Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu
ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına
həsr olunmuş iclası keçirilmişdir
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın
çıxışı
– Möhtərəm cənab
Prezident!
Hörmətli
müşavirə iştirakçıları!
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi
strategiyanın Sizin uğurlu rəhbərliyiniz altında məqsədyönlü
surətdə həyata keçirilməsi nəticəsində
bu gün respublikamız milli intibah dövrünün növbəti
şərəfli mərhələsini yaşayır. Əldə
edilmiş mühüm siyasi və iqtisadi uğurlar cəmiyyət
həyatının bütün sahələrində
güclü inkişafı şərtləndirir. Son illər
önəmli qanunlar, dövlət proqramları qəbul
olunmuşdur. Azərbaycanda reallaşdırılan hər bir
dövlət proqramının mərkəzində insan, onun
rifahı, gələcək nəslin inkişafına
qayğı durur. Mövcud potensial sosial siyasətin prioritet
istiqamətini təşkil edən ailə, qadın və
uşaq problemlərinin həlli üçün etibarlı zəmindir.
Üç il əvvəl
Sizin Fərmanınızla Azərbaycan Respublikasının Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin yaradılması və komitə
üçün ayrılan büdcə vəsaitlərinin 3 dəfədən
çox artması, əməkdaşların sayının isə
20-dən 68-ə çatdırılması fəaliyyət
imkanlarımızı əhəmiyyətli dərəcədə
genişləndirməklə yanaşı, məsuliyyətimizi
daha da artırmışdır.
Hörmətli cənab
Prezident!
Sizin dəyərli nitqlərinizdə
ailələrin sosial müdafiəsinin gücləndirilməsi,
uşaq və yeniyetmələrin həm fiziki, həm də mənəvi
cəhətdən güclü nəsil kimi
formalaşdırılması zərurətinin
vurğulanması bütün cəmiyyəti bu istiqamətdə
səfərbər edir.
Cari ilin əvvəlinə
olan məlumata görə, respublikamızda 1 milyon 831 min 100
ailə vardır. Son 5 ildə yoxsulluq səviyyəsinin 49
faizdən 13 faizə endirilməsi, 766 min yeni iş yerinin
yaradılması, əhalinin pul gəlirlərinin təkcə
2008-ci ildə 36 faiz artması bütün vətəndaşların,
hər bir ailənin sosial rifahının yüksəldilməsini
şərtləndirir.
Ailənin
inkişafı üçün hərtərəfli şəraitin
yaradılmasına, həssas qruplardan olan ailələrin
problemlərinin həllinə xüsusi önəm verilir.
Daim qeyd etdiyiniz kimi,
Şərq və Qərb dəyərlərini özündə
birləşdirən Azərbaycan ailə modelinin möhkəmləndirilməsi
və təbliği dövlət siyasətinin prioritet istiqamətlərindən
birini təşkil edir. Prinsipial göstərişlərinizi rəhbər
tutaraq, komitə bu sahədə ardıcıl fəaliyyət
həyata keçirir. Hər il komitə tərəfindən təşkil
olunan “Ailə bayramı”nda nümunəvi ailələrin
seçilməsi artıq respublikamızda ənənəyə
çevrilmişdir, bu il isə “Azərbaycan ailəsi”
adlı filmlər festivalına start verilməsi daha bir
mühüm yenilikdir.
Möhtərəm cənab
Prezident!
Dağlıq Qarabağ
münaqişəsi nəticəsində ciddi sosial-psixoloji
çətinliklərlə qarşılaşan
qaçqın və məcburi köçkün ailələrinə
daimi diqqətiniz, bu istiqamətdə son illər Sizin tərəfinizdən
45 fərman və sərəncamın imzalanması sayəsində
həmin insanların bir çox problemləri artıq öz həllini
tapmışdır. Komitənin fəaliyyətinin əsas
istiqaməti həssas qruplardan olan ailələrə sadəcə
yardım göstərmək deyil, onları respublikanın
ictimai həyatına cəlb etməkdir. Bununla əlaqədar,
qaçqın və məcburi köçkün ailələrindən
olan beş yüzə yaxın yeniyetmə xarici dil, kompyuter və
peşə kurslarında təlim keçmişdir. 2006-cı
ildə təsdiq etdiyiniz “Gender (kişi və
qadınların) bərabərliyinin təminatları
haqqında” Qanun respublikada bərabər imkanların təmin
edilməsi sahəsində mühüm addım olmuşdur. Azərbaycan
az sayda ölkələrdən biridir ki, son iki ildə dövlət
büdcəsindən gender və məişət
zorakılığı problemlərinin həllinə
xüsusi vəsait ayırır. Bu önəmli fakt xarici
ekspertlər tərəfindən müsbət nümunə
kimi tez-tez vurğulanır.
Cənab Prezident, ölkəmizdə
əhalinin 51 faizini təşkil edən Azərbaycan
qadınları ictimai-siyasi proseslərdə, o cümlədən
seçkilərdə fəal iştirak edir, özlərinin vətəndaş
mövqeyini nümayiş etdirirlər. Dövlət və idarəetmə,
hüquq mühafizə orqanlarında, elm və mədəniyyət,
sahibkarlıq, habelə idmanın müxtəlif sahələrində
qadınların sayı ilbəil artır. Ölkəmizdə
100-ə yaxın qadın qeyri-hökumət təşkilatı
fəaliyyət göstərir və bu şəbəkənin
genişlənməsi və möhkəmlənməsi
xüsusilə diqqətəlayiqdir.
Çox hörmətli
cənab Prezident!
Sizin dəstəyinizlə
ötən il sentyabrın 26-da keçirilmiş və iki minə
yaxın nümayəndənin təmsil olunduğu Azərbaycan
qadınlarının III qurultayı dövlət qadın
siyasətinin əsas istiqamətləri üzrə
görülən işlərə müsbət qiymət verməklə,
bu sahədə qarşımızda yeni vəzifələr
müəyyən etmişdir.
Qurultay
iştirakçılarına ünvanladığınız
müraciət və bir sıra görkəmli
qadınların yüksək dövlət mükafatları ilə
təltif edilməsi respublika qadınları tərəfindən
dərin minnətdarlıq hissi ilə
qarşılanmışdır. Qurultay ərəfəsində
respublikanın bütün bölgələrində, habelə
sahələr üzrə keçirilən konfranslar ölkə
qadınlarının, möhtərəm cənab Prezident,
Sizin həyata keçirdiyiniz siyasi kursa fəal dəstəyini
bir daha nümayiş etdirdi.
Qurultayda Azərbaycan
Respublikasının birinci xanımı, hörmətli Mehriban
Əliyevanın iştirakı ölkəmizdə qadın
siyasətinə yüksək diqqətin əyani ifadəsi
oldu.
Ümumiyyətlə,
özünün çoxşaxəli fəaliyyəti ilə
insanların dərin rəğbət və ehtiramını
qazanmış, ölkə qadınları tərəfindən
“Mərhəmət simvolu” seçilmiş Mehriban xanım Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondu ailə, qadın
və uşaq problemlərinin həllinə böyük dəstək
verir. Bu istiqamətdə reallaşdırılan layihələr
sırasında önəmli yer tutan və bir sıra
regionları əhatə edən “XXI əsrdə qadınlara
qarşı zorakılıq əleyhinə” layihə çərçivəsində
geniş maarifləndirmə kampaniyası həyata
keçirilir.
Bu gün bütün
dünyada məişət zorakılığı, qadın
alveri və qadınlar tərəfindən törədilən
cinayətlər ilə bağlı problemlər olduqca
aktualdır. Təəssüf ki, belə hallar, az miqyasda olsa
da, ölkəmizdə də mövcuddur. Yanlış dini
stereotiplərin təsiri altında yeniyetmə qızların
təhsildən uzaqlaşdırılması, erkən nikaha
daxil olması, bəzən qadınların ictimai həyatdan təcrid
edilməsi kimi mənfi hallar əsaslı narahatlıq
doğurur və bizdən bu istiqamətdə aparılan
işin daha da gücləndirilməsini tələb edir.
Möhtərəm cənab
Prezident!
Siz daim milli genofondumuzun
qorunub saxlanılması, gənc nəslin fiziki və mənəvi
inkişafı, uşaq hüquqlarının təmin edilməsi,
uşaqlara dövlət qayğısının
artırılması məsələlərinə həssaslıqla
yanaşırsınız. Dünyanı bürümüş
qlobal iqtisadi böhran fonunda 2009-cu ilin Azərbaycan
Respublikasında “Uşaq ili” elan edilməsinə görə
Sizə dərin minnətdarlığımızı
bildiririk. Təsdiqlədiyiniz tədbirlər planı çərçivəsində
bir çox mühüm məsələlər
sırasında Respublika Uşaq Məlumat Bankının
yaradılması da xüsusi yer tutur.
Fəaliyyətimizin əsas
istiqamətlərindən birini təşkil edən uşaq
evlərinin məzunlarının gələcək taleyi, kimsəsiz
və əlil uşaqlar, azyaşlılar arasında cinayətkarlıqla
bağlı problemlər “Uşaq ili” çərçivəsində
daha mühüm əhəmiyyət kəsb edir. Bu problemlər
Azərbaycanda faiz etibarilə nisbətdə az olsa da öz həllini
tapmalıdır.
Cənab Prezident!
Sizin uğurlu və
balanslaşdırılmış siyasətiniz Azərbaycanın
beynəlxalq nüfuzunu gündən-günə daha da möhkəmləndirir.
Bu amil ölkəmizin ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafına əlverişli şərait yaradır və bir çox ölkələrlə fəal təcrübə mübadiləsinə imkan verir. Azərbaycan Respublikasının qoşulduğu qadın və uşaq hüquqları üzrə Beynəlxalq konvensiyaların tövsiyələrini yerinə yetirməsi sahəsindəki fəaliyyəti BMT tərəfindən müsbət qiymətləndirilmişdir.
Bu gün respublikamızda ailə, qadın və uşaq problemləri ilə bağlı qanunvericiliyin inkişafına xüsusi önəm verilir. Ailə Məcəlləsinin təkmilləşdirilməsi məqsədi ilə təkliflər paketi, o cümlədən “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsi hazırlanmışdır. 2009-cu il martın 18-də keçirilmiş ümumxalq referendumunda Azərbaycan Konstitusiyasının 17-ci maddəsinə edilən düzəlişin təsdiqlənməsi uşaq hüquqlarının konstitusion təminatlarını daha da gücləndirir.
Möhtərəm cənab Prezident!
İcazə verin əmin edim ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qarşıya qoyduğunuz vəzifələri bundan sonra da layiqincə yerinə yetirmək üçün səylərini daha da artıracaq, ailələrin rifahının, qadınların hüquq və imkan bərabərliyinin, uşaqların ahəngdar inkişafının təmin edilməsi istiqamətində bütün zəruri addımları atacaqdır.
Diqqətinizə görə
çox sağ olun.
Azərbaycan.-2009.-23 aprel.-S.3.