Bakı Dövlət
Universitetinin 90 illik yubileyinin keçirilməsi
haqqında Azərbaycan
Respublikasi Prezidentinin Sərəncamı
2009-cu ilin sentyabr
ayında Azərbaycan Respublikasının aparıcı təhsil
ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin
90 ili tamam olur.
Bakı Dövlət Universiteti müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi yarandığı vaxtdan bəri ötən müddət ərzində ölkəmizdə ali təhsilin və elmin tərəqqisi naminə əvəzsiz xidmətlər göstərmişdir. Yüksək ixtisaslı milli kadrların hazırlanması, yeni-yeni elmi istiqamətlərin formalaşdırılması, dünya təhsil məkanına inteqrasiya, eləcə də mədəni-mənəvi dəyərlərimizin yaşadılması istiqamətlərində universitet üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlir.
Azərbaycanın simasını müəyyən edən dövlət, elm və mədəniyyət xadimlərinin böyük bir qismi məhz Bakı Dövlət Universitetinin yetirmələridir. Xalqımızın milli sərvətinə çevrilən universitet bu gün dövlət idarəçiliyi, iqtisadiyyat, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrində uğurla çalışan çoxsaylı məzunları ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir.
Respublikamızda ali təhsilin və elmin ənənələrinin zənginləşdirilməsində, milli dövlətçiliyin qorunub möhkəmləndirilməsində mühüm xidmətlərini nəzərə alaraq, Bakı Dövlət Universitetinin 90 illik yubileyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu sərəncam imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 aprel 2009-cu il
Azərbaycan.-2009.-25 aprel.-S.1.