ölkələrinin ən tanınmış klinikalarına göndərilsinlər.

Möhtərəm cənab Prezident!

Sizin bu qərarınız həm hər bir həkimin arzusu olan, amma xəyal kimi görünən bir istəyin həyata keçməsinə imkan yaradır, həm də Azərbaycanın tibb elminə və səhiyyəsinə əvəzsiz bir hədiyyədir.

Kadr məsələsində digər vacib problem çarpayı fondunun yeni normativlərinin və həkim ixtisaslarının yeni nomenklaturasının qəbul edilməsi olmuşdur.

Ötən ilə qədər bu məsələlər sovet dövründən qalan, artıq mənəvi cəhətdən köhnəlmiş, müasir tələblərə cavab verməyən sənədlərlə tənzimlənirdi. Əslində, əhalinin tibb işçiləri və xəstəxana çarpayıları ilə təminatı üzrə yeni normativlər ölkə səhiyyəsinin strukturunun kökündən dəyişməsi demək idi. İndi tibb işçilərinin sayı tibb müəssisələrində çarpayı sayı ilə deyil, əhalinin sayı ilə müəyyən olunur. Yeni normativlər imkan verir ki, yaşayış məntəqələrində, hətta ən ucqar kənddə də insanların sağlamlığı tibb işçilərinin nəzarətində olsun.

Ölkə səhiyyəsindən danışarkən uşaqların sağlamlığını xüsusi qeyd etmək lazımdır. Ümummilli lider Heydər Əliyev deyirdi ki, “Uşaqların sağlamlığının qorunması hər bir dövlət üçün çox böyük və müqəddəs vəzifədir”. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu il “Uşaq ili” elan edilmişdir. Bununla bağlı nəzərdə tutulan müxtəlif tədbirlər sırasında uşaq müəssisələrində kütləvi tibbi müayinələrin aparılması, uşaqlarda yoluxucu xəstəliklərin immunoprofilaktikası işinin təkmilləşdirilməsi, irsi qan xəstəliklərinə düçar olmuş və sağlamlıq imkanları məhdud uşaqlara qayğı məsələləri də öz əksini tapmışdır.

Uşaqlarda yoluxucu xəstəliklərin immunoprofilaktikası işinin təkmilləşdirilməsi sahəsində xeyli işlər görülmüşdür. Bu sahədə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ilin birinci rübündə idarəolunan yoluxucu uşaq xəstəliklərindən poliomielit, qızılca, məxmərək xəstəlikləri qeydə alınmamış, difteriya ilə xəstələnmə dinamik şəkildə azalaraq praktiki surətdə ləğv səviyyəsinə enmişdir.

Körpələrin sağlamlığı ilə bağlı ən mühüm məsələlərdən biri perinatal mərkəzlərin yaradılmasıdır. Ötən ilin sonlarında Gəncə Perinatal Mərkəzinin açılışı ilə ölkə üzrə 7 perinatal mərkəzin istifadəyə verilməsi prosesi başlanmışdır. Bu il Bakıda və Lənkəranda da belə mərkəzlər açılacaqdır.

Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Uşaq Kardiocərrahiyyə Mərkəzinin təşkili üçün ayrılan vəsait, ölkə rəhbərinin iştirakı ilə Yevlax Uşaq Xəstəxanasının açılması, bu yaxınlarda Hacıqabulda istifadəyə veriləcək uşaq xəstəxanası – ölkəmizdə uşaq tibb müəssisələrinə yetirilən diqqət və qayğıya əyani sübutdur.

Qeyd etmək lazımdır ki, son 5 ildə Səhiyyə Nazirliyinə müalicə ilə bağlı daxil olan şikayət ərizələrinin sayı iki dəfədən çox azalmışdır.

Səhiyyə xidmətlərinin keyfiyyətinin artmasını əhali arasında keçirilən sosioloji araşdırmalar da təsdiq edir. Belə ki, Dövlət Statistika Komitəsi ölkədə fəaliyyət göstərən tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin keyfiyyəti, onların dərman və avadanlıqla təminatı barədə müstəqil sosioloji sorğu aparmışdır. Bu zaman dövlət xəstəxanalarında müalicə olunan 13 minə yaxın xəstənin tibbi xidmətlərin keyfiyyətinə dair rəyi öyrənilmişdir. Respondentlərin 95 faizi tibbi xidmətlərdən razı qaldığını və müalicə edən həkimə etibar etdiyini bildirmişdir.

Möhtərəm cənab Prezident!

Azərbaycanın tibb ictimaiyyəti Sizin insanların sağlamlığının qorunması sahəsində həyata keçirdiyiniz siyasəti, qarşımızda qoyduğunuz vəzifələri yerinə yetirmək üzrə səylərini bundan sonra da əzmlə davam etdirəcəkdir.

Diqqətinizə görə minnətdaram. 

 

 

Azərbaycan.-2009.-23 aprel.-S.2-3.