Muzeyin təmənnasız xidmətləri

 

Azərbaycan Mülki Aviasiya Muzeyinin (MAM) yaradılması ümummilli lider Heydər Əliyev tərəfindən tövsiyə olunmuşdur. O, ölkəmizin milli aviasiya tarixinin araşdırılıb tədqiq edilməsi, onun maddiləşdirilərək, gənc nəslin təlim-tərbiyə ocağına çevrilməsi zəruriliyini xüsusi qeyd etmişdir.

Bu gün ulu öndərin arzuları şərəflə həyata keçirilir. Azərbaycan Milli Aviasiya Akademiyası nəzdində fəaliyyət göstərən MAM gənc nəslin vətənpərvərlik ruhunu yüksəldən unikal bir mədəniyyət ocağına çevrilmişdir. Muzeyin əsas köməkçi fondlarında 6.000-dən çox nadir material mühafizə olunur. Milli aviasiyamızın tarixi ardıcıllığı əsasında tərtib edilmiş ekspozisiyada 10 bölmə üzrə 1174 eksponat nümayiş etdirilir.

Mülki Aviasiya Muzeyi rəsmi açılışından keçən bir il ərzində 3.000-dən çox tamaşaçı qəbul etmişdir. Bu sayda gənclərin yeniyetmələrin payı üstünlük təşkil edir. Bu da təsadüfi deyil. MAM, bir qayda olaraq, məktəblilərə pulsuz xidmət göstərir. Muzey əməkdaşlarının məktəb kollektivləri ilə sıx əlaqə yaratması nəticəsində ətraf qəsəbələrdə yaşayan məktəblilərin aviasiyamızın tarixinə marağını birə-beş artırmışdır. Sabunçu rayonundakı 80 saylı məktəb kollektivinin növbəli surətdə dönə-dönə muzeyə gəlişi bu marağın əyani sübutudur.

Ümummilli lider Heydər Əliyevin ad günü ərəfəsində MAM öz fəaliyyətini bir qədər canlandırmışdır. Muzey ilk dəfə olaraq səyyar xidmətə başlamışdır. Videodiskə köçürülmüş nadir eksponatlar paytaxtımızın mərkəzində yerləşən 132 saylı məktəbdə nümayiş etdirilmişdir. Yaxın vaxtlarda respublikamızın rayonlarına da bu cür səfərlər təşkil olunacaqdır.

 

 

Azərbaycan.-2009.-29 aprel.-S.8.