Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər

 

Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin prinsipial mövqeyini bir daha diqqətə çatdırmışdır

 

Dövlət başçısı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin milli maraqlarına və beynəlxalq hüquq normalarına uyğun həlli istiqamətində ardıcıl və məqsədyönlü işlər həyata keçirməkdədir. Dövlət başçısının xarici siyasət doktrinasında bu problemin həlli prioritet istiqamət təşkil edir və real siyasi fəaliyyətə əsaslanır. Prezident İlham Əliyev bütün xarici səfərlərində, keçirdiyi yüksək səviyyəli görüşlərdə ölkəmizin haqlı mövqeyini dünya ictimaiyyətinin nəzərinə çatdırır. Bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həlli üçün bütün mümkün imkanlardan istifadə ediləcəyini dəfələrlə bəyan etmişdir. Son illər Azərbaycanın diplomatik sahədə əldə etdiyi nailiyyətlər aparılan uğurlu xarici siyasət strategiyasının məntiqi nəticəsidir.

Rəsmi Bakının münaqişə ilə bağlı mövqeyinin getdikcə güclənməsi iqtisadi, siyasi, hərbi cəhətdən ölkəmizin qüdrətlənməsi ilə şərtlənir. İqtisadi cəhətdən güclü olmayan bir dövlətin xarici siyasət, o cümlədən demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı sahəsində böyük uğurlar qazanması mümkün deyil. Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı münasibəti birmənalıdır. Prezident İlham Əliyev qətiyyətlə bəyan etmişdir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və sülh danışıqları da məhz bu formatda aparılmalıdır. Son illərdə dövlət rəhbərinin apardığı danışıqlar, nümayiş etdirdiyi mövqe, verdiyi bəyanatlar nəinki təbliğati prizmadan olduqca effektiv olmuş, eyni zamanda, münaqişənin həll edilməsi ilə bağlı aparılan danışıqlarda rəsmi Bakının psixoloji-siyasi üstünlüyünü də təmin etmişdir. Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi, qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi çıxış etməsi də bu münaqişənin həlli ilə bağlı danışıqlarda Azərbaycanın mövqelərinin güclənməsi ilə müşayiət olunur.

Azərbaycanın iqtisadi imkanlarının ildən-ilə artması, hərbi büdcənin buna adekvat olaraq yüksəlməsi fonunda danışıqlar prosesi də keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Son illərdə Avropa Şurası, Avropa Birliyi, ATƏT, İKT kimi nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etmiş BMT problemin həllində ölkəmizin ərazi toxunulmazlığı prinsipini önə çəkmişdir. ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərlərinin intensivləşməsi və münaqişənin məhz ölkəmizin ərazi bütövlüyü prinsipi əsasında həlli vacibliyini diqqətə çatdırmaları deyilənlərə mısaldır. Bu, aşkar şəkildə göstərir ki, Azərbaycanın hüquqi-siyasi mövqeləri güclənmişdir. Diplomatik uğursuzluqları ilə barışmaq məcburiyyətində qalan rəsmi Yerevanın münaqişənin "Praqa prosesi", yəni, "mərhələli həll" əsasında həllinə razılıq verməsi də işğalçı dövlətin mövqelərində dəyişikliyin olduğunu göstərir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirmişdir: "Bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar davam edir, danışıqlarda bizim mövqeyimiz birmənalıdır, dəyişməzdir. Bizim mövqeyimiz bütün beynəlxalq normalara əsaslanır və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr və qərarlar əsasında qurulubdur və məsələ bu hüquqi müstəvidə öz həllini tapa bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, zəbt olunmuş bütün torpaqlar işğalçılardan azad edilməlidir. Dağlıq Qarabağdakı insanlar və oraya qayıdacaq azərbaycanlılar müxtariyyət şəraitində yaşamalıdırlar. Budur bizim prinsipial mövqyeimiz və bir daha demək istəyirəm ki, bu mövqe beynəlxalq hüquq normalarına əsaslanır. Ümid edirəm ki, əgər Ermənistan tərəfi real vəziyyəti nəzərə alsa və Azərbaycanın artan imkanlarını, - həm hərbi, həm iqtisadi, həm siyasi, həm diplomatik uğurlarını, - təhlil edərək nəzərə alsa, məsələ tezliklə öz həllini tapa bilər. Biz, əlbəttə, çox istəyirik və çalışırıq ki, nə qədər mümkünsə, məsələ tez öz həllini tapsın ki, bizim vətəndaşlarımız öz doğma torpaqlarına qayıda bilsinlər. Ancaq bu razılaşma birinci növbədə ədalətli olmalıdır, ikinci növbədə, beynəlxalq normalara əsaslanmalıdır və Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edilməlidir. Hesab edirəm ki, danışıqlar masasında mövcud olan təkliflər bu məsələni dediyim şəkildə həll edə bilər".

Azərbaycan müharibə şəraitində yaşayır və ölkənin müdafiə qabiliyyətinin artırılması, Silahlı Qüvvələrdə çoxşaxəli islahatların aparılması son dərəcə vacib məsələdir. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsi, hərbi vətənpərvərlik işinin gücləndirilməsi istiqamətində atılan addımlar müsbət nəticələr vermişdir. İldən-ilə ordunun döyüş hazırlığının yüksəldilməsi, peşəkar hərbçilərin hazırlanması, hərbi hissələrdə nizam-intizamın möhkəmləndirilməsi ordu quruculuğu sahəsində görülən işlərin məqsədyönlülüyündən xəbər verir. İqtisadiyyatın güclənməsi, dövlət büdcəsinin artması digər sahələr kimi, hərbi təhlükəsizliklə bağlı görülən işlərə daha çox maliyyə vəsaitlərinin ayrılmasını şərtləndirir.

Ölkə iqtisadiyyatında baş verən yeni keyfiyyət dəyişikliklərinin fonunda ordumuzun, ümumilikdə ölkəmizin müdafiə potensialının qüdrətlənməsi daha aydın görünür. Bu inkişaf ölkəmizin Silahlı Qüvvələrinin də güclənməsinə müsbət təsir göstərir. Son illər dövlət başçısının, Ali Baş Komandanın diqqət və qayğısı sayəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmış, ordunun döyüş qabiliyyəti yüksəlmişdir.

Dövlət başçısı İlham Əliyev orduda islahatların davam etdirilməsini, daha müasir metodlara üstünlük verilməsini, Silahlı Qüvvələrin gücləndirilməsini, döyüş hazırlığının müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirib.

Hərbi məqsədlər üçün büdcədən ayrılan vəsaitlərin ildən-ilə artırılması Azərbaycan hakimiyyətinin ordunun möhkəmləndirilməsinə olan diqqətinin təzahürüdür. Xatırladaq ki, Azərbaycanın dövlət büdcəsindən hərbi məqsədlər üçün ayrılan vəsait bütünlükdə, Ermənistanın dövlət büdcəsindən də artıqdır. Hərbi xərclərin artması ordu quruculuğu prosesini daha da sürətləndirmiş və bunu Azərbaycan ordusunun bütün qoşun birləşmələrinin timsalında görmək mümkündür.

Azərbaycanın diplomatik sahədə qazandığı uğurlar Ermənistan rəhbərliyində ciddi narahatçılığa səbəb olub. Cənubi Qafqazın iqtisadi, siyasi, hərbi cəhətdən ən qüdrətli dövlətinə çevrilən Azərbaycanla müqayisədə dərin sosial-iqtisadi böhran keçirən Ermənistan nəhayət ki, real situasiyanı düzgün qiymətləndirərək öz mövqelərində ciddi dəyişiklik etməyə məcburdur.

 

 

Azərbaycan.- 2009.- 1 avqust.- S. 1.