“Heydər Əliyev. Müstəqilliyimiz
əbədidir” kitabının 25-ci cildi çapdan
çıxmışdır
“Biz bəyan etmişik və bəyan edirik ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarə statusu verilə bilər. Amma Ermənistan tərəfi Dağlıq Qarabağa müstəqillik statusu verilməsini tələb edir. Əvvəla, Dağlıq Qarabağ kiçik bir yerdir, indi orada təxminən 60 min adam yaşayır. Ən yaxşı dövrlərdə orada 170 min adam yaşayırdı, onların 30 faizi azərbaycanlılar, 70 faizi ermənilər idi. Azərbaycanlıları oradan qovub çıxarmışlar, ermənilərin bir qismi oradan köçüb getmişdir. Orada ağır şəraitdə yaşayırlar, lakin buna baxmayaraq, müstəqil dövlət, beynəlxalq hüququn subyekti olmaq istəyirlər.
Biz bunu edə bilmərik. Əgər indi biz bu statusla razılaşsaq, onda bu, məsələnin artıq qəti həlli olar və bundan sonra heç bir danışıq gedə bilməz. Bax, Rusiya Çeçenistanda müharibə, özü də ağır, çox ağır müharibə aparır. Nəyin naminə? Öz ərazi bütövlüyünü qoruyub saxlamaq naminə. Bu prinsipi biz də dəstəkləyirik. Çünki beynəlxalq hüquq, xüsusən 1975-ci ildə qəbul olunmuş Helsinki aktı hər bir dövlətin ərazi bütövlüyünün toxunulmazlığını əsas prinsip hesab edir.
Dağlıq Qarabağa müstəqillik statusu verilsə, bu o deməkdir ki, Azərbaycan öz ərazisinin bir hissəsini itirir. Lakin ona yüksək özünüidarə statusu verilməsi o deməkdir ki, həm onlar özünüidarə hüququ alırlar, həm də Azərbaycanın ərazi bütövlüyü pozulmur, özü də, biz onlara dünya praktikasında mövcud olan hər hansı ən yüksək statusu təklif etmişik. Məsələn, Rusiyanın tərkibində Tatarıstan var. Bir baxın, o, nə kimi böyük hüquqlara malikdir. Bununla belə, o, Rusiyanın tərkibindədir. Bir sözlə, biz bunu etmək istəyirik, amma Azərbaycan ərazisinin bir hissəsini müxtəlif səbəblərə görə ələ keçirmiş Ermənistan tərəfi, təəssüflər olsun, indi bundan öz məqsədinə nail olmaq üçün təzyiq vasitəsi kimi istifadə edir. Biz isə bununla razılaşa bilmərik. Düşünürəm ki, bu ağır şəraitdə yaşayaraq artıq səkkiz ildən bəri dözən qaçqınlarımız yenə də dözərlər ki, Azərbaycan özünün ərazi bütövlüyünün toxunulmazlığı barədə hüququnu, hər halda, qoruya bilsin".
Bu sətirlər “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin “Azərnəşr” tərəfindən yenicə çapdan buraxılmış 25-ci cildindən - Prezident Heydər Əliyevin 2000-ci il martın 4-də Rusiya jurnalistlərinin böyük bir qrupu ilə görüşdəki söhbətindən götürülmüşdür.
Nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.
Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin 2000-ci il fevralın 5-də Avropa İttifaqının Azərbaycandakı xüsusi elçisi Renato Batti və Avropa Komissiyasının Azərbaycan üzrə əlaqələndiricisi Robin Lidel ilə görüşü barədə söhbətlə başlayan cilddə 2000-ci il martın 20-dək olan dövrü əhatə edən materiallar - müstəqil, suveren Azərbaycan dövlətinin möhkəmlənib inkişaf etməsinə, respublikamızın sürətli iqtisadi tərəqqisinə, xalqımızın rifahı naminə aparılan iqtisadi və siyasi islahatlara həsr olunmuş çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr, məruzələr, müraciətlər, fərmanlar toplanmışdır.
Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri zamanı bu ölkənin prezidenti Bill Klinton, tanınmış dövlət xadimləri, Konqres üzvləri, nüfuzlu iqtisadi və maliyyə qurumlarının rəhbərləri - Bill Riçardson, Dən Qlikman, Ceyms Harmon, Stiv Sestanoviç, Kerri Kavano, Ross Vilson, Zbiqnev Bjezinski, xanım Karen Makkafi, Riçard Armitac, Lourens İqlberger, Uilyam Kohen ilə keçirdiyi yüksək səviyyəli görüşləri, dərin məzmunlu söhbətləri, “Vaşinqton post”, “Nyu-York tayms” qəzetlərinin redaksiya heyətləri ilə görüşləri, müsahibələri verilmişdir. “Nəzərə çatdırıram ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli status verməyə ölkəmiz hazırdır. Amma Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarından çıxarılmalıdır, yerindən-yurdundan qovulmuş qaçqınlarımız öz yerlərinə qaytarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır”. Ulu öndər bu sözləri “Vaşinqton post” qəzetinin redaksiya heyətinin üzvləri ilə görüşdə demişdir. Ümumiyyətlə, bütün cildlərdə olduğu kimi, bu cilddə də dövlətimizin başçısının Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsinə aid ATƏT, Avropa Şurası, NATO rəhbərləri ilə görüşləri, bu münaqişə ilə əlaqədar onun prinsipial mövqeyi öz əksini tapmışdır.
AzərTAc-ın materialları əsasında hazırlanmış çoxcildliyin bu kitabında oxucular ümummilli lider Heydər Əliyevin görkəmli ədəbiyyat və incəsənət xadimləri ilə görüşləri, bu şəxslərə verdiyi yüksək qiymət və dəyərli məsləhətlər ilə də tanış ola biləcəklər.
AzərTAc
Azərbaycan.-2009.-25 aprel.-S.2.