Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş müsabiqənin qalibləri mükafatlandırılmışlar

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 15 aprel anım günü 28 aprel xatirə günü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı tərəfindən keçirilən silsilə tədbirlərə yekun vurulmuşdur.

Azərbaycan Tibb Universitetində (ATU) oftalmologiya ixtisası üzrə təhsil alan yuxarı kurs tələbələrinin iştirakı ilə keçirilən akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş müsabiqənin qalibləri müəyyənləşdirilmişdir.

Aprelin 27-də YAP Nəsimi rayon təşkilatının qərargahında qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət Həsənova Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən söz açmışdır. M.Həsənova demişdir ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılmışdır.

Tədbirdə çıxış edən YAP Qadınlar Şurasının sədri Nurlanə Əliyeva, akademik Adilə Namazova, YAP Nəsimi rayon təşkilatı qadınlar şurasının sədri Məhbubə Vəliyeva və başqaları akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan danışmışlar.

Qeyd edilmişdir ki, Zərifə xanım Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Vaxtilə böyük şəxsiyyət Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi bütün ömrü boyu onun köməyinə çatmışdır. Zərifə xanım həmişə ulu öndərimizə mənəvi dayaq, arxa olmuşdur.

Sonra müsabiqənin qaliblərinə YAP-ın diplomları və mükafatlar təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-28 aprel.-S.1.