1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak
olmuş və ya sonradan vəfat
etmiş döyüşçülərin
dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə
görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik
maddi yardım edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı
1941-1945-ci illər
müharibəsində qələbənin 64-cü
ildönümü ilə əlaqədar qərara alıram:
1. Böyük Vətən
müharibəsi iştirakçılarına 150 manat məbləğində,
Böyük Vətən müharibəsində həlak
olmuş və ya sonralar vəfat etmiş
döyüşçülərin dul arvadlarına, 1941-1945-ci
illərdə arxa cəbhədə fədakar əməyinə
görə orden və medallarla təltif edilmiş şəxslərə,
İkinci Dünya müharibəsi illərində
döyüşən cəbhələrin arxa hüdudları,
yaxud döyüşən donanmaların əməliyyat
zonaları daxilində ordunun və donanmanın mənafeyi
üçün tapşırıqları yerinə
yetirmiş xüsusi birləşmələrin işçilərinə,
İkinci Dünya müharibəsi dövründə Leninqrad
şəhərinin müdafiəsinə görə müvafiq
medal və döş nişanı ilə təltif edilmiş
şəxslərə, habelə Leninqrad mühasirəsinin
iştirakçılarına 100 manat məbləğində
birdəfəlik maddi yardım edilsin.
2. Bu sərəncamın
1-ci bəndinin icrası məqsədi ilə:
2.1. Azərbaycan
Respublikasının 2009-cu il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 5 (beş) milyon manat vəsait
ayrılsın;
2.2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyinə
tapşırılsın ki, həmin vəsaitin Dövlət
Sosial Müdafiə Fondunun xüsusi hesabına
köçürülməsini təmin etsin;
2.3. Azərbaycan
Respublikasının Dövlət Sosial Müdafiə Fondu birdəfəlik
maddi yardımların müvafiq şəxslərə
çatdırılmasını təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
4. Bu sərəncam
imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 aprel 2009-cu il
Azərbaycan.-2009.-28 aprel.-S.1.