"Azərbaycan folklorunun və ənənəvi biliklərin qorunması: erməni plagiatçılığı" mövzusunda elmi-praktik konfrans
keçirilmişdir
Azərbaycan Dövlət
Muğam Teatrında Müəllif Hüquqları Agentliyi (MHA)
23 aprel - Ümumdünya Kitab va Müəlliflik Hüququ
günü və 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət
günü münasibətilə "Azərbaycan folklorunun və
ənənəvi biliklərin qorunması: erməni
plagiatçılığı" mövzusunda elmi-praktik
konfrans keçirmişdir.
MHA-nın sədri Kamran
İmanov respublikamızda müəllif hüquqlarının
qorunması istiqamətində görülən işlərdən
və dövlətin bu sahədə rolundan
danışmışdır. Bildirilmişdir ki, Azərbaycanda
milli əqli mülkiyyət sistemi ümummilli liderimiz Heydər
Əliyevin dahiyanə uzaqgörənliyi nəticəsində
yaradılmışdır. Ötən müddət ərzində
Azərbaycan Respublikası əqli mülkiyyət
hüquqlarının qorunması sahəsində geniş beynəlxalq
əlaqələr qurmuşdur. 1995-ci ildən Ümumdünya Əqli
Mülkiyyət Təşkilatının (ÜƏMT)
üzvü olan Azərbaycanın bu sahədəki əlaqələri
getdikcə artır.
Bildirilmişdir ki,
respublikamız YUNESKO-nun "Müəllif hüquqları
haqqında Ümumdünya Konvensiyasına qoşularaq,
geniş beynəlxalq əməkdaşlığa cəlb
olunmuşdur. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan
müəlliflik hüquqları, əlaqəli hüquqlar və
digər əqli mülkiyyət hüquqları sahəsində
ən vacib konvensiya və sazişlərin hamısında
iştirak edir.
K.İmanov son vaxtlar ermənilər tərəfindən Azərbaycan folklor nümunələrinin və müəllif əsərlərinin özününküləşdirilməsi faktlarının geniş miqyas aldığını bildirmiş, bununla bağlı mötəbər beynəlxalq təşkilatlara müraciət edildiyini diqqətə çatdırmışdır. O, erməni saxtakarlıqlarını ifşa etmək üçün biliklərin əsaslarına mükəmməl yiyələnməyin, milli mədəni irsimizin və tariximizin dərindən öyrənilməsinin vacibliyini qeyd etmişdir.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva vurğulamışdır ki, bu gün Azərbaycanda müəllif hüquqlarının qorunması istiqamətində ciddi işlər görülür. Bu sahədə aparılan məqsədyönlü siyasətin nəticəsində Azərbaycan xalqına məxsus milli musiqi əsərləri, xalq mahnıları, folklor nümunələri bir daha toxunulmazlıq qazanmışdır. Aparılan işlərin bəhrəsi olaraq Azərbaycan xalqının zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam 2003-cü ildə YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına daxil edilmişdir. Bakıda "Muğam aləmi" Beynəlxalq festival keçirilmiş, Fransanın məşhur Luvr muzeyində Azərbaycan aşıqlarının konserti təşkil edilmiş, dinləyicilər Azərbaycanın folklor nümunələri ilə yaxından tanış olmuşlar.
Konfransda müəllif hüquqlarının qorunması ilə bağlı məruzələr dinlənilmişdir.
Məruzə ətrafında müzakirələrdə agentliyin fəaliyyətindən, beynəlxalq təşkilat və qurumlarla əlaqəsindən söz açılmış, maraqlı təkliflər irəli sürülmüşdür.
Tədbirdə Nazirlər Kabinetinin
şöbə müdiri
İsmayıl Sadıqov,
Prezident Administrasiyasının
humanitar siyasət şöbəsinin sektor müdiri Cəlal Məmmədov, Milli Təhlükəsizlik Nazirliyinin
aparat rəhbəri, general-mayor Fərhad Vahabov və digər rəsmi şəxslər iştirak
etmişlər.
AzərTAc
Azərbaycan.-2009.-23 aprel.-S.5.