Milli Məclisdə
görüşlər
Aprelin 29-da Milli Məclisin Sədri Oqtay Əsədov Belarusun ölkəmizdəki səfiri Nikolay Paskeviçlə görüşmüşdür.
Parlamentin sədri bildirmişdir ki, Azərbaycan və Belarus dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və imzalanan sənədlər əlaqələrin genişlənməsi üçün böyük imkanlar açmışdır. Milli Məclisin fəaliyyəti, ölkəmizdə qanun yaradıcılığı sahəsində görülən işlər barədə də məlumat verən spiker parlamentlər arasında əlaqələrin yüksək səviyyədə olmasını, hər iki ölkənin qanunvericilik orqanlarında deputat dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirdi.
Milli Məclisin Sədri diqqətə çatdırdı ki, Azərbaycanın başlıca problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün dövlətimizin başçısı böyük səylər göstərir. Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin tərəfdarıyıq.
2003-cü ilin oktyabrında Minskdə "Azərbaycan İcması Konqresi" Beynəlxalq İctimai Birliyinin təsis olunmasını əlamətdar hal kimi dəyərləndirən spiker ölkələrimiz və xalqlarımız arasında münasibətlərin möhkəmləndirilməsi naminə fəaliyyətində səfirə uğurlar arzuladı.
Səfir Nikolay Paskeviç 2009-cu il martın 18-də ölkəmizdə keçirilmiş referendumda müşahidəçi qismində bir sıra seçki məntəqələrində olduğunu və ümumxalq səsverməsinin dünya standartlarına, demokratik prinsiplərə uyğun keçirildiyini xüsusi vurğuladı. Bildirdi ki, Azərbaycan-Belarus əməkdaşlığının kökləri çox qədimdir. Hələ sovetlər dövründə Belarusla Azərbaycan arasında sıx münasibətlər olmuş, ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra bu əlaqələrin inkişafı yeni məzmun kəsb etmişdir. Azərbaycan dövlətinin başçısı İlham Əliyevin Belarusa ilk rəsmi səfəri bu əlaqələrin yeni səviyyəyə qalxması üçün yaxşı şərait yaratmışdır.
Görüşdə qarşılıqlı
maraq doğuran müxtəlif məsələlər
ərtafında da fikir mübadiləsi aparıldı.
***
Həmin gün Milli Məclisin Sədri Oqtay Əsədov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Fəhd bin Əli əl-Dusəri ilə də görüşmüşdür.
Milli Məclisin Sədri Fəhd bin Əli əl-Dusəri Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin olunması münasibətilə təbrik edərək, fəaliyyətində ona uğurlar arzuladı. Qeyd etdi ki, Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini ilk tanıyan və onunla ilk diplomatik əlaqələr yaratmış ölkələrdəndir. Ölkəmiz Səudiyyə Ərəbistanı Krallığı ilə hərtərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verir və 2005-ci ilin mart ayında Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərindən sonra bu əməkdaşlıq daha da intensivləşmişdir. Yüksək səviyyəli rəsmi səfərlər zamanı imzalanmış sənədlər iki dost ölkə arasında sıx dostluq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə vermişdir.
İkitərəfli münasibətlərin inkişafında ölkələrimizin ali qanunvericilik orqanlarının mühüm rolu barədə danışan spiker Milli Məclisdə Azərbaycan - Səudiyyə Ərəbistanı Krallığı parlamentlərarası işçi qrupunun fəaliyyət göstərdiyini və belə bir qrupun Səudiyyə Ərəbistanı Krallığı Parlamentində də olduğunu xatırlatdı.
Milli Məclisin Sədri Səudiyyə Ərəbistanı Krallığının beynəlxalq təşkilatlar, xüsusilə də BMT, İKT və onun Parlament İttifaqı çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın mövqeyini müdafiə etməsini yüksək qiymətləndirdi. Səudiyyə Ərəbistanı Krallığının prinsipial mövqe tutaraq, indiyədək Ermənistanla diplomatik əlaqələr yaratmamasını təqdirəlayiq hesab etdi, səfirə diplomatik fəaliyyətində uğurlar arzuladı.
Səmimi görüşə görə minnətdarlığını bildirən səfir iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini, iqtisadiyyat, elm, təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələrimizin daha da dərinləşdirilməsi üçün geniş imkanların mövcud olduğundan söz açdı.
Diplomatik missiyası dövründə iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi.
Milli Məclisin
mətbuat xidməti
Azərbaycan.-2009.-30 aprel.-S.2.