Azərbaycan Rusiya Daxili İşlər nazirliklərinin əlaqəli fəaliyyəti hər iki ölkədə cinayətkarlıqla mübarizəyə, ictimai təhlükəsizliyin təmin edilməsinə müsbət təsir göstərir

 

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 29-da Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş səfiri Vladimir Doroxin ilə görüşmüşdür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir Ramil Usubov yeni təyinat münasibətilə səfiri təbrik etmiş, diplomatik fəaliyyətində uğurlar arzulamışdır.

Ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin əsrlər boyu mehribanlıq şəraitində dinc yanaşı yaşayan xalqlarımızın mənafelərinə cavab verdiyi, Daxili İşlər nazirlikləri arasında sıx əlaqələrin olduğu, səmərəli əməkdaşlığın ilbəil daha da möhkəmləndiyi, dövlət başçılarının apardığı siyasətə uyğun olduğu bildirilmişdir.

Daha sonra qonağa respublikadakı kriminogen durum cinayətkarlıqla mübarizənin vəziyyəti, eyni zamanda, mövcud problemlər barədə məlumat verilmişdir.

General-polkovnik Ramil Usubov xatırlatmışdır ki, Azərbaycan Respublikası Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin əlaqəli fəaliyyəti hər iki ölkədə cinayətkarlıqla mübarizəyə, ictimai təhlükəsizliyin təmin olunmasına müsbət təsir göstərir. Qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması, birgə profilaktiki, əməliyyat tədbirlərinin keçirilməsi, hər iki tərəfdən axtarışda olan cinayətkarların tutulması sahəsində yaxşı nəticələr əldə edilmişdir.

Səfir Vladimir Doroxin səmimi qəbula, ətraflı məlumata görə təşəkkür etmiş ölkələrimizin daxili işlər orqanlarının əməkdaşlığının vəziyyətindən məmnun olduğunu, hər iki tərəf üçün faydalı əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-30 aprel.-S.4