Mir Cəlal dünyası
Azərbaycanın böyük
yazıçı və aliminin xatirəsini anarkən
Yazıçı, alim və müəllim. Bu üç müqəddəs sənəti – yaradıcı dünyanı, peşəni öz müdrik şəxsiyyətində cəmləşdirən Mir Cəlalın XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir. Yazıçı kimi 1928-ci ildə ədəbiyyat aləminə gələn Mir Cəlal, elə həmin ildə də ilk tədqiqat əsərini yazmışdır. Onun müəllimlik fəaliyyəti də məhz həmin tarixdən başlayır. Böyük zəhmət tələb edən bu üç sahəni eyni zaman çərçivəsində öz parlaq istedadında, yorulmaz fəaliyyətində birləşdirən Mir Cəlal Paşayev onların hər birində ayrıca zirvə fəth etmişdir.
Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış “Bir gəncin manifesti” əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi özünə ədəbiyyat tariximizin səhifələrində əbədiyaşarlıq qazandırmışdır. Yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir.
Ali təhsilimizin beşiyi sayılan Bakı Dövlət Universitetinin sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayacaq Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”.
XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınmışdır. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutmuşdur. Qəti əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanmışdır. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunmuşdur. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazmışdır. O dövrün “Şərq qadını”, “Gənc işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” ... hekayələrini çap etdirmişdir. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları çap olunmuşdur. Mir Cəlalın bütövlükdə yaradıcılıq dünyası ilə tanışlıqdan sonra belə qənaətə gəlmək olur ki, onu düşündürən həyati məsələləri, milli folklorun, xalq təfəkkürünün işığını, milli, mənəvi dəyərlərin klassik ənənələrə uyğun inkişafını və bu istiqamətdə yaranan problemləri, xalq həyatının real görüntüsünü nəsr dilində aydın, qabarıq şəkildə vermək mümkündür. Necə ki, böyük Sabiri oxuyanda şeirin, Mirzə Cəlili oxuyanda satira və yumorun gücünü duyursan, Mir Cəlal hekayələrini oxuyanda da eyni hissləri keçirirsən.
Mir Cəlalın ilk irihəcmli əsəri – “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunmuşdur. Hələ yarım əsr bundan əvvəl akademik Məmməd Arif yazmışdı ki, “Mir Cəlal ”Dirilən adam"la diqqətli bir realist yazıçı olduğunu göstərmişdir".
İlk dəfə
1937-39-cu illərdə hissə-hissə “Revolyusiya və
kultura” jurnalında nəşr olunan “Bir gəncin manifesti” əsəri
isə yazıçının həyatında böyük
bir dönüş yaratmış, ədəbi zirvəyə
aparan yoluna cığır açmış və müəllifə
böyük oxucu auditoriyası qazandırmışdır.
1940-cı ildə “Uşaqgəncnəşr”də kitab
halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına
görə sonrakı illərdə də dəfələrlə
çap edilmişdi. “Bir
gəncin manifesti”i bu gün də qəlbləri riqqətə
gətirir. Doqquz dəfə müxtəlif illərdə
ayrıca kitab halında nəşr olunmuş “Bir gəncin
manifesti” Azərbaycanın hüdudlarından çox-çox
uzaqlarda da sevilmişdir.
Mir Cəlalın nəşr
olunmuş altı romanı oxuculara məlumdur. “Dirilən
adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır” romanlarında
keçmiş, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə
şəhər” romanlarında isə müasir həyat
lövhələrinin bədii təsviri ustalıqla qələmə
alınmışdır. “İnsanlıq fəlsəfəsi”
(1961) kitabında toplanmış hekayələri böyük
tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir.
“İnsanlıq fəlsəfəsi”, “Subaylıq fəlsəfəsi”,
“Təzə toyun nəzakət qaydaları”, “Vicdan mühakiməsi”,
“Vicdan əzabı”, “Hesab dostları”, “Təsadüf, ya zərurət”,
“Qocaların uşaq söhbəti” və digər hekayələrində
real həyat lövhələri, fəlsəfi
düşüncələr əks olunmuşdur.
Mir Cəlalın bədii
yaradıcılıq nümunələri dəfələrlə
nəşr olunmuşdur: “Seçilmiş əsərləri”
(2 cilddə, 1956-57), “Seçilmiş əsərləri” (4
cilddə, 1967-68), “Seçilmiş əsərləri” (2 cilddə,
1986-87), hekayə və povestlərdən ibarət “Şəfəqdən
qalxanlar” (1972), “Dağlar dilə gəldi” (1978), “Ləyaqət”,
hekayələrdən ibarət “Bostan oğrusu” (1937),
“Gözün aydın” (1939), “Vətən” (1944), “Həyat
hekayələri” (1945), “Sadə hekayələr” (1955), “Xatirə
hekayələri” (1962)," “Gülbəsləyən qız”
(1965), “Silah qardaşları” (1974) və sair. Ümumiyyətlə,
indiyədək yazıçının 70-dən çox
kitabı nəşr olunmuşdur.
XX əsrin ədəbi-elmi
fikrinin korifeylərindən sayılan Mir Cəlal ədəbiyyatşünas-nəzəriyyəçi
alim kimi də müstəsna və özünəməxsus
yer tutmuşdur. Filologiya təhsili alan tələbələrin
I kursda istifadə etdikləri “Ədəbiyyatşünaslığın
əsasları” dərsliyi sonralar da mütəxəssislərin
stolüstü kitabı olmuşdur. Mir Cəlal müəllim
1936-cı ildən ömrünün sonunadək dərs dediyi
Bakı Dövlət Universitetinin auditoriyalarında bu fəndən
mühazirələr oxumuşdur.
Elmi fəaliyyətini davam
etdirən gənc Mir Cəlal 1940-cı ildə “Füzulinin
poetik xüsusiyyətləri” adlı əsərinə görə
filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda
ədəbi məktəblər” əsərinə görə
filologiya elmləri doktoru alimlik dərəcələrini
almışdır. Füzuli poeziyasının qüdrətinə
heyran olan, ümumiyyətlə, klassik ədəbiyyata qəlbən
bağlı Mir Cəlal 1958-ci ildə bu mövzuya yenidən
müraciət edərək və əvvəlki əsərini
təkmilləşdirərək “Füzuli sənətkarlığı”
adlı monoqrafiyasını nəşr etdirmişdir. Professor
Qara Namazov deyir ki, Mir Cəlalın “Füzuli sənətkarlığı”
monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək,
mənimsəmək və dərk etmək üçün
elmi açardır. Əsər 1994-cü ildə təkrar nəşr
olunmuşdur.
“Azərbaycanda ədəbi məktəblər
(1905-1917)” əsərində isə Mir Cəlal XX əsrin əvvəllərində
inqilabi-demokratik meyillərlə əlaqədar baş verən
ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm,
romantizm ədəbi məktəbləri, maarifçi-didaktik
yazıçılar və xırda məişət
dramları haqqında müfəssəl tədqiqatlar
aparmış, əhatəli elmi nəticələr əldə
etmişdir.
Mir Cəlalın tanınmış
tədqiqatçı Firudin Hüseynovla birgə
yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” əsəri
40 ilə yaxındır ki, ali məktəblərin dərs vəsaitidir.
Bu dərslikdə XX əsrin böyük ədəbi şəxsiyyətləri,
onların yaradıcılığı, ədəbi mühitə
gətirdiyi yeniliklər haqqında əhatəli elmi fikirlər
əks olunmuşdur. Mir Cəlal böyük şəxsiyyətlərin
həyat və yaradıcılıqlarını, dövrün
ictimai-siyasi, ədəbi-mədəni mühitini öyrənməklə,
tədqiq etməklə özü də uca zirvələr fəth
etmiş, şəxsiyyət kimi müdrikləşmişdir.
Əməkdar elm xadimi Mir Cəlal
XX əsr ədəbiyyat, ədəbiyyatşünaslıq
tarixində elə bir iz açmışdır ki, bu, XXI əsrin
də ədəbi-elmi zirvəsində görünəcəkdir.
Müdriklik, saflıq, vicdan, ləyaqət tarix boyu mənəviyyat
zirvəsində dayandığı kimi.
1978-ci il sentyabrın 28-də
əbədiyyətə qovuşan, böyük şəxsiyyət
kimi tarixləşmiş, əziz müəllim, görkəmli
yazıçı, istedadlı ədəbiyyatşünas Mir
Cəlalın xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın,
ədəbiyyatşünaslığımızın əbədi
mövzusu olacaqdır.
Bu gün təkcə Azərbaycanda
deyil, onun sərhədlərindən kənarda da bu
böyük ədibin yubleyi qeyd edilir, əsərləri
çap olunaraq maraqla oxunur.
“YUNESKO-nun 2008-2009-cu illərdə
görkəmli şəxsiyyətlərin və əlamətdar
hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla
bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında”
Azərbaycan Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamına
əsasən yazıçı Mir Cəlal Paşayevin yubiley
mərasimi təntənə ilə qeyd edilməkdədir.
Ötən ilin noyabrında
Parisdə, YUNESKO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal
Paşayevin 100 illiyinə həsr olunmuş mərasim
keçirilmişdir. XX əsr Azərbaycan ədəbiyyatında,
elmində müstəsna xidmətlər göstərən Mir
Cəlal Paşayevin 100 illiyinin YUNESKO səviyyəsində
qeyd olunması, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə
və ədəbiyyatına dünya miqyasında verilən
önəmin və dəyərin təzahürüdür.
2008-2009-cu illərdə YUNESKO-nun dünya miqyaslı hadisələrin
və şəxsiyyətlərin yubileylərinin qeyd
olunması ilə bağlı qərarına Mir Cəlal
Paşayevin də adının daxil edilməsi, həm də
Azərbaycan-YUNESKO əməkdaşlığının
inkişafının bariz nümunəsidir.
AzərTAc
Azərbaycan.-2009.-25 aprel.-S.3.