Yeni Azərbaycan Partiyası Qadınlar Şurası respublikamızın
ictimai-siyasi həyatında
fəal iştirak edir
Aprelin 25-də Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının ümumrespublika konfransı keçirilmişdir.
Şuranın yeni sədrinin seçkiləri olmuşdur. İndən sonra bu vəzifədə YAP Siyasi Şurasının üzvü, Bakı Pedaqoji Kollecinin direktoru Nurlana Əliyeva çalışacaqdır.
Konfransda YAP Qadınlar Şurasının 59 nəfərdən ibarət şurası və 22 nəfərdən ibarət idarə heyəti formalaşdırılmışdır. Heydər Əliyev Fondunun prezidenti, YAP Siyasi Şurasının üzvü, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva şuranın və idarə heyətinin üzvü seçilmişdir.
Konfransa sədrlik edən YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək mövqedən, ölkəmizdə qadınların gündən-günə artan fəallığından danışmış, onların milli maraqlar ətrafında sıx birləşməsində Yeni Azərbaycan Partiyasının rolunu qeyd etmişdir.
YAP Qadınlar Şurasının yarandığı 1995-ci ildən indiyədək quruma sədrlik etmiş Səriyyə Əbdülhəsənova çıxış edərək partiyanın cəmiyyət həyatında oynadığı rolu xüsusi vurğulamış, yeni heyətə uğurlar arzulamışdır.
Konfransın hazırlanması üzrə işçi qrupun sədri, YAP Siyasi Şurasının üzvü Nurlana Əliyeva hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirilmişdir ki, hazırda YAP cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsidir. YAP çox geniş potensiala malikdir. Elə buna görə də min illər boyu əxz etdiyi milli mənəvi dəyərləri, mental xüsusiyyətləri qoruyub saxlamış Azərbaycan qadını gələcək taleyini inandığı, etimad bəslədiyi bu siyasi qüvvəyə etibar etmişdir.
N.Əliyeva qeyd etmişdir ki, mərd və mübariz Azərbaycan qadını bu gün, üçüncü minilliyin ilk onilliyində dünya qadınlarının qabaqcıl dəstəsi ilə bir sırada addımlayır, qurub-yaradır. Çünki bu gün onların yaşadığı ölkədə qadınlar üçün geniş imkan-qurub yaratmaq, idarə etmək, özünü sübuta yetirmək imkanı yaranmışdır. Müstəqil Azərbaycanın gündən-günə tərəqqi etməsi, ölkəmizin dünyanın sivil dövlətləri sırasında layiqli yer tutması, milli mədəni irsimizin beynəlxalq ictimaiyyətə çatdırılması, təhsilə yeni yanaşmanın təşəkkülü, səhiyyəmizin inkişafı qadınların gözü önündə baş verir. Ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıdışından sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması milli siyasi xəttin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Artıq altıncı ildir ki, Prezident İlham Əliyev ulu öndərimizin siyasi kursunu uğurla davam etdirir. Dövlətimizin başçısının həyata keçirdiyi islahatlar ölkəmizi regionun lider dövlətinə çevirmişdir. Bu, biz qadınların qəlbini qürur hissi ilə doldurur.
Qeyd olunmuşdur ki, həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları respublikada baş verən mürəkkəb ictimai-siyasi proseslərin gedişində onların üzərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş, daim milli dövlətçilik mövqeyindən çıxış etmişlər. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində doğma torpaqlarımızın bir qisiminin işğal altına düşdüyü indiki dövrdə gəncləri Vətənə sədaqət, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi uğrunda əzmkarlıq və qətiyyət göstərmək ruhunda tərbiyə etmək, onları xalqa, cəmiyyətə layiqli övlad kimi yetişdirmək işində qadınlarımız üzərlərinə düşən böyük vəzifələri uğurla yerinə yetirirlər. Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas fəaliyyət istiqaməti hesab edən qadınlarımız öz mövqelərində sadiqdirlər, ictimai-siyasi prosesin fəal iştirakçısıdırlar.
Azərbaycan qadını cəmiyyətimizin həyatına bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək, sivil dəyərləri özündə əks edirən birinci xanım ənənələrini də gətirmişdir. Bu, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deptutatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. O, həm rəsmi şəxs, həm Azərbaycanın kübar dəyərlərinin davamçısı, həm də ən böyük xeyriyyəçi kimi bütün layihələrdə müqəddəs analığın xidmətindədir. Mehriban xanımın fəaliyyəti nəticəsində ölkədə xeyriyyəçilik bir hərəkata çevrilmiş, uşaq evləri, məktəblər cəmiyyətin diqqət mərkəzinə keçmişdir. Azərbaycan qadınına örnək olan Mehriban xanım Əliyeva miqyası və mahiyyəti etibarilə böyük işlərə rəvac vermişdir. Onun fəaliyyəti hər birimiz üçün örnəkdir. Hesabat məruzəsində YAP Qadınlar Şurasının fəaliyyətinin gələcək istiqamətləri, qarşıda duran vəzifələr haqqında da ətraflı məlumat verilmişdir.
Məruzə ətrafında müzakirələrdə YAP Siyasi Şurasının üzvləri, təhsil nazirinin müavini İradə Hüseynova, Milli Məclisin komissiya sədri Məlahət Həsənova və Gəncə şəhər Qadınlar Şurasının sədri Arzu Həsənova, Xaçmaz rayon Qadınlar Şurasının sədri Elmira İsgəndərova və Sabirabad rayon Qadınlar Şurasının sədri Məleykə Həsənova çıxış edərək hesabat dövründə qurumun fəaliyətini qənaətbəxş hesab etdiklərini bildirmişlər.
Yeni Azərbaycan Partiyası üzvlərinin 40 faizini qadınların təşkil
etdiyini deyən partiya sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov əldə olunan uğurlarda onların müstəsna rolundan danışmış,
Azərbaycan qadınlarının
ölkəmizin ictimai-siyasi
həyatında bundan sonra da böyük
əzmlə iştirak edəcəyinə
əminliyini bildirmişdir.
AzərTAc
Azərbaycan.-2009.-26 aprel.-S.3.