Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi keçirilmişdir

 

Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) cari ilin birinci rübünün yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.

BŞBPİ-nin mətbuat xidmətindən verilən məlumata görə, idarənin rəisi, polis general-mayoru Rafiq Abbasov müşavirəni açmış, paytaxtın polis qarnizonunun cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin mühafizəsi sahəsində ölkənin qanunlarından, Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamdan, daxili işlər nazirinin əmr və göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi işini məqsədyönlü şəkildə davam etdirdiyini bildirmişdir.

BŞBPİ-nin rəis müavini, polis general-mayoru Yaşar Əliyevin hesabat dövründə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzəsi dinlənilmişdir. Vurğulanmışdır ki, qanunla müəyyən edilmiş vəzifələrin, vətəndaşların hüquq və azadlıqlarının təmini, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülmüş, kriminogen durum nəzarətdə saxlanılmışdır.

Hesabat dövründə Bakı şəhərində 2578 cinayət hadisəsi qeydə alınmış, onların 86,8 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 13,2 faizi isə ağır və xüsusilə ağır cinayətlər olmuşdur. Aparılmış qabaqlayıcı profilaktik tədbirlər nəticəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə adam öldürmələr 13,3 faiz, ölümə sui-qəsdlər 14,3 faiz, quldurluq 20,5 faiz, xuliqanlıq 8,1 faiz, dələduzluq 31,2 faiz, dövlət və bələdiyyə əmlakının oğurluğu cinayətləri 4,5 dəfə, yol-nəqliyyat hadisələri zamanı xəsarət alanların sayı 16,8 faiz azalmışdır. Ümumi cinayətlərin açılması 76,4 faiz, ağır növ cinayətlərin açılması 74,9 faiz olmuş, 28 soyğunçuluq və quldurluq cinayəti törətmiş 35 nəfərdən ibarət 16 qrup, eləcə də 28 mənzil oğurluğu ilə məşğul olan 7 nəfərdən ibarət üç qrup ifşa edilmişdir.

Bununla yanaşı, paytaxtda uzun müddət geniş ictimai rezonans doğurmuş, ayrı-ayrı vətəndaşların avtomaşınlarının şüşələrini sındırmaq yolu ilə külli miqdarda pul oğurlamaqla məşğul olan 9 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə polis əməkdaşları tərəfindən zərərsizləşdirilmiş, həmin dəstənin törətdiyi 18 cinayət faktının üstü açılmışdır.

Hesabat dövründə qanunsuz dövriyyədən 72 kiloqramdan çox narkotik vasitə çıxarılmışdır. Əzizbəyov Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində 33 kiloqram 860 qram narkotik vasitəni aşkarlayaraq götürmüşlər. Axtarışda olan 708 cinayətkarın 39 faizi tutulmuşdur.

Cari ilin I rübündə paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılmışdır. Bu müddətdə şəhər miqyasında keçirilən 84 kütləvi tədbirdə, o cümlədən ölkə həyatında ən mühüm ictimai-siyasi hadisə olan ümumxalq referendumunun keçirilməsi, habelə yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı 15-dən çox tədbir və mərasim zamanı ictimai asayiş nümunəvi təmin olunmuşdur. Ümumi cinayətkarlığın tərkibində ictimai yerlərdə, o cümlədən küçələrdə qeydə alınmış cinayətlərin xüsusi çəkisi 7,5 faiz olmaqla, keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz azalmışdır.

Hesabat dövründə vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu məsələsi xüsusi diqqətdə saxlanılmışdır. BŞBPİ-yə daxil olmuş 2503 ərizə və şikayət araşdırılmış, müraciətlərdə qaldırılan məsələlərin böyük əksəriyyəti öz müsbət həllini tapmışdır.

İlin ötən üç ayında kadrların yerləşdirilməsi, təqdimatlara vaxtında baxılıb həll edilməsi, polis əməkdaşlarının fiziki, döyüş və peşə hazırlığı səviyyəsinin artırılması məsələləri daim nəzarətdə saxlanılmışdır. Bakı şəhər və ərazi polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən, DİN-in Polis Akademiyasını bitirən əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilmələri üçün püşkatma tədbiri keçirilmişdir. Nəticədə 14 əməkdaşın xidmət üzrə irəli çəkilməsi barədə təqdimatlar DİN rəhbərliyinə göndərilmiş və onlar orta rəis heyəti vəzifələrinə təyin olunmuşlar.

Yol Patrul Xidməti (YPX) inspektoru və post patrul xidmətinin polis nəfəri vəzifələrinə şəffaflıq və alternativ seçim əsasında xidmətə qəbul üzrə aparılmış müsabiqələrin nəticələrinə uyğun olaraq 15 nəfər YPX inspektoru, 15 nəfər post-patrul xidmətinin polis nəfəri vəzifələrinə, 10 nəfər isə digər xidmətlərə qəbul edilmişdir.

BŞBPİ-nin rəis müavini mövcud nöqsanların aradan qaldırılmasının planlı şəkildə həyata keçirilməsi sahəsində görülən işlərdən də danışmışdır.

Məruzə ətrafında çıxış edən BŞBPİ-nin idarə rəisləri mövcud nöqsanların qısa müddətdə aradan qaldırılacağına söz vermişlər.

Müşavirəyə yekun vuran Rafiq Abbasov tapşırıq və tövsiyələrini vermiş və xüsusi vurğulamışdır ki, BŞBPİ-nin şəxsi heyəti cinayətkarlığa qarşı mübarizəni bundan sonra da davam etdirəcək, sabitliyin, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmini istiqamətində rəhbərliyin qarşıya qoyduğu bütün tapşırıq və vəzifələri əzmlə yerinə yetirəcəkdir.

 

 

AzərTAc 

 

Azərbaycan.-2009.-28 aprel.-S.7.