Sumqayıt şəhərinin 60 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı

 

2009-cu ilin noyabr ayında Sumqayıt şəhərinin yaradılmasının 60 ili tamam olur. Ötən müddət ərzində Sumqayıt zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilmişdir. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan vermişdir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Sumqayıt şəhəri öz tarixinin yeni mərhələsinə qədəm qoymuşdur. Bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı nailiyyətləri ilə suveren Azərbaycan Respublikasının iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsi naminə töhfələr verir.

Sumqayıt şəhərinin respublikamızın dinamik sosial-iqtisadi yüksəlişinin təmin olunmasında böyük rolunu və əhəmiyyətini nəzərə alaraq qərara alıram:

1. Sumqayıt şəhərinin yaradılmasının 60 illik yubileyi ölkəmizdə geniş qeyd edilsin.

2. Sumqayıt Şəhər İcra Hakimiyyəti Sumqayıt şəhərinin 60 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2009-cu il

 

Azərbaycan.-2009.-25 aprel.-S.1.