Mükəmməl siyasi və hüquqi islahatların banisi

 

Tarixdə böyük şəxsiyyətlərin yaranması prosesi mövcuddur və labüddür. Hər əsrdə məhz tarixi şəxsiyyətlər, dünyanın düzəninə və inkişafına bu və ya digər formada təsir edir, öz intellektual səviyyəsi, nadir istedadı, təkrarolunmaz qabiliyyəti sayəsində bəşəriyyətə yeniliklər gətirirlər. Belə dahilərdən biri olan zəmanəmizin görkəmli siyasi lideri, özünün yüksək dühası və siyasi uzaqgörənliyi ilə şöhrət qazanmış, adı dünyanın ən böyük şəxsiyyətləri ilə bir sırada çəkilən ümummilli liderimiz Heydər Əliyevin irsinin öyrənilməsi ilk növbədə dövlətçilik və azərbaycançılıq ideyalarının təməl prinsiplərinin daha da möhkəmlənməsinə xidmət edir.

Bu baxımdan, bəşər tarixinin ən qüdrətli dövlət və siyasət adamları, dahi və müdrik şəxsiyyətləri sırasında layiqli yer tutan ümummilli liderimiz Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunun etibarlı bələdçisi olmaqla, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcudur.

XX-XXI əsrlərin qovuşuğunda otuz ildən artıq bir müddətdə Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və vətənini canından artıq sevən ən böyük azərbaycanlı, şərəfli adı bizim üçün həmişə əziz və unudulmaz olan Heydər Əliyevlə bağlı olmuşdur. Bu illər xalqımızın milli mənlik şüurunun oyanışı, azadlıq və müstəqillik hissinin güclənməsi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının vüsətli dirçəlişi ilə yadda qalmışdır. Bütün həyatını və siyasi fəaliyyətini böyük tarixi keçmişi və zəngin mədəniyyəti ilə fəxr etdiyi xalqının və vətəninin tərəqqisinə həsr etmiş Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxaraq, ölçüyəgəlməz irəliləyişə nail olmuşdur. Çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri olan ümummilli liderimizin fəaliyyəti təkcə Azərbaycan üçün deyil, həm də postsovet məkanı üçün mühüm əhəmiyyət daşımaqla yanaşı, dünya miqyasında gedən proseslərə də təsir göstərmişdir.

Ulu öndərimiz Heydər Əliyevin praqmatik siyasətə arxalanaraq Azərbaycan üçün taleyüklü və həlledici məqamlarda qazandığı uğurların, ölkəmizin daxili və xarici siyasət sahəsində bir-birinin ardınca əldə edilən müvəffəqiyyətlərin və ümumiyyətlə, bu fenomenal şəxsiyyətin bütövlükdə gördüyü işlərin Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğuna qiymət vermək üçün ümummilli liderimizin hakimiyyət zirvəsində olduğu uzun müddət ərzindəki fəaliyyətinin xronoloji ardıcıllıqla təhlil edilməsi zərurəti yaranır :

1969-cu ilin iyulunda Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı. Xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı tədbirlər həyata keçirilməsi sayəsində insanlarda nəinki milli ruhun və özünüdərkin oyanışını şərtləndirdi, həmçinin onların ictimai fəallığının və işgüzarlığının yüksəlməsinə təkan verdi. Milli qürur hissinin güclənməsi, milli şüurun yüksəlməsi sosial-iqtisadi və mədəni həyatın bütün sahələrinin dirçəlişi üçün zəmin oldu. Bu, xalq ruhuna dərindən bələd olan respublika rəhbərinin təşəbbüskarlığının və uzaqgörənliyinin nəticəsi idi. Tarixi hadisələrin sonrakı gedişi də sübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevrilməsi və cəmiyyətin bu ideya ətrafında səfərbər olması üçün şərait yaratdı. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş ittifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi. Azərbaycanın indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası hələ 1970-1980-ci illərdə təməli Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır.

XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin titanik siyasi fəaliyyətinin nəticəsi, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə onun hakimiyyətə qayıdışının bəhrəsidir.

Dünya siyasətinin tanınmış simalarından biri olan Süleyman Dəmirəl ümummilli liderimizin həmin dövrdəki tarixi missiyasını çox düzgün ifadə etmişdir: "Çörçill ingilis millətinə 40 il xidmət etdi, ancaq bu xidmətin sonunda, 1940-cı ildə lazım oldu. O zaman Çörçillin edəcəyi xidməti göstərəcək ikinci adam yox idi. Bəşər tarixində insanlar hər zaman millətinə xidmət edir, ancaq bəzən lazım olurlar. Ruzveltin 1942-ci ildə, De Qollun 1958-ci ildə, Adenauerin 1946-cı ildə lazım olduğu kimi... Hörmətli Heydər Əliyev Azərbaycan millətinə çox xidmət etmişdir, amma 1993-cü ildə lazım idi. Onun gördüyü işi görəcək başqa heç kim yox idi. Yaxşı ki, o, vardı! Biz belə düşündük və haqlı çıxdıq!"

Hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqaməti kimi müəyyənləşdirdi.

"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin onuncu ildönümü haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 mart 2001-ci il tarixli fərmanında deyilir: "Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini əldə etməsi keçmiş SSRİ-də və bütün dünyada 80-ci illərin ortalarından başlayaraq gedən ictimai-siyasi proseslərin labüd nəticəsi idi. Bu obyektiv tarixi gerçəklik SSRİ-nin dağılmasına, Kommunist Partiyasının tarix səhnəsindən çəkilməsinə və nəticə etibarilə müttəfiq respublikaların hər birinin müstəqil dövlətə çevrilməsinə gətirib çıxardı. Bunun ardınca yeni müstəqil dövlətlərin, eləcə də Azərbaycan Respublikasının dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınması beynəlxalq hüquq normalarının qanuni təzahürü oldu".

Həmin dövrdə həlli vacib olan məsələlərdən biri davam etməkdə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gedişinə təsir göstərə biləcək qəti addımlar atılması idi. Bunsuz ölkənin ərazi bütövlüyünü qorumaq, daxili ictimai sabitliyə nail olmaq mümkün deyildi. Milli ordunun döyüş qabiliyyətinin artırılması və genişmiqyaslı müdafiə tədbirlərinin həyata keçirilməsi, döyüşçülərdə yaranan ruh yüksəkliyi sayəsində düşmənə qarşı bir neçə uğurlu hərbi əməliyyat aparıldı. Belə şəraitdə beynəlxalq qüvvələrin təsiri altında münaqişə tərəfləri atəşi dayandırmaq barədə razılığa gəldilər. Bu barədə saziş 1994-cü ilin mayında imzalandı və münaqişənin dinc vasitələrlə aradan qaldırılmasında prioritet istiqamət sayıldı. Ötən on bir ildə bu istiqamətdə göstərilən səylər konkret nəticə verməsə də, atəşkəs rejimi Azərbaycanın müstəqil dövlət kimi yaşamasını və sonrakı inkişafını şərtləndirən amillərdən biri olmuşdur.

Belə bir faktı qeyd etməyə dəyər ki, Heydər Əliyevin ölkə iqtisadiyyatında köklü dəyişikliyə gətirib çıxaran və müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinə məhz atəşkəsdən sonra başlanıldı və 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsi imzalandı.

1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə silahlı cəhdlərin göstərilməsi müstəqil dövlətçiliyimiz üçün növbəti sınaq oldu. Ulu öndər Heydər Əliyevin qətiyyəti, xalqın öz qüdrətli liderini qızğın şəkildə dəstəkləməsi nəticəsində bu təhlükəli cəhdlərin qarşısı alındı, ölkədə hakimiyyəti zor və silah gücünə ələ keçirmək ənənəsinə birdəfəlik son qoyuldu.

1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazılmışdır. İctimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti oldu və ümummilli liderimizə dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq, genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaratdı.

Böyük öndərimiz yaxşı bilirdi ki, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Konstitusiyanın - Əsas Qanunun rolu qat-qat artır.

Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin milli Konstitusiyasının qəbul olunması və parlament seçkiləri keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci ildə noyabrın 12-də keçirilən referendumda - ümumxalq səsverməsində qəbul edildi. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil etdi. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər, fundamental hüquq və azadlıqlar öz əksini tapmışdır.

Ölkəmizdə müasir dövlət quruculuğunun həyata keçirilməsinin, bəşəri-demokratik dəyərlərə uyğun dövlətçilik təsisatları və cəmiyyət modeli formalaşdırılmasının hüquqi əsasları yarandıqdan sonra Azərbaycanın müstəqilliyi möhkəmləndirildi, əbədi və dönməz xarakter aldı.

1995-2003-cü illər Azərbaycan demokratik prinsiplərə sadiq bir dövlət kimi inkişaf etdi və dünya birliyinə inteqrasiya yolunda çox böyük nailiyyətlər qazandı. Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi, gərgin zəhməti və təşəbbüskarlığı, yaradıcı dühası və beynəlxalq nüfuzu olmadan bütün bunları əldə etmək mümkünsüz idi.

Bu illərdə Konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşmış, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilmişdir. Ölkəmizdə müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün şərait yaradıldı. Memarı və qurucusu Heydər Əliyev olan müasir dövlətimizdə siyasi plüralizm, fikir azadlığı demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir. Ümummilli liderimiz vicdan azadlığının təmin edilməsini, tolerantlıq mühitinin formalaşmasını əsl vətəndaş cəmiyyəti quruculuğunda mühüm amil sayırdı və respublikaya rəhbərliyi dövründə bu amilləri dövlət həyatının ayrılmaz hissəsinə çevirmişdir. Heydər Əliyevin bilavasitə təşkilatçılığı və rəhbərliyi ilə ölkəmizin məhkəmə-hüquq sistemi beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulmuşdur. Bu sahədə aparılan islahatlar hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsi, ölkəmizdə insan hüquqlarının təmin edilməsi və qorunması üçün böyük əhəmiyyət kəsb etmişdir.

Ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi ümummilli liderimizin fəaliyyətinin əsas qayəsini təşkil etmişdir. Bu fikri əsaslandırmaq məqsədilə tarixi əhəmiyyət kəsb edən bəzi mühüm faktları bir daha sadalamaq və təhlil etmək faydalı olardı. Beləliklə:

İlk növbədə, Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə qəbul edilmiş "Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında" qanunun müstəsna əhəmiyyəti qeyd edilməlidir. 1937-1938-ci illərdə minlərlə həmvətənimiz repressiyalara məruz qalmış, onlara "düşmən" və "cinayətkar" damğası vurularaq əsassız mühakimə edilmişdi. Demokratik, hüquqi dövlət quruculuğu yolunu tutmuş Azərbaycan xalqı milli müstəqillik əldə etdikdən sonra da bir çox çətinliklərlə qarşılaşmışdı. AXC-Musavat liderlərinin hakimiyyəti dövründə ölkədə hökm sürən hərc-mərclik, özbaşınalıq, qanunsuz silahlı birləşmələrin mövcudluğu, cinayətkarlığın tüğyan etməsi insanların dinc yaşamasını təhlükəyə məruz qoymuşdu. Heydər Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində dövlətçiliyimiz möhkəmləndirildi, ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuzluqlara, zorakılığa son qoyuldu, vətəndaşlarımız təhlükəsiz yaşamaq hüququ əldə etdilər. Bütün bunlar demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat verdi.

Hər bir şəxsin həyatında və cəmiyyətdə insan hüquqlarının reallığa çevrilməsi amalı ilə yaşayan Azərbaycan dövləti insan hüquqları sahəsində bir çox beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyulmuş, daha sonra ölüm cəzasının tətbiqi məhdudlaşdırılmış və 1998-ci il fevralın 10-da Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası ləğv edilmişdir. Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığımıza əsaslanmaqla humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan ulu öndərimizin gələcək nəsillərə misilsiz töhfəsi oldu.

Dövlət başçısının 3 fevral 1998-ci il tarixli müraciətində deyilirdi: "Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm". Ölüm cəzasının ləğvi Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğu yolunda olmasını bir daha sübut etdi.

Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edilmiş, həmin vaxtdan ölkəmizdə 8 amnistiya aktı və 42 əfv fərmanı qəbul edilmişdir. Qeyd edilən amnistiya aktları 85 mindən artıq, əfv fərmanları isə 5 minə yaxın şəxsə tətbiq edilmişdir.

Heydər Əliyev hər kəsin hüquqlarına hörmətlə yanaşılmasını, şəxsiyyətinin alçaldılması, zorakılıq, işgəncə və bu kimi qeyri-qanuni üsul və vasitələrə yol verilməsi hallarının aradan qaldırılmasını hüquq-mühafizə orqanları qarşısında vacib vəzifə kimi qoymuşdur.

Heydər Əliyev ölkəmizdə demokratiyanın daha da inkişaf etdirilməsi sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədilə 1998-ci il fevralın 22-də "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzaladı. İnsan hüquqları sahəsində həyata keçiriləcək tədbirlərin istiqaməti və konsepsiyası həmin sənədlə müəyyən edildi və ümumdövlət səviyyəsinə qaldırıldı. Bunun ardınca təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair dövlət proqramında" Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, elmi-tədqiqat institutunun yaradılması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, mütəxəssislərin hazırlanması, öhdəliklərə əməl edilməsi və digər vəzifələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu fundamental sənədlərin fəlsəfəsi ondan ibarətdir ki, hər bir şəxs Konstitusiyada təsbit edilmiş hüquqlarının həyata keçirilməsi üçün bütün imkanlara malik olsun. Belə ki, Konstitusiyada bəyan edilmiş hüquqların həyata keçirilməsi üçün bir sıra mühüm qanunlar qəbul olunmuş və çevik hüquqi mexanizmlər müəyyənləşdirilmişdir. "Kütləvi informasiya vasitələri haqqında", "Dini etiqad azadlığı haqqında", "Ölkədən getmək və ölkəyə gəlmək haqqında", "Sərbəst toplaşmaq azadlığı haqqında" və digər qanunları misal göstərmək olar.

Konstitusion hüquqların təminatı baxımından "Konstitusiya Məhkəməsi haqqında" qanunun qəbul edilməsi və bu məhkəmənin yaradılması demokratik hüquqi dövlət quruculuğu yolunda atılmış böyük addım idi. Sözsüz ki, vətəndaşların Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququna malik olmaları onların hüquqlarının müdafiəsi baxımından olduqca əhəmiyyətli vasitənin əldə edilməsi deməkdir. Xüsusilə qeyd edilməlidir ki, 24 avqust 2002-ci il tarixdə keçirilmiş referendum nəticəsində Konstitusiya Məhkəməsinin səlahiyyətlərində də əhəmiyyətli dəyişikliklər olmuşdur. Konstitusiyaya edilmiş dəyişikliklə Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ olan subyektlərin dairəsi xeyli genişlənmiş və əvvəlki subyektlər dairəsinə ombudsman, ümumi yurisdiksiyalı məhkəmələr və vətəndaşlar da daxil edilmişdir.

İnsan hüquqlarının məhkəmədənkənar müdafiəsi mexanizmi də mühüm əhəmiyyət daşıyır. Hazırda respublikamızda 1600-dən çox ictimai təşkilat, o cümlədən onlarca hüquq müdafiə təşkilatları rəsmi dövlət qeydiyyatına alınaraq normal fəaliyyət göstərir. Nizamnamə məqsədlərinə və fəaliyyətlərinə görə bu təşkilatlar qadın, uşaq, gənclər, hüquq müdafiə, xeyriyyə, mədəniyyət, təhsil təşkilatları, həmkarlar ittifaqları və digər sahələri əhatə edir.

Ölkəmizdə insan hüquqlarının qorunması üzrə yeni sistemin yaranmasının parlaq təzahürlərindən biri də "İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" qanunun qəbul edilməsi oldu. Belə bir hüquqi təsisatın yaradılması qabaqcıl dövlətlərdə tətbiq edilən səmərəli institutların ölkəmizdə fəaliyyət göstərməsinə şərait yaratdı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsi, dövlətimizin beynəlxalq birliyə tamhüquqlu üzv kimi qəbul olunması üçün müvafiq hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Milli Məclisin qəbul etdiyi qanunvericilik aktlarının, o cümlədən "Vətəndaşlıq haqqında", "Sərbəst toplaşmaq azadlığı haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında", "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və digər qanunların əsas ruhu insan hüquqlarının müdafiəsi təminatlarının yaradılması olmuşdur.

Bunlar bir tərəfdən Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun təmin edilməsi, çoxpartiyalılığa, müxtəlif siyasi cərəyanların ideyalarının azad ifadə olunmasına əsaslanan siyasi sistemin yaradılması, insan və vətəndaş hüquqlarının qorunmasına qulluq edən təsisatların formalaşması, digər tərəfdən isə ölkəmizdə azad rəqabətə, inkişaf etmiş mülki dövriyyəyə, müasir bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın qurulması məqsədini güdən qanunvericilik tədbirlərini əhatə etmişdir.

Heydər Əliyev respublikamızda mətbuata dövlət qayğısını, kütləvi informasiya vasitələrinin inkişafını, fikir, söz və məlumat azadlığının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edərək 1998-ci il avqustun 6-da imzaladığı fərmanla 1992-1993-cü illərdə sərbəst informasiya fəaliyyətinə qoyulmuş məhdudiyyətləri aradan qaldırdı.

Bu təşəbbüs mətbuatda böhtan, təhqir, şərəf və ləyaqəti alçaldan məlumatların yayılmasına deyil, ölkəmizdə söz, fikir və məlumat azadlığının təmin edilməsinə, hüquqi və etik normaların gözlənilməsinə və qanunlara uyğun mexanizmin yaradılmasına yönəldilmişdi.

İnsan hüquqları probleminin vacibliyini nəzərə alaraq respublikamızda Qadın Problemləri üzrə Dövlət Komitəsi, Prezidentin Administrasiyasında isə İnsan Hüquqlarının Müdafiəsi Məsələləri üzrə Qurum yaradıldı. Ali təhsil müəssisələrinin tədris planlarına insan hüquqlarına dair kurslar daxil edildi, müvafiq dərsliklər buraxıldı. Bu sahədə elmi-tədqiqat işlərinin aparılması və biliklərin dərinləşdirilməsi məqsədilə Elmlər Akademiyasının nəzdində İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında isə müvafiq kafedra təsis edildi. Hüquq-mühafizə orqanlarının tədris mərkəzlərində bu məsələlərlə bağlı tematik planlar tərtib olundu. Bundan əlavə, insan hüquqlarına dair bir neçə elmi-kütləvi jurnalın buraxılışına başlandı.

Bütün bunlar bir daha onu sübut edir ki, bu gün müstəqil Azərbaycanın hüquqi, dünyəvi və demokratik dövlət imicinin formalaşmasında ümummilli liderimizin xidmətləri əvəzsizdir.

Böyük öndərimizin ölkəyə rəhbərliyi dövründə dövlət quruculuğunda, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda mühüm işlər görülməsi ilə yanaşı, digər istiqamətlərdə də möhtəşəm nailiyyətlər qazanılmışdır. Möhkəm maddi-texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik güclü ordunun formalaşması ümummilli lider və böyük sərkərdə kimi Heydər Əliyevin dövlətçilik fəaliyyətinin ən parlaq nəticələrindəndir. Onun gərgin diplomatik səyləri və şəxsi nüfuzu sayəsində müstəqil respublikamız bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmiş və öz beynəlxalq mövqeyini möhkəmləndirmişdir. Heydər Əliyevin xarici siyasəti dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu əsaslar üzərində faydalı əlaqələr qurmağa yönəlmişdi. Bu siyasət indi də uğurla davam etdirilir, öz diqqətəlayiq bəhrələrini verir.

Bu gün Azərbaycan dövlətçiliyinin ən mühüm problemi ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Ermənistan Respublikasının təcavüzü nəticəsində işğal altına düşmüş ərazilərimizin azad edilməsi, viran qoyulmuş kənd və şəhərlərimizin bərpa olunması, sayı bir milyona çatan və uzun müddətdən bəri məşəqqətli köçkün həyatı sürən soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması Azərbaycan dövlətinin qarşısında çox məsul bir vəzifə, ən vacib məqsəd kimi durur. Müstəqil dövlətçiliyimizin banisi, müasir Azərbaycanın memarı, böyük öndərimiz Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyev xalqımıza hədsiz məhrumiyyətlər, müstəqil dövlətimizə böyük itkilər gətirmiş təcavüzə son qoyulması üçün çoxşaxəli və səmərəli hüquqi-diplomatik addımlar atır. Bütün bunların nəticəsidir ki, indi dünya birliyi Azərbaycanın haqlı olduğunu, Ermənistanın işğalçı və təcavüzkar siyasət yeritdiyini daha yaxşı anlayır. Heç təsadüfi deyildir ki, bir çox beynəlxalq təşkilatlar Avropa Şurasının Parlament Assambleyasının 2005-ci il qış sessiyasının qəbul etdiyi qətnamədə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı bir daha təsdiqlənmiş, onun təcavüzkarlıqdan əl çəkməsi tələb olunmuşdur.

Öz şərəfli və möhtəşəm fəaliyyəti ilə doğma vətəninin və xalqının adını əlçatmaz zirvələrə ucaltmış möhtərəm Heydər Əliyev daim böyük qürur hissi ilə deyirdi: "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam".

Azərbaycanın bugünkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun əsəri olan müasir Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Bu gün xalqımız ümummilli lider Heydər Əliyevin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev dövlətimiz qarşısında taleyüklü məsələləri xalqımızın dəstəyi ilə başa çatdıracaq, Heydər Əliyevin müstəqil dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə daha da zənginləşdirəcəkdir.

 

 

Əli Hüseynov,

Milli Məclisin

Hüquq siyasəti və dövlət

quruculuğu komitəsinin sədri

 

Azərbaycan.-2009.- 30 aprel.-S.3.