Avstriya nümayəndə
heyəti Azərbaycanla
əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Azərbaycanda səfərdə
olan Avstriya Respublikasının Ştiriya
Federal Əyaləti parlamentinin
sədri Ziqfrid Şrittvizerin başçılıq
etdiyi nümayəndə
heyəti aprelin 24-də
Milli Məclisin sədri Oqtay Əsədov ila
görüşmüşdür.
Oqtay Əsədov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Avstriya ilə əlaqələrimizdə böyük dönüş yaranmışdır. Bu günə qədər yüksək səviyyəli nümayəndə heyətlərimizin yüzədək qarşılıqlı səfərləri olmuşdur. Sizin bu səfəriniz və keçirilən görüşlər ikitərəfli əməkdaşlığa yaxşı töhfə verəcəkdir.
Milli Məclisin sədri parlamentlərarası əməkdaşlığın səviyyəsini də yüksək qiymətləndirmiş və demişdir ki, Milli Məclisdə Azərbaycan-Avstriya parlamentlərarası işçi qrupu fəaliyyət göstərir. Qarşı tərəfdə də belə bir qrupun olması əməkdaşlığımıza yaxşı töhfə verəcəkdir.
O.Əsədov Azərbaycan parlamentinin 90 illik yubileyində Avstriya parlament nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirmiş, Avstriya parlamentinin sədrini Bakıya dəvət etdiyini diqqətə çatdırmışdır.
Milli Məclisin sədri bu gün Azərbaycanda 15-ə yaxın Avstriya şirkətlərinin fəaliyyət göstərdiyini vurğulamış, yaxın vaxtlarda iş adamlarının sayının artacağına, iqtisadi əlaqələrimizin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirmişdir.
Avstriya Respublikasının Ştiriya Federal Əyaləti parlamentinin sədri Ziqfrid Şrittvizer Azərbaycana səfərindən məmnun qaldıqlarını bildirmişdir. O demişdir ki, əyalət parlamenti Azərbaycan ilə yaxşı əlaqələr qurmuşdur. Geniş tərkibli nümayəndə heyətinin Azərbaycana bu səfərinin məqsədi əməkdaşlığımızı daha da gücləndirməkdir.
Qonaq Azərbaycanda olduqları müddətdə münasibətlərimizi genişləndirmək üçün səmərəli danışıqlar apardıqlarını diqqətə çatdırmışdır.
Görüşdə ölkələrimiz
arasında ikitərəfli
əlaqələrin inkişafı
istiqamətində fikir
mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.-2009.-25 aprel.-S.2.