Hesablama Palatası parlamentə hesabat verdi
Aprelin 28-də Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov cari məsələlərin müzakirəsi zamanı deyilən fikirlərə münasibət bildirdikdən sonra gündəlikdəki sənədlərin müzakirəsinə başlandı.
Deputatlar Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti və İran İslam Respublikası hökumətləri arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, eləcə də iqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlığa dair sazişləri təsdiqlədilər.
İclasda “Azərbaycan Respublikası Hökuməti və Avropa Birlikləri Komissiyası arasında Çərçivə Sazişi”, həmçinin “Rumıniya və Bolqarıstan Respublikasının Avropa İttifaqına qəbul olunması ilə əlaqədar, bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa Birlikləri və onların üzvü olan dövlətlər arasında bağlanmış Tərəfdaşlıq və Əməkdaşlıq haqqında” Sazişə Protokol da səsə qoyularaq təsdiq edildi. Qeyd olundu ki, bütün bu beynəlxalq sənədlər beynəlxalq münasibətlərimizin inkişafına xidmət edir və ölkəmizin onları təsdiqlənməsi vacibdir.
Sonra Milli Məclisin üzvləri İnzibati Xətalar Məcəlləsinə, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Şəhərsalmanın əsasları haqqında”, “Dövlət qulluğu haqqında” qanunlara təklif olunan əlavə və dəyişiklikləri də səsə qoyaraq qəbul etdilər. Bildirildi ki, qanunlara təklif olunan əlavə və dəyişikliklər dövlətimizin qanunvericilik sisteminin daha da təkmilləşdirilməsinə xidmət edir.
Daha sonra iclasda Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı dinlənildi. Palatanın sədri Heydər Əsədov bildirdi ki, 2008-ci ilin sosial-iqtisadi yekunları ölkə iqtisadiyyatının möhkəm təməllər üzərində qurulduğunu sübut edir. Qeyd olundu ki, hesabat ilində 23 audit yoxlaması və 20 analitik təhlil işi başa çatdırılıb. Təhlillər və yoxlamalar nəticəsində müəyyən olunub ki, auditlər zamanı kassaya 569 min manat nəqd vəsait ödənilib, 1 milyon 18 min manat vəsait isə köçürmə yolu ilə banka qaytarılıb. 434 min manat dəyərində verilməmiş avadanlıq və inventarlar nəqd qaydada anbarlara mədaxil olunub və istifadəyə verilib. Minlərlə vətəndaş sosial sığortaya cəlb edilib. Ümumilikdə, 7 milyon manatdan artıq vəsaitin təyinatı üzrə xərclənməsi təmin olunub.
Hesablama Palatasının sədri bildirdi ki, görülmüş tədbirlər nəticəsində aşkar olunmuş nöqsanlara əsasən 2 iş Azərbaycan Respublikası Prokurorluğuna göndərilib, 87 nəfər barəsində inzibati tədbirlər həyata keçirilib, 12 şəxs isə işdən azad edilib. Heydər Əsədov onu da qeyd etdi ki, cari ildə yoxlamaların sayı ötən illə müqayisədə 2 dəfə artıq nəzərdə tutulub.
Müzakirələrdən sonra Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı səsə qoyularaq qənaətbəxş hesab olundu.
Bununla da Milli Məclisin
iclası başa çatdı.
Azərbaycan.-2009.-29 aprel.-S.3.