Korrupsiya ilə bağlı cinayətlərin
aşkar edilməsi üçün bir sıra tədbirlər
həyata keçirilmişdir
Azərbaycan
Respublikasının baş prokuroru yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsi tərəfindən
korrupsiya cinayətlərinin aşkar edilməsi və cinayət
törətmiş şəxslərin məsuliyyətə cəlb
edilməsi istiqamətində bir sıra tədbirlər həyata
keçirilmişdir.
Baş Prokurorluğun mətbuat
xidmətinin məlumatında bildirilir ki, "Azəriqaz"
Qapalı Səhmdar Cəmiyyəti tərəfindən
Ağcabədi Qaz İstismar İdarəsinin maliyyə-təsərrüfat
fəaliyyətinin audit yoxlanması nəticəsində qaz
sayğaclarının çatışmazlığı,
abonentlərə artıq sərfiyyatın yazılması,
real rəqəmlərin faktiki sayğac göstəricilərindən
artıq olması, rayon ərazisində yerləşən bir
sıra müəssisələrdə layihə-smeta sənədləri
olmadan sayğaclar quraşdırılaraq onların təbii
qazla qanunsuz təmin olunması faktları üzrə baş
prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi
tərəfindən Cinayət Məcəlləsinin
179.2.3-cü və 309.1-ci maddələri üzrə
başlanmış cinayət işinin istintaqı zamanı
müəyyən edilmişdir ki, Ağcabədi Qaz İstismar
İdarəsinin rəisi Gülmalıyev Elman Gülmalı
oğlu vəzifəsindən sui-istifadə edərək ona
etibar edilmiş pul vəsaitini mənimsəmə yolu ilə
talamış, xidməti səlahiyyətlərini aşaraq
dövlət orqanının qanunla qorunan mənafelərinə
ciddi ziyan vurmuşdur.
E.Gülmalıyev 2007-ci ildə
32 yeni abonentdən evlərinə məişət qaz
sayğaclarının quraşdırılmasına görə
idarənin hesabına mədaxil etmək üçün
aldığı pul vəsaitini mənimsəmiş, bundan
başqa, "Obyektlərdə elektrik, qaz və su
sayğaclarının quraşdırılması
haqqında" Nazirlər Kabinetinin 2004-cü il 27 iyul tarixli qərarına
uyğun olaraq, 2008-ci ildə yeni abonentlərə məişət
qaz sayğaclarını onların öz vəsaiti hesabına
quraşdırmalı olduğu halda, idarənin vəsaiti
hesabına 39 ədəd məişət qaz sayğacı
alınması barədə qanunsuz göstəriş
vermiş, idarənin hesabından nağd pul çıxararaq
mənimsəmişdir.
Törətdiyi cinayət əməllərinə
görə E.Gülmalıyev 2009-cu il aprelin 24-də Cinayət
Məcəlləsinin 179.2.3-cü və 309.1-ci maddələri
ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə
cəlb olunmuş, ona həmin maddələrlə ittiham elan
edilmiş və məhkəmənin qərarı ilə barəsində
həbs qətimkan tədbiri seçilmişdir.
Azərbaycan
Respublikasının baş prokuroru yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsində təhqiq edilən
digər cinayət işi Cəlilabad rayonunun Privolnoye kənd
icra nümayəndəsi Ağalar Güləşxan oğlu
Ağayevin rüşvət alması və vəzifə
saxtakarlıqları ilə əlaqədardır.
Azərbaycan Respublikası
CM-in 311.2-ci və 313-cü maddələri ilə
başlanmış cinayət işinin istintaqı zamanı müəyyən
edilmişdir ki, A.Ağayev Cəlilabad rayonunun Privolnoye kənd
icra nümayəndəsi vəzifəsində işləyərkən
ötən il avqustun 14-də həqiqi hərbi xidmətdə
olan Həsənov İsa Adil oğlu ilə nikah bağlamaq
üçün ona müraciət edən Ağayeva Ofeliya
Elxan qızından İ.Həsənovun
razılığı və iştirakı olmadan nikahın
bağlanmasına görə 300 manat rüşvət
almış, İ.Həsənovun adından
yazdırdığı ərizədə və nikah
haqqında akt qeydində sonuncunun imzalarını
saxtalaşdırmış və bilərəkdən yalan məlumatlar
daxil etdiyi nikah haqqında akt qeydini və nikah haqqında şəhadətnaməni
öz imzası və möhürü ilə təsdiq etməklə
O.Ağayevaya təqdim etmişdir.
Törətdiyi əməllərinə
görə A.Ağayevə Cinayət Məcəlləsinin
311.2-ci və 313-cü maddələri ilə ittiham elan edilərək
məhkəmənin qərarı ilə barəsində həbs
qətimkan tədbiri seçilmişdir.
Azərbaycan Respublikası
Maliyyə Nazirliyi tərəfindən respublikanın şəhər
və rayonlarında fəaliyyət göstərən musiqi məktəbləri
və gimnaziyalarda işləyən 172 pedaqoji işçinin
adına verilmiş diplomların, 4 nəfərin adına tərtib
olunmuş arayışların saxta olması, həmin diplom və
arayışlar əsasında musiqi məktəbləri və
gimnaziyalarda işləyən müəllimlərə qanunsuz
olaraq ümumilikdə 692.567 manat əməkhaqqı ödənilməsi
faktları üzrə 2009-cu il fevralın 6-da Azərbaycan
Respublikası CM-in 308.1-ci, 320.1-ci və 320.2-ci maddələri
ilə cinayət işi başlanmışdır.
Azərbaycan
Respublikasının baş prokuroru yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsi tərəfindən
aparılmış istintaqla müəyyən edilmişdir ki,
Gəncə Musiqi Texnikumu adından verilmiş və rayon
musiqi məktəbinə təqdim olunmuş 1126 diplomdan 101-i və
3 arayış, Azərbaycan Milli Konservatoriyası nəzdində
fəaliyyət göstərən musiqi kollecinin adından
verilmiş 533 diplomdan 31-i, Naxçıvan Musiqi Texnikumu
adından verilmiş 20 diplom, Sumqayıt Musiqi Texnikumu
adından verilmiş 8 diplom və ümumilikdə 172 şəxsin
adına rəsmiləşdirilmiş diplom və
arayışlar həmin musiqi müəssisələri tərəfindən
verilməmişdir.
Aparılmış istintaqla
müəllimlərin bir qisminin musiqi texnikum və kolleclərini
bitirmələri barədə saxta diplomları Yevlax şəhər
1 saylı musiqi məktəbinin direktoru Bəylərov Bəylər
Ağalar oğlundan və digər şəxslərdən,
bir qisminin isə Yevlax şəhər sakini Fərzəliyev
İlham Fərzəli oğlundan aldıqları sübuta
yetirilmişdir.
İbtidai istintaqla həmçinin
müəyyən edilmişdir ki, İ.Fərzəliyev
qabaqcadan əlbir olduğu bir qrup vəzifəli şəxslə
özü və üçüncü şəxslər
üçün maddi neməti pul şəklində
rüşvət kimi almış, hüquq verən rəsmi sənədlər
hazırlamış, onları satmış və aldatma yolu ilə
xeyli miqdarda özgə əmlakını ələ
keçirməklə dələduzluq etmişdir.
Belə ki, o, 2000-2008-ci illər
ərzində B.Bəylərov və qeyriləri ilə
qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girərək
Gəncə Musiqi Texnikumunun adından verildiyi göstərilmiş
17 ədəd, Naxçıvan Muxtar Respublikası 1 saylı
orta ixtisas musiqi kolleci adından verildiyi göstərilmiş 5
ədəd, Bakı şəhər Dövlət Musiqi Kolleci
adından verildiyi göstərilmiş 3 ədəd və
ümumilikdə 48 ədəd saxta diplomu ayrı-ayrı şəxslərə
satmışdır.
Törətdiyi cinayət əməllərinə
görə B.Bəylərova Cinayət Məcəlləsinin
311.3.1-ci və 320.1-ci, İ.Fərzəliyevə isə
göstərilən maddələrlə yanaşı, Cinayət
Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə
tutulmuş ittiham elan edilərək, barələrində məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri
seçilmişdir.
Hazırda həmin işlər
üzrə cinayətin digər
iştirakçılarının müəyyən edilərək
məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri
istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan
Respublikasının baş prokuroru yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsi tərəfindən
respublikanın digər hüquq-mühafizə orqanları ilə
əlaqəli şəkildə bundan sonra da mütəşəkkil
cinayətkarlığın ən təhlükəli təzahürlərindən
olan korrupsiyanın qarşısının alınması,
cinayət törətmiş şəxslərin məsuliyyətə
cəlb edilməsi istiqamətində zəruri tədbirlərin
görülməsi təmin ediləcəkdir.
AzərTAc
Azərbaycan.-2009.-30 aprel.-S.5.