Mənim əsgər balam

 

 Oğlanlarımızın nə vaxt böyüdüklərini hiss etmirik. Bircə onu bilirik ki, orduda xidmətə çağırılırlarsa, deməli, həddi-büluğa çatıblar. Ordudan geriyə isə kişiləşərək dönürlər: həm mənəvi, həm də fiziki cəhətdən!

Əsgər paltarı geyinərək Vətənin keşiyində durmaq hər bir gənc üçün şərəfli və məsuliyyətlidir. Övladını ordu sıralarında xidmətə yola salan hər bir valideyn bundan qürur və iftixar duyur. Bəzən dilə gətirməsə də, ürəyində təbii nigarançılıq hissi də yaranır. Xüsusən də anaların. Axı indiyə qədər gözündən uzaq qoymadığı övladı müəyyən müddətə ondan kənarda yaşayacaq, başqa yerdə bişən xörəklərdən yeyəcək, yatanda gecələr durub üstünü örtən olmayacaq... Eh, anaların yuxusunun ərşə çəkilməsi üçün o qədər bəhanə var ki... Xüsusən də əgər əsgər balası müharibə şəraitində olduğumuz bir dövrdə xidmət edirsə, məkrli düşmən snayperi hər an onu hədəfə alaraq atəş açmağa hazırdırsa, anaları qınamağa dəyməz! Onları başa düşmək, ürək-dirək vermək, daim ordudakı vəziyyətlə bağlı məlumatlandırmaq son dərəcə vacibdir. Sonuncu missiya kütləvi informasiya vasitələri işçilərinin də üzərinə zəruri və məsul vəzifə qoyur - orduda gedən müsbət proseslər, əsgər həyatı ilə bağlı məsələlər barədə ictimaiyyətə mütəmadi və obyektiv informasiya vermək, həm də bu mövzuda peşəkarlıqla və "isti ürəklə" yazmaq vəzifəsini. Ölkə miqyasında ordu quruculuğu istiqamətində görülən işlər, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən atılan addımlar hər kəs üçün açıq və aydındır. Azərbaycanda ən müasir, modern və güclü ordu yaradılması cənab İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdəndir. Ali Baş Komandan özü bu barədə deyir: "Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur, çox önəmli bir rəmzdir. O cümlədən Azərbaycan üçün. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan hələ də müharibə şəraitində yaşayır, orduya diqqət daim yüksək səviyyədə olmalıdır. Bu gün Azərbaycanın ordusu Cənubi Qafqazda ən güclü ordudur. Biz bu hərbi üstünlüyü əldə etmişik və gərək bunu möhkəmləndirək. Bu üstünlük daha da böyük olmalıdır və biz buna da nail olacağıq. Bu münaqişəni həll etmək üçün, işğala son qoymaq üçün həm siyasi-diplomatik səylər göstərilməlidir, həm də düşmən bilməlidir ki, Azərbaycan ordusu istənilən vaxtda öz doğma torpaqlarını azad edə bilər və lazım olan vaxtda bütün gücümüzü səfərbər edərək biz buna nail olacağıq. Ordunun bütün məsələləri müntəzəm qaydada həll edilir. Mən bunu daim diqqət mərkəzində saxlayıram. Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi bu, mənim borcumdur. Mən bundan sonra da orduya böyük diqqətlə, böyük qayğı ilə yanaşacağam".

Mətbuatın xalqa ordu barədə operativ və obyektiv informasiya çatdıra bilməsindən ötrü özü məlumatlı olmalıdır. Son dövrdə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissələrin qapılarının (aydın məsələdir ki, hərbi sirlər qorunmaqla) ictimaiyyət nümayəndələrinin üzünə geniş açılması sahəsində müəyyən tədbirlər görülmüş, birgə layihələr həyata keçirilmişdir. Milli Məclis deputatlarının, qeyri-hökumət təşkilatlarının və mətbuat nümayəndələrinin cəbhə bölgəsindəki hərbi hissələrə birgə səfərləri də belə tədbirlərdəndir. Növbəti səfər ötən həftə, cəbhənin Ağdam istiqamətinə idi. Budəfəki qrupda Milli Məclisin deputatları - Aydın Həsənov, Bəxtiyar Əliyev, Qənirə Paşayeva, Aydın Mirzəzadə, habelə QHT-lərin, informasiya agentliklərinin, televiziya kanallarının nümayəndələri, bir sıra qəzetlərin baş redaktorları vardı.

 

Azərbaycan ordusu - mənim ordum

 

 SSRİ-nin tərkibində yaşadığımız yetmiş il ərzində öz ordumuz - Azərbaycan ordusu olmadı. "Qızıl ordu" adlanan ordunun silahlanmasına, saxlanılmasına bütün "müttəfiq respublikalar" kimi, Azərbaycan da böyük vəsait verirdi. Adını "sülh ordusu", "ən humanist ordu" qoyaraq daim sevər, şəninə şeir qoşub, mahnılar bəstələyərdik. 1990-cı ilin 20 Yanvar faciəsi olmasaydı, sovet ordusunun hissələri zirehli texnika ilə Bakıya gələrək dinc əhalini qırıb-çatmasaydı, bəlkə, indi də "qızıl ordu"nun humanistliyinə, mərkəzin tərəfsizliyinə və ədalətinə inanardıq. Elə ki, SSRİ adlı qırmızı imperiya laxlayaraq dağıldı, ölkəmizin ərazisinin 20 faizinin işğalına, 20 min insanın şəhid getməsinə və bir milyondan çox azərbaycanlının qaçqın, məcburi köçkün düşməsinə səbəb olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlandı, həqiqət tam çılpaqlığı ilə aşkara çıxdı. "Ordun varsa, yurdun var" kəlamının nə qədər müdrik deyim olduğunu anladıq. Amma Azərbaycandan ərazi qoparılması niyyəti ilə başlayan bu məkrli planlar maraqlı dövlətlər tərəfindən dəstəklənərək həyata keçirilməsinə şərait yaradılanda milli ordumuz yox idi. Heç onun yaradılması barədə o zaman Azərbaycana başçılıq edənlərin özləri də düşünmürdülər. Moskvaya kölə sədaqəti göstərən A.Mütəllibov Qarabağın sərhəd kəndlərində və münaqişə bölgəsində yaşayan azərbaycanlı əhalisinin ov tüfənglərini belə əllərindən aldırdı. Yaranmış qarışıqlıqdan istifadə edərək "tankın belində" iqtidara gələn AXC-Müsavat cütlüyü isə nəinki nizami ordu yarada bilmədi, əksinə, mövcud silahlı birləşmələri cəbhə bölgəsindən Bakıya çağıraraq hakimiyyət kürsüsünü qorumağı tapşırdı. Beləliklə, hər tərəfdən kömək alan məkrli düşmən qarşısında əliyalın qoyulan xalq ev-eşiyini tərk etmək məcburiyyətində qaldı. Adına ordu deyilən başıpozuq silahlı birləşmələr isə torpaqları qoruyub saxlamaq iqtidarında deyildi. Xalq kimlərinsə siyasi hakimiyyəti ələ keçirməsinə xidmət edən həmin ordudan rəncidə düşərək incidi.

Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra ordu quruculuğu sahəsində də əsaslı dönüş başladı. Qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, əhalidə saxlanılan külli miqdarda qanunsuz silah geriyə alındı, müharibədə atəşkəsə nail olundu, ölkədə möhkəm və dönməz sabitlik yaradıldı. Xalqın yüksək etimadına və dəstəyinə arxalanan ulu öndər qısa müddət ərzində bir çox məsələləri həll etdi. Bunlardan biri də ordu quruculuğu idi. Kəlbəcər və Füzuli istiqamətində düşmənə güclü zərbə endirildikdən və nəticədə atəşkəs sazişi imzalandıqdan sonra milli ordu quruculuğuna başlandı. Bu gün Azərbaycanda çox güclü, nizami ordu var. Bugünkü ordunun səviyyəsinin də əsas səbəbi 1990-cı illərin ortalarında orduda başlamış islahatlar, ordunun hazırlıq səviyyəsinin qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkar kadrların hazırlanması, təhsil məsələlərinə verilən böyük diqqət və qayğı ilə bağlıdır. Bu gün hər bir ölkə vətəndaşı Azərbaycan ordusuna sonsuz məhəbbət və iftixar hissilə "Mənim ordum" deyir və inanır ki, onun ordusu Ali Baş Komandanın əmr verəcəyi təqdirdə işğal altındakı torpaqları qısa müddətdə azad etməyə qadirdir!

 

Torpağa kim nə əkir

 

Elə bil yağış səfərə çıxmağımızı gözləyirmiş. Qarabağın yaşıl örpəyə bürünən düzləri və meşələri sel-suya qərq olmuşdu. Hətta uzaq dağlara qar da yağırdı. Kimi bunu taxıl əkinlərinə məhsuldarlıq gətirən nemət, kimi də meyvənin qənimi sayırdı. Bizə isə çətin hava şəraitində ordunun necə davranacağını görmək maraqlı idi.

Qrup üzvlərini aparan avtomobil karvanı Ağdamın işğaldan azad ərazisi ilə cəbhə xəttinə doğru irəliləyir. Yolun hər iki tərəfi əkin sahələridir. 1994-cü ildə atəş dayandırılanda buralarda çadırlar qurulmuşdu. Tezliklə geriyə - Ağdama qayıdacaqlarını güman edənlər qaçqın şəhərciklərinə tələsmirdilər. Amma sonradan hamı reallıqla hesablaşdı. Şok vəziyyətində yaşayan insanlar nə edəcəklərini bilmir, əlləri işə yatmırdı. İşlməyə iş də yox idi. Boş torpaqları becərməyə imkan, başlıcası, suvarma suyu çatmırdı. Ehtiyac və torpaq həsrəti tezliklə adamların münasibətini dəyişdi. Məcburi köçkün həyatı yaşayanlar bu gün torpağa daha çox bağlanıblar. Elə bil doğma ev-eşiklərinin iyini Ağdamın bu bir parça ərazisindən alırlar. Üstəlik, həm başlarını qatır, həm də çörəklərini qazanırlar. İl boyu bu torpaqlar boş qalmır. Payızda kələm, yazda-yayda xiyar-pomidor və bostan məhsulları, qışda yerkökü becərilir. İldə azı 3 dəfə məhsul götürülür. Müştəriləri də başlarının üstündə. Bakıdan uyğunlaşdırılmış "Volqa" və "Jiquli"lərlə gəlib meyvə-tərəvəzi paytaxt alıcılarına daşıyırlar. Əziyyətli də olsa, bu hesaba özünə təzə ev-eşik düzəldənlər, minik maşını alanlar, oğul evləndirib qız köçürənlər də çoxdur. Dövlətin köməyini də hamı minnətdarlıqla qeyd edir. Düşmən Ağdam ərazisinə gələn su kanallarının və çayların qarşısını kəsib. Qışda, gərəksiz vaxtlarda açıb buraxır ki, sel suları ziyanlıq vursun. Bu gün Ağdam ərazisinə təbii axarla bir litr də su gəlmir. Əkilən sahələrin həcmi isə 20 min hektara çatıb. İşğaldan əvvəl bu ərazilərdə 300-dək artezian quyusu qazılmışdı. Bu gün isə onların sayı 700-ə çatıb. Ehtiyac tam ödənilməyib. Çünki torpaqdan yapışanların, əkin-biçinlə məşğul olanların sayı getdikcə artır. Ələbaxımlıqdan bezmiş insanlar zəhmətləri hesabına qazanmaq, minnətsiz çörək yemək istəyirlər. Yazın yağmurlu keçməsi onların fəallığını daha da artırıb. Su çatan yerlərdə bir qarış belə boş sahə qalmayıb.

Bu, torpağı işğala məruz qalan, ən çətin günündə də halal zəhmətlə dolanan Azərbaycan kəndlisidir.

Torpaqlarımızı qəsb edənlər də boş dayanmayıblar. Onlar evlərimizi yandırıb dağıdır, meşələrimizi qırıb daşıyır, yayda sahələrə od vurub yandırırlar. Yırtıcı sifətli, bayquş xislətlilər sanki xarabalıqlarda yaşamaqdan zövq alırlar. Əkib-becərdikləri isə narkotik bitkilərdir. Torpaqlarımız işğal edildikdən sonra İranla 132 kilometrlik sərhəd zolağına Azərbaycanın nəzarət imkanları itirilmişdir. Dəfələrlə bu ərazilərdə terrorçu qruplaşmalar üçün muzdlular hazırlanması, narkotik maddələrin yetişdirilməsi, daşınması barədə məlumat yayılsa da, müvafiq beynəlxalq qurumlar lazımi reaksiya verməmişlər. Görünür, hamı özümüzün geriyə dönərək işğaldan azad edəcəyimiz ərazilərimizdə qayda-qanun yaradacağımızı və təmizləmə aparacağımızı gözləyir.

Hələlik isə yırtıcı heyvanlar belə xislətdə onlara tay insanlarla bir yerdə yaşamaq istəmirlər. Bir neçə il öncə işğal ərazisindən Quzanlıya siçanlar sürülərlə keçib gəlirdi. Yayda onları ilan sürüləri əvəz etmişdi. İndi isə daha bir təhlükə yaranıb. Vəhşi heyvanlar, xüsusən canavarlar və digər yırtıcılar tez-tez evlərin həyətlərinə hücum çəkir, mal-qaraya ziyan vurur. İnsanlara da hücum halları artıb. Hər halda, yerli əhali yırtıcı heyvanlardan və quduz düşmənlərdən qorunmağı öyrənib. Mütəxəssislər yırtıcı və gəmiricilərin acından yem dalınca biz tərəfə üz tutduqları qənaətindədirlər. Təəccüblü deyil! Ermənistan ordusunun ac əsgəri qaçıb ağdamlılara pənah gətirirsə, onlardan yemək və başqa ölkəyə keçməkdə kömək istəyirsə, vəhşi heyvanlar niyə bizə sığınmasın?!

 

Zabitlər, əsgərlər, vəzifələr

 

 Ordu quruculuğu sahəsində qarşıda duran vəzifələrdən birini Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev belə müəyyənləşdirmişdir: "Bizim ordumuz istənilən vaxtda torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Amma istəyirik ki, ordumuz daha güclü olsun. Orduda xidmət edən zabitlərin, əsgərlərin şəraiti daha yaxşı olsun. Siz görürsünüz ki, mənim fəaliyyətimin əsas istiqamətlərindən biri də ordunu gücləndirməkdən, onun maddi-texniki bazasını möhkəmləndirməkdən ibarətdir. Biz güclü orduya malikik, amma hər gün, hər an bu istiqamətdə daha böyük addımlar atmalıyıq. Mən şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Şübhə etmirəm ki, biz torpaqlarımızı azad edəcəyik. Amma, əbəttə, biz istərdik, bu, sülh yolu ilə olsun".

Ordu xalqın nümayəndələrindən təşkil edilir, dövlət tərəfindən təchiz olunur və yaşadılır. Orduda əsas sima zabit sayılır. Onun vətənpərvərliyindən, fiziki-mənəvi keyfiyyətlərindən, hərbi biliklərlə necə silahlanmasından, həmin bilik və vərdişləri əsgərlərə - tabeliyindəki şəxsi heyətə necə öyrətməsindən çox şey asılıdır. Güclü və modern ordu quruculuğunun ən mühüm şərtlərindən biri peşəkar zabit korpusunun yaradılmasıdır. Hələ Azərbaycana birinci rəhbərliyi dövründə ulu öndər Heydər Əliyev bu sahədə xeyli iş görmüş, C.Naxçıvanski adına hərbi liseyin yaradılmasına, Bakıdakı, habelə keçmiş SSRİ-dəki hərbi məktəb və akademiyalara azərbaycanlıların qəbuluna nail olmuşdu. Müstəqillik dövründə isə ümummilli liderimizin rəhbərliyi altında zabit kadrların hazırlanması işi müasir tələblər səviyyəsində quruldu, möhkəm maddi-texniki bazası və təcrübəli müəllim heyəti olan məktəblər yaradıldı. Bu gün orduda xidmət edən zabitlərin böyük bir qismi həmin məktəblərin məzunlarıdır.

Əsgər isə ordunun əsasını təşkil edir. Qısa müddətdə onun hərbi vərdişlərə yiyələnməsi, müxtəlif növ silahlardan istifadə etməyi öyrənməsi, fiziki cəhətdən möhkəm və mənəvi cəhətdən sağlam olması son dərəcədə vacibdir. Zabit korpusunun səy və bacarığı sayəsində həmin vəzifələr uğurla yerinə yetirilir. Ölkəmizin iqtisadi qüdrətinin sürətlə artması, dövlət başçısı tərəfindən ordu quruculuğunun daim diqqət mərkəzində saxlanılması öz səmərəsini vermişdir. Baş çəkdiyimiz hərbi hissədə bütün bunların bir daha canlı şahidi olduq. Hər yerdə təmizlik, səliqə-sahman və möhkəm intizamla rastlaşdıq. Zabitlər bizə müdafiə qurğuları və silahlar, təlim-tərbiyə və hərbi vərdişlərin öyrədilməsi sahəsində uğurlardan danışdılar. "N" hərbi hissəsində isə əsgər kazarmaları, idman və təlim qurğuları ilə tanış olduq, əsgər yeməkxanası, mətbəx və ərzaq anbarlarına baş çəkdik.

Əsgərlər xidmətin ilk günlərini və aylarını yaşasalar da, artıq hərbi ab-havanı götürmüşdülər. Kazarmalar təmiz və səliqəli, hər şey yerli-yerindəydi. Nahar vaxtı olduğundan əsgər yeməkxanasına üz tutduq. Analar adətən "balam nə tapıb yedi" qayğısını özlərinə dərd edirlər. Dünənədək onların sifarişi ilə xörək bişirən, bir dəfə oğlu az yeyəndə yuxusu qaçan analar əsgərlərin yedizdirilməsindən nigaran qalmasınlar. Bunlar elə-belə söz, təsəlli deyil! Ordumuzun təminatı baxımından günün gerçəkliyidir. Bir qədər xırdalamaq istəyirik. Hərbi hissədə olan gün əsgər süfrəsində nələri gördük. (Həm də orduya tez-tez baş çəkdiyimizdən hər dəfə eyni mənzərənin şahidi oluruq). Birinci xörək kartofla noxud sıyığı idi. Dadı xoşumuza gəldi. İkinciyə isə toyuq ətindən qovurma hazırlanmışdı. Mübaliğəsiz deyək ki, ev xörəyindən fərqlənmirdi. Ötəri şəkildə xatırladaq ki, sovet ordusunda xidmət zamanı belə xörəkləri heç zabitlərə də vermirdilər. Hər əsgərə 350 qramlıq bütöv çörək (həm də gündə üç dəfə) verilir. Cavanlar nə qədər iştahlı olsalar da, çörəyin hamısını yeyib qurtara bilmirlər. Süfrədə kompotdan əlavə, üzərində Müdafiə Nazirliyinə məxsusluğu yazılan təzə meyvə şirələri də vardı. Nahardan sonra hər iki qazana baxdıq. I və II xörəklərdən az da olsa artıq qalmışdı. Deməli, hamı doymuşdu. Heç kimi zorla yedirtmirlər. Süfrədən əskik olmayan sarımsaqdan isə hamının yeməsi məcburidir. Bu, əsgərin sağlamlığı, bədənin xəstəliklərə müqavimətinin artırılması üçün gərəkdir.

Mətbəxdə sarıbəniz aşpazla tanış olduq. Saşa rusdur, Bakıda yaşayır. Əsgəri borcunu verməyə gəlib. Azərbaycanca yaxşı danışır. Xörək bişirməyin ustasıdır. Orduda xidmətdən fəxr duyduğunu söylədi.

Ərzaq anbarlarındakı malların etiketlərinə diqqətlə baxdıq. Konservləşdirilmiş məhsulların hamısının üzərində tarixləri vardı. Heç nəyin vaxtı keçməmişdi. Bir çoxunun üstündə isə Müdafiə Nazirliyinə məxsusluğu (başqa yerə satılmasın deyə) göstərilmişdi. Yodlaşdırılmış duz diqqətimizi cəlb etdi. Bəzilərinin çəkisi az qala 500 qrama çatacaq kartof, iri və sağlam soğan Cəlilabaddan gətirilmişdi. Hər şey təmiz və dadlı idi. Yaxşı qidalanıb təmiz, isti yataqda yatan əsgər, təbii ki, sağlam və gümrah, güclü olar. Onun qarşısına qoyulan vəzifə isə vətəninə və xalqına gərəkdir. Hər bir əsgər müasir texnika və silahları, hərbi bilikləri dərindən mənimsəməli, sərhədləri möhkəm qorumalı, Ali Baş Komandanın "İrəli!" əmrinə hər an hazır olmalıdır.

Biz öz ordumuzu belə də gördük!

Əsgər balalarımızın can-başla xidmət etdikləri Milli Ordumuzu!

 

Qorxanlar qorxutmaq istəyirlər

 

Diqqət yetirmisinizmi - it hürərkən daim quyruğunu bulayır. Rəvayətə görə, bir dəfə bu barədə itdən soruşurlar:

- Niyə hürürsən?

- Qorxutmaq istəyirəm.

- Bəs quyruğunu niyə bulayırsan?

- Axı özüm də qorxuram, - deyə həqiqəti gizlətmir.

Ağdamın Uzundərə adlanan ərazisində Ermənistan ordusu yenə hərbi təlimlər keçirib. Milli ordunun yaranmasının 90 illiyi münasibətilə Bakıda keçirilən və ordumuzun qüdrətini əyani şəkildə nümayiş etdirən hərbi paraddan sonra düşmən yaman qorxuya düşüb. Tez-tez hərbi təlimlər keçirməklə o da "güclü" olduğunu göstərmək istəyir. Amma olmayan şeyi necə göstərmək olar! Hərbçi mütəxəssislər söyləyirlər ki, burada da yalana və riyakarlığa əl atırlar. Ən böyük dövlətlərin ən böyük və güclü orduları belə təlimləri on gün ərzində başa çatdırırlar. Ermənilərin hərbi təlimləri isə 20 gün, hətta daha çox çəkir. Zirehli texnikanı hissə-hissə atəş nöqtələrinə gətirir, sonradan həmin texnikanı başqa yerdən fırlayıb yenidən gətirib göstərirlər. Amma təcrübəli hərbçilərimizin gözündən heç nə yayınmır. Elə bu faktın özü - yalandan özünü güclü göstərmək niyyəti əslində zəiflikdən və ordu quruculuğundakı ciddi problemlərdən xəbər verir. Bir də ki, tez-tez qaçıb biz tərəfə keçən erməni əsgərləri nəyin necə olduğunu təfərrüatına qədər açıb söyləyirlər.

Yerinə düşməsə də, belə bir müqayisə aparaq. Bizdə Qarabağ uğrunda döyüşlər başlayanda bütün xalq ayağa qalxdı. Hərbi çağırış vərəqəsi gözləmədən respublikamızın hər bir guşəsindən, bütün rayonlardan cavanlar Qarabağa axışdılar, könüllü özünümüdafiə batalyonlarına üzv yazıldılar. Dinc sakinlər Qarabağın rayonlarından didərgin düşəndə isə hamı onlara isti qucağını açdı, evində yerləşdirdi, tikəsini yarı böldü. Bu gün ölkənin elə bir rayonu yoxdur ki, qarabağlı məcburi köçkün ailəsi orada yaşamasın. Hamı mehriban dolanır, qız verib, qız alır.

Ermənistan ordusunun ən böyük problemi isə qarabağlı məsələsidir. Yerevan ermənilərinin qarabağlıları görməyə gözləri yoxdur! Orduda isə bu, düşmənçilik səviyyəsinə çatıb. Odur ki, Qarabağdan olanlar Yerevanda, Yerevandan olanlar isə Qarabağda xidmət etmək istəmirlər. Məcburiyyət qarşısında qalanda isə fərarilik edirlər.

Başqa milləti sevməyənlərin gec-tez öz aralarında da düşmənçiliyə başlayacaqları təbii və gözləniləndir.

 

Sonda güclülər qalib gəlir

 

Ulularımız bizi həmişə sayıq olmağa, ehtiyatı əldən verməməyə çağırıb, "düşmən yatmır" deyiblər. Təəssüf ki, ötən əsrin 80-ci illərinin sonlarında bu xəbərdarlığı unutduq, dost cildli düşmənimizi vaxtında tanımadıq. Tərslikdən həmin dövrdə dünyada və SSRİ-də gedən prosesləri düzgün qiymətləndirən və səhvsiz qərarlar qəbul etməyi bacaran ulu öndər Heydər Əliyev də respublikadan uzaqda idi. Maymaq, qətiyyətsiz və səriştəsiz başçılar isə xalqı düz yolla aparmağı, bəlanı sovuşdurmağı, ölkəni yaxınlaşan fəlakətdən qurtarmağı bacarmadılar. Beləliklə, 20 min şəhid verib torpaqların 20 faizini itirərək bir milyondan çox qaçqın və məcburi köçkün "qazandıq". Müharibənin birinci mərhələsini uduzsaq da, məğlub olmamışıq. Ötən illər, dəyişən dövran Azərbaycanın xeyrinə işləyib. Bəlkə də burada "xeyir" sözü yerinə düşmür. Odur ki, onu müqayisədə aydınlaşdırmağa çalışaq.

Atəşkəs yarandıqdan sonra Azərbaycanla Ermənistan arasında hansı mühüm keyfiyyət dəyişiklikləri baş verib? Birlikdə nəzər salaq:

- Azərbaycan deklarativ müstəqilliyini reallığa çevirdi, ərazisində xarici dövlətlərin hərbi bazası və əcnəbi əsgərləri olmayan suveren dövlət oldu. Ermənistan isə Rusiya rəsmiləri tərəfindən elan edildiyi kimi, "forpost dövlət"dir;

- Azərbaycan BTC, BTƏ və BTQ kimi transmilli layihələrlə dünyaya inteqrasiya edən, Avropanın enerji təchizatında mühüm rolu olan ölkədir. Ermənistan blokadanın məngənəsində çapalayaraq hələ çıxış yolu axtarır;

- Azərbaycan təbii sərvətlərini satmaqla, sahibkarlığı inkişaf etdirməklə günü-gündən varlanır. Ermənistan diasporundan yığılan sədəqəyə göz dikir, qapı-qapı düşərək kredit dilənir;

- Azərbaycan yenidən tikilib-qurulur, enerji və nəqliyyat təhlükəsizliyni təmin edərək əhalisini daha yaxşı yaşadır. Ermənistan strateji obyektlərini belə qonşu dövlətə satır, monoetnik əhalisi tərəfindən tərk edilərək getdikcə boşalır;

- Azərbaycan artıq Qafqazda və dünyada söz sahibinə çevrilib. Ermənistan müti vəziyyətdə dayanaraq hər dəqiqə sahibindən əmr gözləyir;

- Azərbaycan hər il Silahlı Qüvvələrinə Ermənistanın büdcəsi qədər vəsait ayıraraq güclü və modern ordu yaradıb. Ermənistan vaxtaşırı teatrlaşdırılmış, yalançı hərbi təlimlər keçirməklə gözdən pərdə asmağa çalışır.

 

Belə getsə, son sözü sən deyəcəksən, mənim əsgər balam! Vətənin gələcəyi, dövlətin gələcəyi sənin əlindədir! Sonda güclülər qalib gəlir. Daim güclən, sınağa və qələbəyə hazır ol!

 

 

Bəxtiyar Sadıqov

 

Azərbaycan.-2009.-30 aprel.-S.4-5.