Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun birgə mətbuat konfransı

 

İşçi nahardan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu birgə mətbuat konfransı keçirmişlər.

Cənab Joze Manuel Barrozu və Prezident İlham Əliyev əvvəlcə jurnalistlər qarşısında çıxış etdilər.

SUAL (Şahin Cəfərov, AzərTAc): Sualım Prezident Əliyev və cənab Barrozuyadır. Həm Azərbaycan, həm də Ermənistan “Şərq tərəfdaşlığı”nın üzvləridir. Halbuki Ermənistan Azərbaycan ərazilərini hələ də işğal altında saxlayır. Vəziyyətlə bağlı rəyinizi bilmək istərdik.

İLHAM ƏLİYEV: Belə suala mən Azərbaycanda tez-tez cavab verirəm, ona görə də özüm birinci başlayım. Biz bu məsələni cənab Sədrlə müzakirə etdik. Əlbəttə ki, uzun illər ərzində Ermənistan tərəfindən torpaqlarımızın davamlı işğalı nəinki Azərbaycan, o cümlədən regional təhlükəsizlik və sabitlik üçün ən böyük təhdiddir. Bu, regionumuzda təxminən iki onillikdir ki, müşahidə etdiyimiz ən böyük ədalətsizlikdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri qonşu ölkənin işğalı altındadır. Bu işğal nəticəsində bir milyon azərbaycanlı ölkə daxilində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağın inzibati sərhədlərinin ətrafında yerləşən yeddi rayon hazırda Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır. Biz münaqişəni beynəlxalq hüquq normaları, o cümlədən ATƏT-in qərarları və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazimizdən qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələri əsasında həll etməyə çalışırıq. Bəzən Ermənistanın mövqeyi Dağlıq Qarabağda yaşayanların öz müqqəddəratını təyin etmək hüququna əsaslanır. Bu hüquq o demək deyil ki, öz müqqəddəratını təyin etmək Azərbaycanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxarmalıdır. Ermənilər bir millət kimi öz müqqəddəratını artıq təyin ediblər. Onlar suveren Ermənistan dövlətinə malikdirlər. Əgər bu məntiqlə yanaşsaq, dünyada əhalisi erməni olan 20 dövlət yarana bilər. İkincisi, ermənilərin və azərbaycanlıların Dağlıq Qarabağda öz müqqəddəratını təyin etməsi suveren Azərbaycan dövlətinin hüdudları çərçivəsində baş verə bilər və verməlidir. Beynəlxalq hüququn normaları bunu tələb edir. Azərbaycan bu mövqedə qətiyyətlə dayanır və əminəm ki, münaqişə yalnız bu əsaslarla həll oluna bilər.

JOZE MANUEL BARROZU: Bəli, əlbəttə ki, sizin qeyd etdiyiniz kimi, həm Azərbaycan, həm də Ermənistan “Şərq tərəfdaşlığı” çərçivəsində tərəfdaşlarımızdır. İcazə verin bir daha vurğulayım ki, biz Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə Ermənistan və Azərbaycan arasında danışıqların davam etdirilməsinə yönəlmiş bütün səyləri yüksək qiymətləndiririk. Ümid edirik ki, bu sahədə müəyyən irəliləyiş olacaq. Biz bu yaxınlarda həmin müzakirələrin keçirilməsinə çağırırıq. Bilirəm ki, Prezident Əliyev Praqada Ermənistan prezidenti ilə görüşəcək. Biz bu problemin həllinə yönəlmiş səyləri dəstəkləyirik, çünki bu, elə problemdir ki, konstruktiv və yaxşı münasibətlər qurmaq istədiyimiz hər iki ölkəyə təsir göstərir. Biz regionda gərginliyin azaldılması üçün atılan hər bir addımı dəstəkləyəcəyik. İnanırıq ki, regionda daha yaxşı mühit yaratmaq üçün, müəyyən irəliləyişə nail olmaqdan ötrü bir sıra konkret aspektlər vacibdir.

SUAL (“Sabah Daily” qəzeti): Sualım Sədr Barrozuya və Prezident Əliyevədir. Ermənistan ilə Türkiyə arasında son yaxınlaşmanı müzakirə etdinizmi? Məsələ ilə bağlı mövqeyinizi bilmək istərdik.

JOZE MANUEL BARROZU: Bu dəfə, mən başlayım. Bəli, məsələni müzakirə etdik. Bizim çox yaxşı və səmimi söhbətimiz oldu. Dostlar arasında hər bir şey müzakirə olunur. Biz bu məsələni çox açıq şəkildə müzakirə etdik. Əvvəlcə icazə verin bildirim ki, mən məsələnin Azərbaycan üçün həssaslığını tam anlayıram. Biz bunu anlayırıq. Prezident Əliyev məsələnin Azərbaycan xalqı üçün nə olduğunu çox aydın şəkildə bildirdi. Eyni zamanda, siz anlayırsınız ki, Avropa İttifaqı kimi biz regionda istənilən vaxt gərginliyin azaldılmasından çox məmnunuq. Türkiyə ilə Ermənistan arasında gərginliyin azaldılması faktına gəldikdə isə hesab edirəm ki, biz bunu alqışlayırıq. Buna görə də biz məsələni alqışlayırıq, çünki Türkiyə ilə Ermənistan arasında ənənəvi olaraq çox mühüm problemlər var. Hesab edirik ki, bu, bütöv region üçün faydalı ola bilər. Beləliklə, biz bu müsbət hadisəni alqışlayırıq. Lakin bu, o demək deyil ki, biz Dağlıq Qarabağ məsələsinin həllini istəmirik və mən çox aydın şəkildə qeyd edirəm ki, biz ümid edirik və çox istəyirik ki, Azərbaycan və Ermənistan problemin həllinə nail olsunlar. Biz bunu əvvəlcə də rəsmən qeyd etmişik. Bu gün mən Prezident Əliyevə bunu bildirdim və məsələnin Azərbaycan xalqı üçün nə qədər həssas olduğunu onun tərəfindən çox açıq və aydın şəkildə izah edildiyinə görə, ona minnətdarlığımı bildirmək istəyirəm.

İLHAM ƏLİYEV: Biz Sədr Barrozu ilə çox geniş şəkildə bir çox məsələləri, o cümlədən regional inkişaf və əməkdaşlıq məsələlərini müzakirə etdik. Əlbəttə ki, biz regional əməkdaşlıqdan danışarkən, sizin də sualınızda qeyd etdiyiniz regiondakı son hadisələrdən yan keçə bilməzdik. Biz bu məsələ ilə bağlı mövqeyimizi dəfələrlə bildirmişik. Bu mövqe ondan ibarətdir ki, biz heç vaxt nə digər bir ölkənin daxili işlərinə qarışırıq, nə də ki, iki suveren ölkə arasındakı münasibətlərə. Bu, Türkiyə və Ermənistan tərəfindən qəbul edilə bilən bir qərardır. Öz aralarında münasibətləri necə davam etdirmək onların öz seçimidir. Bu məsələnin tarixi kökləri ilə bağlı bəzi şərhlərə gəldikdə isə, xatırlatmaq istəyirəm ki, Türkiyə ilə Ermənistan arasında sərhəd 1993-cü ildə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində bağlanmışdır və bu gün bu işğal davam edir. Bu gün Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini hələ də işğal altında saxlamaqda davam edir. Bir daha demək istəyirəm ki, biz belə bir mövqedə deyilik ki, bu iki ölkə arasında münasibətlərin irəliyə getməsinə imkan verək və ya onun qarşısını alaq. Yalnız bir şeyi qeyd etmək istəyirəm ki, bizim də öz siyasətimizi regionda mövcud olan yeni reallığa uyğunlaşdırmaq, regionda yarana biləcək yeni vəziyyətə uyğun addımlar atmaq hüququmuz var. Bu gün biz bu məsələ ilə bağlı müxtəlif mənbələrdən bir çox ziddiyyətli şərhləri eşidirik. Bəziləri deyir ki, ilkin şərtlərlə “yol xəritəsi” tərtib edilmişdir. Digər mənbələrdən eşidirik ki, ilkin şərtlər haqqında “yol xəritəsi”ndə heç nə deyilməyib. Bu, bir növ söz oyunudur. Hesab edirəm ki, dünya, region və Azərbaycan xalqı nəyin baş verdiyini bilməlidir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Türkiyə ilə Ermənistan arasında yaxınlaşma kontekstindən çıxarılıb, ya yox? Bu, çox sadə cavab tələb edən sadə bir sualdır.

SUAL (Xədicə İsmayılova, “Azadlıq” radiostansiyası): Azərbaycanda demokratik sahədə inkişafla bağlı göstəricilərə gəldikdə nə deyə bilərsiniz? Bu baxımdan, əməkdaşlıq sazişi əsasında yeni mərhələ haqqında danışmaq olarmı?

JOZE MANUEL BARROZU: Bu yaxınlarda biz öz hesabatımızı dərc etdik. Mənim Prezident Əliyevlə çox mehriban və açıq söhbətim oldu. Biz Azərbaycanda qanunun aliliyi ilə bağlı göstərilən səyləri çox yüksək dəyərləndiririk. Bir neçə dəfə burada qeyd edilmişdir ki, ölkədəki meyarlar Avropa İttifaqının meyarlarına uyğunlaşdırılmalıdır. Biz bu sahədə irəliləyişi görmək arzusundayıq. Cənab Əliyevin dediyi kimi, iqtisadi islahatlar, həmçinin siyasi islahatlarla müşayiət olunmalıdır. Hesab edirəm ki, demokratiya ən münasib siyasi sistemdir və Azərbaycan öz demokratik sistemi və təsisatları, qanunun aliliyi baxımından bir çox işlər görmüşdür.

İLHAM ƏLİYEV: Əlavə etmək istəyirəm ki, çiçəklənən davamlı cəmiyyəti qanunun aliliyi və cəmiyyətin güclü şəkildə demokratikləşməsi olmadan qurmaq mümkün deyil. İqtisadi və siyasi islahatlarımız paralel şəkildə aparılır. Onlar bir-birini tamamlayır. Mən qətiyyətlə inanıram ki, ciddi iqtisadi və sosial problemlər, o cümlədən yoxsulluq olan ölkədə əsl demokratik dövlət qurmaq çox çətin olacaq. Ona görə də səylərimiz uğurla azaltdığımız yoxsulluğun aradan qaldırılmasına yönəlib. Son beş il ərzində yoxsulluq səviyyəsi xeyli azalmışdır. Ölkəmizin demokratikləşməsi də uğurla getmişdir. Avropa İttifaqı və Avropa Şurası ilə münasibətlərimiz gündəlikdə bu məqsədi güdür. Əgər bu, Azərbaycanın məqsədi olmasaydı, biz bunu etməzdik. Xüsusən nəzərə alsaq ki, Azərbaycan güclü iqtisadi potensiala malik olan və özünü təmin edən ölkədir. Azərbaycan müstəqil ölkə kimi yaşamaq və uğurla inkişaf etmək qabiliyyətini artıq nümayiş etdirmişdir. Biz öz siyasi sistemini, sosial problemlərin həllini və iqtisadi azadlıqları Avropa İttifaqının meyarlarına uyğunlaşdıran müasir ölkəni, müasir Azərbaycanı qurmaq istəyirik və hesab edirəm ki, Avropa İttifaqı, xüsusən də Qonşuluq Proqramı və “Şərq tərəfdaşlığı” bu müsbət meyli gücləndirəcəkdir. Sağ olun.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-29 aprel.-S.2.