İƏT-in üzvü olan ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının II
konfransının nümayəndələri
Bakı Dövlət Universitetində olmuşlar
Aprelin 22-də
İqtisadi Əməkdaşlıq Təşkilatının
(İƏT) üzvü olan ölkələrin Milli
Kitabxanalarının Direktorlar Şurasının II
konfransının nümayəndələri Bakı Dövlət
Universitetində (BDU) olmuşlar.
BDU-nun rektoru, Milli Məclisin
deputatı, akademik Abel Məhərrəmov qonaqlara təmsil
etdiyi təhsil ocağı haqqında ətraflı məlumat
vermişdir.
1919-cu ildə təşkil
olunmuş BDU-nun fəaliyyəti barədə danışan
rektor diqqətə çatdırmışdır ki,
hazırda bu ali təhsil müəssisəsinin 16 fakültəsində
18 mindən çox gənc təhsil alır. Fakültələrdən
biri də kitabxanaşünaslıq və informasiya fakültəsidir.
Ali təhsil
ocağında tələbələr üçün
yaradılmış mövcud şəraitdən söz
açan A.Məhərrəmov vurğulamışdır ki,
hazırda elektron kitabxananın yaradılması istiqamətində
ciddi işlər görülür. Lakin bu sahədə bir
çox problemlərlə üzləşirik. Bunlar əsasən
proqram təminatı ilə bağlıdır. İstəyirik
ki, bu işlərin yüksək səviyyədə
qurulmasına nail olaq.
A.Məhərrəmov
qonaqları cari ilin sentyabrında 90 illiyi qeyd ediləcək
BDU-nun yubiley tədbirlərinə dəvət etdi.
İƏT-in üzvü olan ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının prezidenti, İran Milli Kitabxana və Arxivinin sədri, İran Prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Əli Əkbər Əşəri bütün iştirakçılar adından BDU rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Təmsil etdiyi qurumun maddi-texniki bazası, idarəçilik sistemi və s. barədə ətraflı məlumat verən qonaq bildirmişdir ki, hazırda İƏT-in üzvü olan ölkələrin kitabxanaları, elm, təhsil və mədəniyyət ocaqları arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində işlər görülür.
Görüşdə tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim etmişlər.
Sonda nümayəndələr
BDU-nun tədris şəraiti ilə yaxından tanış oldular.
AzərTAc
Azərbaycan.-2009.-23 aprel.-S.5.