Bakıda GUAM Ticarət nəqletməyə yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbər Komitənin 10-cu iclası olmuşdur

 

Aprelin 29-da "Crescent Beach" hotelində Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Ticarət və nəqletməyə yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbər Komitənin 10-cu iclası keçirilmişdir.

Tədbirin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər çiçəklər düzülmüşdür.

Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anmış, məzarları üzərinə güllər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Buradan Bakının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtda gedən quruculuq işləri barədə məlumat verilmişdir.

İclasa sədrlik edən Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev bildirmişdir ki, birgə səylər nəticəsində gömrük və sərhəd xidmətlərimiz arasında əlaqələr möhkəmlənmişdir. Əminəm ki, keçirilən bu tədbir də bizə təcrübə və informasiya mübadiləsi sahəsində, eləcə də gömrük prosedurlarının və sənədlərinin sadələşdirilməsi, ticarət əlaqələrinin inkişafı və malların daşınması istiqamətində geniş imkanlar açacaqdır.

Ə.Abdullayev dünyanı bürümüş qlobal iqtisadi-maliyyə böhranından müdafiə tədbirlərinin həyata keçirilməsinin vacibliyindən danışmış, bu istiqamətdə birgə səylərin əhəmiyyətini vurğulamışdır.

DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Şahin Bağırov ekspertlərin bir gün əvvəl - aprelin 28-də keçirilmiş iclası barədə məlumat vermişdir.

Tədbirdə ticarət və nəqletməyə yardım layihəsinin həyata keçirilməsi üzrə görülmüş işlər barədə məlumat verilmiş, malların və nəqliyyat vasitələrinin sərhəd-keçid məntəqələrindən keçməsi prosedurunun sadələşdirilməsi məsələsi müzakirə edilmişdir. İclasda, həmçinin Azərbaycan tərəfdən təqdim edilmiş "GUAM təşkilatına üzv ölkələr arasında əqli mülkiyyət hüquqlarının qorunması müddəaları üzrə saziş" layihəsinin qəbul edilməsi məsələsi və Ukrayna tərəfdən hazırlanmış "Texniki yardım barədə" layihə də nəzərdən keçirilmişdir.

Bütün məsələlər üzrə müzakirələrdən sonra Ticarət və nəqletməyə yardım layihəsinin həyata keçirilməsi üzrə Rəhbər Komitənin 10-cu iclasının yekun protokolu imzalanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-30 aprel.-S.4.