Azərbaycan teatrı beynəlxalq assosiasiyanın üzvü oldu

 

Bir əsrlik yubileyinə hazırlaşan Azərbaycan Dövlət Musiqili Komediya Teatrı bu günlərdə xoş müjdəni öz həmkarları, respublika teatr ictimaiyyəti və sevimli tamaşaçıları ilə bölüşdürdü. Rusiyanın Akademik Bolşoy Teatrının, Qaljna Vişnevskayanın Opera İfaçılığı Mərkəzinin, Y.Kolobova adına Yeni Opera Teatrının, "Muzik-Xoll" Teatrının, K.S.Stalinskaya və V.Nemiroviz - Dançenko adına Moskva Akademik Musiqili Teatrının, Sankt-Peterburqun Musiqili Komediya Teatrının, ümumiyyətlə, Ukraynanın, Belarusun, Qazaxıstanın dünya şöhrətli teatr kollektivlərinin daxil olduğu Musiqili Teatrların Beynəlxalq Assosiasiyasında bundan sonra Azərbaycan teatrının da adı çəkiləcəkdir.

Yaxın günlərdə assosiasiyanın Moskvada keçirilən ümumi yığıncağında teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi Əliqismət Lalayevin kollektivin yaradıcılıq yolu haqqında məruzəsindən sonra yığıncaq iştirakçıları teatrın tamaşalarından, gündəlik iş fəaliyyətindən hazırlanan video görüntülərə baxmış, teatrın ümumi iş ahəngi ilə tanış olmuşlar. Sonra açıq səsvermə keçirilmiş, teatr yekdilliklə Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının üzvləri sırasına daxil edilmişdir. Bu, Qafqazda və bütün Şərqdə ilk və hələlik yeganə teatrdır ki, bundan sonra öz fəaliyyətini musiqili teatrların nüfuzlu qurumunda davam etdirəcək, dövlətlərarası mədəni əlaqələrin inkşafına öz töhfəsini verəcək.

 

 

Azərbaycan.-2009.-25 aprel.-S.8.