İsrailin milli bayramı şərəfinə

 

İsrailin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik günü münasibətilə aprelin 29-da rəsmi qəbul təşkil etmişdir.

İsrailin Azərbaycandakı səfiri Artur Lenk qəbulda çıxış edərək, ölkəsinin 61 il əvvəl qazandığı müstəqilliyinin əhəmiyyətindən danışmışdır. Səfir ötən müddət ərzində İsrailin böyük inkişaf yolu keçdiyini, regionda nüfuzlu dövlətə çevrildiyini bildirmişdir.

Diplomat İsrail ilə Azərbaycan arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrdən danışmış, ölkəmizdə yəhudi icması üçün yaradılmış şəraitdən məmnunluğunu diqqətə çatdırmışdır.

Azərbaycanın rabitə informasiya texnologiyaları naziri Əli Abbasov əlamətdar gün münasibətilə İsrail xalqını təbrik etmişdir.

Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsini xatırladan Ə.Abbasov Azərbaycanın yəhudi icmasının dövlətimizin inkişafına töhfələr verdiyini bildirmişdir.

Rəsmi qəbulda Milli Məclisin deputatları, nazirlər, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri digər rəsmi şəxslər, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-30 aprel.-S.5.