Erməni saxtakarlarını daha fəal ifşa etməli, tarixi həqiqəti hər vasitə ilə təbliğ etməliyik

 

İnsan keçmişi xatırlayanda həmişə seçim edir, şahidi olduğu hadisələrin gedişini təhlil edir, olub keçənlərin mənasını təfərrüatı ilə dərk edir. 1981-89-cu illərdə daxili işlər nazirinin milis və əməliyyat işi üzrə müavini olmuş polis general-mayoru Kamil Məmmədovu hamımızın ağrılı yerimiz olan Dağlıq Qarabağ problemi barədə öz fikirlərini əvvəlcə “Exo” qəzetinin səhifələrində oxucularla bölüşməyə, sonra isə AzərTAc-a gəlməyə sövq edən də çox vaxt xatırlama adlanan bu hisslərdir.

General AzərTAc-a gəlişinin səbəbini belə izah etdi: “Mən Qarabağ müharibəsinin lap əvvəlində hadisələrin şahidi və iştirakçısı olmuşam. Bu müharibə barədə həqiqətin geniş yayılması üçün dövlət informasiya agentliyinin daha geniş imkanları var... Mən əminəm ki, əgər biz Prezident İlham Əliyevin çağırışını dəstəkləyərək erməni saxtakarlarına qarşı ilk növbədə ”İnformasiya müharibəsində" güclü hücuma keçsək, bu da erməni faşizmi üzərində qələbə qazanmağa və doğma torpaqlarımızı işğaldan azad etməyə kömək edər".

General K.Məmmədovun bu məsələyə dair konkret təklifləri var. Lakin o, ilk növbədə bu müharibənin necə başlaması barədə söhbət etdi, respublikanın o vaxtkı rəhbərlərinin cinayətkar qətiyyətsizliyini vurğuladı.

Gəlin sözü general Kamil Məmmədova verək:

-Bəli, 1988-ci ildə başlanmış Dağlıq Qarabağ münaqişəsini lap başlanğıcda həll etmək olardı. Bu halda həmin münaqişə genişlənərək təcavüzə və uzun sürən müharibəyə çevrilməzdi. Mən həmin ilin fevral günlərində, ayın ortalarında Dağlıq Qarabağa göndərilmiş, hadisələrin bilavasitə şahidi və iştirakçısı olmuş bir insan kimi, bu sözləri tam məsuliyyətlə deyirəm.

Yadımdadır, Xankəndinin mərkəzi meydanında toplaşmış 300-500 nəfərlik kütlə “Miatsum!” deyə bağırırdı. Sayı getdikcə artmaqda olan bu kütləni meydandan sıxışdırıb çıxarmaq lazım idi, lakin bunun üçün əlavə qüvvələr tələb olunurdu. Yerli milisi bu işə cəlb etmək, mənim fikrimcə, təhlükəli addım olardı. Bununla əlaqədar, nazirə zəng etməli oldum. Elə həmin günlərdə Azərbaycan KP MK-nın ikinci katibi Konovalov başda olmaqla MK nümayəndələri Xankəndinə gəlmişdi. Mən vəziyyət barədə məruzə edərək təcili ciddi tədbirlər görməyin zəruri olduğunu deyəndə onların qəti cavabı belə oldu: heç bir qüvvə tətbiq etməyin, yalnız izahat işi aparın. Buna görə, mənim çağırışımla oraya gəlmiş respublika DİN-in xüsusi təyinatlı dəstəsi fəaliyyət göstərmirdi, çünki ona bu barədə xüsusi əmr verilməmişdi. Mən başa düşürdüm ki, hər şey Moskva ilə bağlıdır: axı respublika DİN-in rəhbərləri Azərbaycan KP MK ilə məsləhətləşir, o da öz növbəsində ölkə rəhbərliyindən göstərişlər gözləyirdi. Məlum məsələdir ki, ölkənin o vaxtkı rəhbərliyi öz şəxsi mənafeyini güdürdü və təəssüf ki, bu mənafe ermənilərin maraqları ilə üst-üstə düşürdü.

Başda Demiçev və Razumovski olmaqla Sov.İKP MK-nın nümayəndə heyəti Dağlıq Qarabağa gələndə bu fikir bir daha təsdiqləndi. Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov da onların yanında idi. Erməni separatçılarının Moskvadan gələnlərlə görüşdə necə sərsəm söhbətlər etdiyini təsvir etmək çətindir: onlar ermənilərin guya sıxışdırılmasından, həyat səviyyəsinin aşağı olmasından dəm vururdular. Bütün bunlar SSRİ DİN qoşunlarının Qarabağa və respublikamızın başqa regionlarına gətirilməsi fonunda baş verirdi. Hər tərəfdə tankların, zirehli transportyorların gurultusu eşidilirdi.

Mən başa düşdüm ki, respublika rəhbərləri əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağın taleyini bütünlüklə moskvalı ağalarının natəmiz əllərinə etibar edirlər. 1988-ci ilin mart ayında erməni millətçilərinin və separatçılarının əvvəlcədən hazırladıqları ssenari əsasında Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin “1988-1995-ci illərdə DQMV-nin sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında” qərarı qəbul ediləndə isə Moskvanın antiazərbaycan mövqe tutması açıq-aşkar məlum oldu. Əlbəttə, bütün bunlar yeganə məqsədləri bizim ərazini ələ keçirmək olan separatçılar üçün bəhanə idi.

Bu hadisələr baş verən dövrdə respublika rəhbərləri heç bir qətiyyətli addım atmamışdı, erməni təcavüzkarlar isə öz rəzil niyyətlərini həyata keçirməkdə davam edirdi. Mən tam qətiyyətlə demək istəyirəm ki, Dağlıq Qarabağ məsələsi döyüş meydanından daha çox respublika və SSRİ rəhbərlərinin kabinetlərində həll edilə bilərdi. Lakin biz lap başlanğıcda fürsəti fövtə vermişdik. Respublikanın o vaxtkı rəhbərləri Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibovun qətiyyətsizliyi, bu məsələdə tam fəaliyyətsizliyi aşkar göründü. Nəticədə o dövrdə Azərbaycana rəhbərlik edənlərin mövqeyindən qəzəblənmiş xalqın etiraz sədası Bakıya və respublikanın başqa regionlarına yayıldı. Vəzirovun əsas məsləhətçisi, respublika daxili işlər nazirinin birinci müavini V.Barannikov, azərbaycanlı yerli əhalinin Xankəndidən çıxarılmasına müqavimət göstərən qərargahımızı Ağdama köçürmüş bədnam A.Volski kimilərinin Moskvaya yarınmaq üçün azərbaycanlılara qarşı satqın fəaliyyəti getdikcə genişlənirdi.

İş elə gətirmişdi ki, 1988-ci ilin axırlarında mən istefaya çıxmalı idim. Lakin daxilimdə bir həyəcan, narahatlıq duyurdum. Mənə elə gəlirdi ki, Qarabağda nəyi isə yarımçıq qoymuşam, tamamlamamışam. Buna görə də 1992-ci ilin yanvar ayında hərbi əməliyyatların qızğın dövründə, insanların həlak olduğu bir vaxtda mən könüllü olaraq Ağdama yollandım. General Nəsirov və ədliyyə generalı Hüseynovla birlikdə vəziyyəti öyrənərək Ağdamda dislokasiya edilmiş bütün Azərbaycan hərbi hissələrini vahid komandanlıq altında birləşdirməyi təklif etdik. Lakin Ayaz Mütəllibov bu təklifi rədd etdi. Halbuki, əgər həmin dövrdə Azərbaycanın sərəncamında olan bütün qüvvələrdən, o cümlədən aviasiyadan iştifadə edilsəydi, Xocalı faciəsi baş verməyə bilərdi. Təəssüf ki, bu faciə törədildi...

Təbii ki, zaman keçdikcə dünyada, o cümlədən respublikamızda vəziyyət dəyişir. Xoşbəxtlikdən, 1993-cü ildə Heydər Əliyev artıq müstəqilliyini bərpa etmiş Vətənimizin rəhbərliyinə qayıtdı. Məhz onun sayəsində atəşkəs barədə razılıq əldə edildi, döyüş əməliyyatları dayandırıldı, qan tökülməsinə son qoyuldu. Əsası ulu öndər tərəfindən qoyulmuş yol ilə Prezident İlham Əliyevin rəhbərliyi altında irəliləyən Azərbaycan indi sosial-iqtisadi inkişafda yeni zirvələr fəth edir. Lakin Dağlıq Qarabağ məsələsi bir an belə dövlətimizin başçısının nəzərindən kənarda qalmır. Prezident İlham Əliyev bütün dünyaya sübut etmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin tərəflərindən biri məhz Ermənistandır. YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun erməni saxtakarları tərəfindən yayılan yalanları ifşa etmək üçün gördüyü işlər, Qarabağ reallıqları haqqında nəşr edilən bukletlər, broşürlər, bu Fondun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın bu işə verdiyi töhfələr göz qabağındadır. Akademik Ramiz Mehdiyevin bu ağrılı mövzuya həsr edilmiş məqaləsini və “Azərbaycanlılara qarşı soyqırımı gerçəkliyi” kitabını çoxları kimi, mən də diqqətlə və dönə-dönə oxumuşam. Bu da məlumdur ki, Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin də Qarabağ haqqında tarixi faktlarla zəngin olan qiymətli kitabı nəşr edilmişdir.

Ermənilər tarixi faktları saxtalaşdırmaq, həyasız yalanları yaymaq üçün bütün yollardan və imkanlardan istifadə edirlər. Biz bu saxtakarlıqları ifşa etmək üçün daha çox iş görə bilərik və görməliyik. Bu işə hamı, ilk növbədə tarixçi, coğrafiyaşünas, hüquqşünas alimlər cəlb edilməlidir, özü də təkcə bizim alimlər yox. Mənim fikrimcə, biz bu işlərə xarici ölkələrin mütəxəssislərini də cəlb edə bilərik. Onların arasında Dağlıq Qarabağ münaqişəsi haqqında, ümumiyyətlə tarixi reallıqlar haqqında həqiqəti yazan və deyən namuslu adamlar az deyildir. Bu mövzuda broşürlər, kitablar, disklər buraxılması epizodik, təsadüfi xarakter daşımamalıdır. Biz bu işi sistemli şəkildə görməli, ən başlıcası, müvafiq materialları, o cümlədən coğrafiya xəritələrini ölkəmizin hüdudlarından kənarda bizim diplomatik nümayəndəliklərin köməyi ilə, diaspor vasitəsilə, lazım gəlsə elmi mübadilə kanalları ilə geniş yaymalıyıq.

Təcavüzkar ermənilərlə “informasiya müharibəsi”ni fəallaşdırmaq formaları az deyil. Zənnimcə, Qarabağın tarixinə həsr edilmiş yeni tədris kursları hazırlanmalı, tarixi keçmişimizlə bağlı məsələlərə dair çıxışlar orta və ali məktəblərdə, müxtəlif auditoriyalarda tez-tez səslənməlidir. Bundan əlavə, hazırda erməni təcavüzkarlarının işğal etdiyi torpaqların əzəli Azərbaycan əraziləri olduğunu sübut edən konkret materiallara malik olan müxtəlif ölkələrin alimlərinin iştirakı ilə neytral ərazidə, elmi-praktiki konfranslar da keçirmək olar. Əlbəttə, bütün bunlar üçün maliyyə vəsaitləri tələb olunur, lakin əminəm ki, bizim iş adamları saxtakarlarla informasiya müharibəsində qalib gəlməyə yönəlmiş səyləri həvəslə dəstəkləyərlər. Mətbuat, teleşirkətlər də bu istiqamətdə çox iş görə bilərlər: onların hərəsinin öz auditoriyası, öz oxucusu, öz tamaşaçısı var.

Bir sözlə, mənim fikrimcə, biz erməni separatçılarının hər növbəti saxtakarlığını ifşa edərkən təkcə müdafiə mövqeyi tutmamalıyıq. Artıq hücum etməyin vaxtıdır. Biz elə bu gün, bu saat hücuma keçməliyik!

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-26 aprel.-S.5.