İslam Konfransı Təşkilatının üzvü
olan ölkələrin
hüquq-mühafizə
orqanlarının rəhbərlərinin
ilk konfransı Bakı Bəyannaməsinin
qəbulu ilə başa çatmışdır
İslam
Konfransı Təşkilatının (İKT) üzvü olan
ölkələrin hüquq-mühafizə orqanlarının rəhbərlərinin
Bakıda keçirilən ikigünlük ilk konfransı
aprelin 22-də Bakı Bəyannaməsinin qəbulu ilə
başa çatmışdır.
Konfransın ikinci günündə hüquqi yardım və ekstradisiya məsələləri, qeyri-qanuni yolla əldə edilmiş pulların və mülkiyyətin leqallaşdırılması, korrupsiyaya qarşı mübarizə məsələləri müzakirə olunmuşdur.
Bu mövzu ilə bağlı konfransın üçüncü sessiyasına sədrlik edən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov bildirmişdir ki, tədbir cinayətkarlığa qarşı daha səmərəli birgə mübarizə üçün zəmin yaradacaqdır. Bununla yanaşı yeni prioritetlər müəyyən olunacaq və İKT-nin üzvü olan ölkələr arasında hüquq sahəsində mövcud əlaqələr daha da inkişaf edəcəkdir.
Korrupsiya ilə mübarizə məsələsi də konfransda əsas müzakirə mövzusu olduğunu diqqətə çatdıran Fikrət Məmmədov demişdir ki, korrupsiya dövlətin əsaslarını və ictimaiyyətin inamını sarsıdır, hər bir vətəndaşın maraqlarına ziyan vurur. Nazir vurğulamışdır ki, Azərbaycanın iqtisadi inkişaf sürətinə görə lider ölkələr sırasında olması nəzərə alınaraq, bu sahədə geniş miqyaslı tədbirlər həyata keçirilir. Ölkəmiz BMT-nin və Avropa Şurasının müvafiq konvensiyalarına qoşulmuş, aidiyyəti ixtisaslaşdırılmış beynəlxalq təşkilatların fəal iştirakçısına çevrilmişdir.
Nazir Fikrət Məmmədov bildirmişdir ki, Azərbaycan İKT-nin üzvü olan ölkələrdən Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, İran, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İordaniya ilə hüquqi yardım, cinayət törətmiş şəxslərin ekstradisiyası, hüquqi informasiya mübadiləsi haqqında müqavilələr imzalamışdır. Azərbaycan Səudiyyə Ərəbistanı, Mərakeş və Əlcəzair ilə müvafiq ikitərəfli sənəd layihələri imzalamağa hazırdır.
İKT çərçivəsində yeni formatda mühüm əməkdaşlıq istiqamətlərinin əsasının yaradılmasına yönəlmiş tədbirdə Liviyanın nümayəndə heyətinin rəhbəri Mustafa Məhəmməd Əbdülcəlil, Nigeriyanın nümayəndə heyətinin rəhbəri Kabir Sani, BƏƏ-nin nümayəndə heyətinin rəhbəri Əhməd Rəşid və bir sıra beynəlxalq qurumların əməkdaşları üçüncü sessiyada çıxış etmiş, mövzu ilə əlaqədar səmərəli təkliflər vermişlər.
Vurğulanmışdır ki, bu konfrans cinayətkarlığa qarşı birgə daha səmərəli mübarizə aparmaq üçün, yeni prioritetlər müəyyən olunmaqla İKT-nin üzvü olan ölkələr arasında hüquqi sahədə mövcud əlaqələrin daha da inkişaf etdirilməsinə zəmin yaradacaqdır.
Sonda konfransın yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunmuşdur.
AzərTAc
Azərbaycan.-2009.-23 aprel.-S.5.