"Mən xoşbəxt insanam"

 

Qürubla Qayıdış arasında

 

Heydər Əliyev Azərbaycanın bütün nəsil insanları üçün zəhmət mücahidi, quruculuq mücəssəməsi olaraq qalacaqdır. O, həmişə qurub-yaradıb. Əgər bizlərin hər biri özümüz, ailəmiz, dar bir toplum üçün işləmişiksə, o, səkkiz milyonluq Azərbaycan üçün çalışıb. Və həmişə də namusla işləyənin qədir-qiymətini bilib, zəhmətini qiymətləndirməyi bacarıb. Əski sovet dönəmində də belə olub, sonralar da. Fəhlənin, bənnanın da, neftçinin, pambıqçının da, alimin, ədibin də, bəstəkarın, müğənninin də layiq olduğu qiyməti verib. Hamını həvəsləndirməyi, sevindirməyi bacarıb. Çünki bircə amalı olub - xalqına təmənnasız xidmət. İnsanlarda düzlük, saflıq, əqidə bütövlüyü, prinsipial mövqe ilə yanaşı, bir özgün məziyyəti də fərqləndirib - işgüzarlıq, zəhmətsevərlik. Zatən, vətənə, torpağa bağlılıq məhz bu ali məziyyətlərin məhvərindən keçir. İnsankeşliyin, qədirşünaslığın bu yüksəkliyinə heç bir insan övladı Heydər Əliyev qədər yüksələ bilməyib. Azərbaycan tarix boyu bənzərsiz mədəni irsə, milli ənənələrə, böyük iqtisadi potensiala, zəngin insan resurslarına malik xalq olmuşdur. Fəqət, mövcud siyasi sistem, tək bir xalqın hegemonluğuna hesablanmış mürtəce-şovinist ideologiyanın hökmranlığı şəraitində böyük və əzəmətli bir xalq malik olduğu həmin nemətlərdən göz dolusu barına bilmirdi. Yalnız 1969-cu il iyulun 14-də Heydər Əliyevin hakimiyyətə gəlişi milli özünüdərk, soykökə qayıdış, bəşəri dəyərlərə fəal inteqrasiya proseslərinin əsasını qoydu.

Akademik Ramiz Mehdiyev "Vətəndaş. Şəxsiyyət. Lider" adlı fəlsəfi əsərində Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişini ictimai həyatın bütün sahələrində ədalətin təntənəsi mərhələsi kimi xarakterizə etmişdir: "...Hər bir azərbaycanlı ümummilli dəyərlər sisteminə məhz bu cür - özünün şəxsi baxışları mövqeyindən qovuşurdu. Bu, həmin 70-ci illər idi ki, cəmiyyət həyatındakı çoxsaylı müsbət dəyişiklikləri Heydər Əliyev dahi Nizaminin - Qoy ədalət zəfər çalsın! - sözlərini sitat gətirərək həyata keçirirdi. Həmin ədalətin carçısı, daşıyıcısı və bayraqdarı isə ilk növbədə, onun özü - ölkədə danılmaz nüfuza malik olan ümummilli lider - Heydər Əliyev idi".

Əsərdə də göstərildiyi kimi, Heydər Əliyevin bütün fəaliyyəti tarixi ədalətsizliyin islah edilməsinə yönəlmişdi. Bu, gərgin və çətin bir mübarizə idi. Hardasa cəmiyyətin ideoloji kanonlarına qarşı yönəlmiş, xalqın milli-mənəvi intibahına xidmət edən və iqtisadi qüdrətinə yol açan qeyri-bərabər bir mübarizə idi. Beləliklə, Heydər Əliyevin 34 illik hakimiyyət həyatı ən yüksək amala - Azərbaycan xalqının mənən və felən layiq olduğunu gerçəkləşdirməklə sosial ədalətin bərpasına xidmət etmişdir.

Təbiidir ki, bu cür yüksək ideallarla yaşayan adamların rəqibləri də peyda olur. Siyasət kuluarlarında isə həsəd özü ilə yanaşı bütöv bir qaydasız mübarizə üsullarını da "aktuallaşdırır". Kremlin yeni sahibinə çevrilməyi bacarmış M.Qorbaçov da Heydər Əliyevi həzm edə bilməyənlərdən idi. Çünki onun yanında öz acizliyini, rəhbər fiqur kimi solğunluğunu, şəxsiyyət kimi miskinliyini, siyasi nüfuz sarıdan isə kasadlığını görürdü. Bu fərq getdikcə özünü daha aşkar və qabarıq şəkildə büruzə verirdi. Buna görə də Qorbaçov-Liqaçov tandemi Heydər Əliyevə qarşı çirkin oyuna başlamışdı. Bütün bu əsəb müharibələri isə axırda müəmmalı infarkta gətirib çıxardı.

 

Aleksandr İvanov danışır:

 

- Heydər Əliyev sağlam adam idi. Səhər yuxudan durandan sonra yarım saat iti addımlarla yeriyər, sonra ümumi fiziki hazırlıq təmrinlərini yerinə yetirər, axırda isə mövsümdən asılı olaraq ya hovuzda, yaxud da dənizdə üzərdi. Ümumiyyətlə, ulu öndər buz baltası kimi idi. Onun haçansa xəstələndiyi yadıma gəlmir. Məlumdur ki, o vaxtlar Siyasi Büro üzvləri və üzvlüyə namizədlərin səhhəti xüsusi nəzarət və diqqət altında idi. Hakimiyyət rəhbərlərindən Brejnev, Andropov, Qromıko və başqaları daim həkim müşahidəsi altında idilər. Səfərlərdə, müşavirələrdə mütləq qaydada həkim personalı da iştirak edirdi. Amma bunların heç birinin Heydər Əliyevə dəxli yox idi. O, həmişə şux, gümrah, sağlam, əsil idmançı formasında idi və elə bu faktın özü də onu istəməyənlərin gizli həsədini qıcıqlandıran səbəblər sırasında idi. Məsələn, Moskva illərində Kremlin yazılmamış qaydalarından biri də o idi ki, Siyasi Büro üzvləri nahardan sonra bir qədər dincəlirdilər, yəni, yatırdılar. Oradakı xidmət personalı məndən təəccüblə soruşurdu ki, bəs Heydər Əliyev niyə dincəlmir? O, işə hamıdan tez gəlib hamıdan da gec gedərdi. Bir dəfə hansısa tədbirdən çıxıb Kremlə qayıdırdıq. Vaxt gec olduğundan evə də getmək olardı. Ancaq Heydər Əliyev bildirdi ki, bir qədər işləməlidir. Kremlə daxil olanda növbətçi otağındakı zabitin qımışması gözündən qaçmadı. Bunu mən də sezmişdim və "üstünə cumub" səbəbini soruşanda zabit dedi ki, Heydər Əliyev Kremldə yeganə adamdır ki, bu vaxtdan sonra da qayıdıb gecə saatlarınadək işləyir.

O Bakıda da belə idi, Moskvada da. Bir dəfə görmədim ki, rahat dincəlsin.

Bəziləri İttifaqdakı yenidənqurma ab-havasını məhz Qorbaçovla bağlamaq istəyirdilər. Düzdür, mənim işim tamam başqa sahə ilə bağlı olsa da, gözüm ki, bağlı deyildi, hər şeyi görürdüm, bizim "mətbəx"imizdə hər bir prosesin obıvatellərə görünməyən mübhəm tərəflərinin izahı vardı. Yenilik ruhunu o sistemə elə Heydər Əliyeviç gətirmişdi. Bir adam barmağını qatlasın ki, ona qədər əyninə şaxtaçı paltarı geyıb suyun dizə çıxdığı çoxkilometrlik tunelə girən olmuşdu. Bu, bəzi liderlərin DTK-nın doqquzuncu idarəsinin vaxtaşırı hazırladığı "xalqa çıxış" tamaşalarından fərqli olaraq canlı həyat idi.

Qorbaçovun sərxoşluğa qarşı mübarizə kampaniyası da gəlişigözəl təçəbbüslərdən biri idi və üzümçülüklə məşğul olan respublikalar, o cümlədən Azərbaycan üçün böyük itki demək idi. Heydər Əliyev bu məsələ ilə bağlı Qorbaçovla az fikir "dueli"nə çıxmamışdı, Rıjkovla kəskin mübahisəsini isə özüm eşitmişdim. Bu və digər hadisələr ona təsirsiz ötüşmürdü. Ortada onun özünün də dərk etdiyi çirkin bir oyun gedirdi.

1987-ci il mayın 10-nu adəti üzrə evdə qeyd etmişdik. Səhər durub Kremlə gəldik. Növbəni təhvil verıb getdim. Bir qədər sonra isə zəng edib dedilər ki, bəs Heydər Əliyevi dördüncü idarənin Miçurinskidəki xüsusi xəstəxanasına apardılar. Dərhal ora yollandım. Vəziyyəti ağır idi. Gündə üç dəfə konsilium çağırılırdı. İlhamnan Sevil gecə-gündüz yanında idilər. Hələ xəstəxanada ikən həkimlər eyham vururdular ki, tam sağalması üçün mütləq işdən uzaqlaşmalıdır. Eyni niyyətlə İlhama yanaşsalar da, çox kəskin və qəti cavab almışdılar. Heydər Əliyev sentyabr ayında artıq işə çıxmağa başladı. Xəstəliyinin səbəblərini isə üzə çıxartmaq mümkün olmadı. Sonralar özü Azərbaycanda olanda da buna cəhd göstərdi, ancaq bir nəticə hasil olmadı.

 

* * *

 

Xəstəliyindən sonra onun haqqında mərkəzə anonim məktublar ayaq açmağa başladı. Heç şübhəsiz, bu, Azərbaycanı, Heydər Əliyevi gözü götürməyənlərin fitnəsi idi. Bir ayağı ilə o dünyanı görüb gəlmiş, özünü qaynar fəaliyyətdən kənarda təsəvvür etməyən bir adamı böhtanla, şərlə sındırmaq, çökdürmək istəyirdilər. Təəssüf ki, bu şər dəyirmanına "su tökənlər" arasında öz vətəninin də bəzi naxələf övladları vardı. Onu ağrıdan da elə bu idi.

- 1987-ci il oktyabrın 19-u. Müəyyən işlərlə bağlı şəhərə çıxmışdıq. Maşına zəng gəldi və Heydər Əliyev dedi ki, Kremlə qayıdırıq. Həyətdə bir neçə maşın vardı. Mühafizəçilər otağında bildim ki, Qorbaçov, Liqaçov, Rıjkov və Qromıko onu gözləyirlər. Təxminən 20 dəqiqədən sonra düşdü. Ağappaq idi. Miçurinskidəki palatasına gedirdik. Tapşırdı ki, uşaqları da çağır ora.

Yolda dinmirdi. Yalnız palatada dedi ki, Saşa, onlar məni ərizə yazmağa məcbur elədilər. İki gün sonra MK-nın plenumunda həmin istefa ərizəsi qəbul edildi və Heydər Əliyev SSRİ Nazirlər Soveti yanında dövlət müşaviri vəzifəsinə təyin olundu.

 

* * *

 

Ancaq Heydər Əliyev ətrafında fitnəkarlıq toru quran şəbəkəyə cavabını verdi. Sov.İKP MK-nın sonuncu plenumunda (1989-cu il aprel - X.N.) Heydər Əliyev SSRİ prezidenti M.Qorbaçovun üzünə deyirdi: "Heydər Əliyevə nöqtə qoymağa tələsməyin. Mən hələ axırıncı sözümü deməmişəm. Siz hələ mənim barəmdə eşidəcəksiniz". Bu sözlər zala toplaşanların heyrətinə, Qorbaçovunsa çaşqınlığına səbəb oldu. Partiyanın mövcud olduğu tarix boyunca partiya rəhbərinə qarşı bu cür kəskin, prinsipial çıxış olmamışdı. Plenum iclasının keçirildiyi zalda üzləşdiyi ədalətsizliyə etiraz əlaməti olaraq qapıları çırpan Heydər Əliyev böyük bir sistemi də yerindən laxlatdı. Çünki o, bu sistemi çökməyə qoymayanlardan, çiyinlərini sütun kimi onun ağırlığına sipər edənlərdən, onun bütün mexanizmini əzbər bilənlərdən biri idi. Və nəhayət, tarix də bu əsəb, ağıl, intellekt və xarakter savaşında ehtirassız münsif kimi öz sözünü dedi: Qorbaçovun rus xalqına gərəksizliyini, Heydər Əliyevinsə Azərbaycan üçün zərurət olduğunu ortaya qoydu. 1993-cü ilin havasından barıt qoxuyan, vətəndaş müharıbəsinin ikicə addımlığında dayanan iyun günlərində xalqının çağırışı ilə hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı həqiqi müstəqilliyinə qovuşdurdu, dünyaya tanıtdırdı, dövlətçıliyinə dönməzlik bəxş etdi.

 

 

"Mən onu yuxularımda tez-tez görürəm"

 

2003-cü il, dekabrın 12-si. Sıradan bir tarixin qəfil ölüm xəbəri ilə ürəkləri donduran məşum bir günü. Müsahibim həmin günlə bağlı sualımı gözləmirdi-nədi, birdən-birə tutuldu, bayaqkı həzin, şirin xatirələrin otaqda yaratdığı xoş ovqat sanki tüstü dumanı kimi qeyb oldu, əli qeyri-ixtiyari bayaqdan ağzını açsa da, söhbətin şirinliyindən istifadə eləməyi unutduğu siqaret qutusuna uzandı. Çaxmağı çəkib tüstüsünü susamış adam bulağın gözündən doymadığı kimi sinəsinə çəkdi. Məgər siqaret tüstüsü indiyədək hansı dərdi unutdurub ki!..

- Altı ildir ki, onu sevənlər bu dünyanın hər sabahını onsuz açırlar. Bilirsiniz, çox ağırdır. Sübh tezdən şər qarışanadək onun yanında olmuş insanlar üçün bu itki qədərsiz, ölçüyə gəlməyəcək qədər ağırdır. Elə bil səni böyük bir otağa salıblar, orada dünyanın hər naz-neməti var, lap cənnətdəki kimi... amma havası yoxdur, sorub çıxarıblar, boğulursan. Mən indi oğlu İlham Əliyevin, gəlini Mehriban xanımın, qızı Sevil xanımın, gözəl nəvələrinin nələr çəkdiyini, bu ağır itkiyə necə dözdüklərini təsəvvürümə gətirirəm və onların mətanəti, təmkini qarşısında baş əyirəm.

Bəli, bizlər Heydər Əliyev kimi bir insanın həmmüasiri olduğumuzun xoşbəxtliyini, qiymətini bəlkə də gərəyincə dəyərləndirə bilməmişik. Neynək, bunun bir səbəbi də o olub ki, bu cür insanların ölümü mümkünsüz görünüb bizlərə. Çünki belələri təkcə öz varlıqları ilə təbiətin olumla ölüm arasındakı bütün qanunlarına hökm edirmiş kimi görünüblər bizlərə. Heydər Əliyevin də poeziyasını yüksək qiymətləndirdiyi Y.Yevtuşenkonun hikmətli bir kəlamı var: "Hər bir insanın əhəmiyyəti özündən sonra buraxdığı boşluğun həcmi ilə ölçülür". Bu mənada Heydər Əliyev onu sevənlərin qəlbində kainat boyda bir boşluq buraxib.

Söhbətimizin əvvəlində dedim ki, o böyük insanı tanıdığım üçün özümü dünyanın ən xoşbəxt adamı hesab edirəm. Özü də bu xoşbəxtlikdən övladlarıma, nəvəmə də böyük pay düşür. Allahın altında elə gün yoxdur ki, mən onu xatırlamayım. Mənə elə bir adam göstərin ki, ömrünün bir hissəsini kəsib atmağı bacarmış olsun. Axı, insan hələ ki, vaxta, zamana hökm eləməyi öyrənməyib... dünyanın ən böyük kəşflərinə, ixtiralarına imza atmağına rəğmən. Baxırsan ki, biri 60-70 il həyat sürür və keçdiyi həmin yolda ömrü anla ölçüləcək iki-üç xatirəsi olur ki, bütün həyatının mənasını kəsb edir. Mənsə, neçə insan ömrünə bəs edəcək xatirələrdən ibarət bir ömür yaşayıram. Fatalist olmasam da, şükran insanam, Tanrıma minnətdaram ki, mənə Heydər Əliyev kimi əfsanəvi bir insanın yanında olmaq xoşbəxtliyini qismət edib.

Mən 10 il ərzində onu canımdan da artıq qorudum. Amma Tanrının əmri qarşısında acizəm.

- Necə oldu ki, Bakıya qayıtdınız? Axı, Moskvada işiniz, ailəniz var?

- İşimi oğluma buraxmışam. Artıq yekə kişidir, öhdəsindən gələr. Yoldaşım, nəvəm isə məni başa düşürlər. Axı, mən köklü Bakılıyam, Bayılda yaşamışıq. Həm də adam yaşlaşdıqca, torpaq çəkir.

Heydər Əliyev məni həmişə çağırırdı. Nə qədər ki, sağ idi, bilirdim ki, eyni havanı uduruq, eşitmək istəyəndə telefon var, yox, görmək istədimmi, təyyarə ilə üç saatlıq yoldur. Yəni, onun sağlığı mənə bəs eləyirdi. Ancaq dünyasını dəyişəndən sonra mənə Moskvada oturmaq çox çətin gəldi. Bakıya döndüm. İndi heç olmasa bilirəm ki, onun uyuduğu şəhərdəyəm. Bir az sıxıldımmı, məzarını ziyarət edirəm, söhbətləşirəm. Zərifə xanım da buradadır. Yenə də keçən günlər yadıma düşür, o illərə qayıdıram. Bilmirəm, hisslərimi çatdıra bilirəmmi?..

Heydər Əliyev böyük bir yol keçdi. Çoxları o yolu təkrarlamaq istəyərdi. Burada təəccüblü bir şey yoxdur da. İnsan təbiəti etibarilə irəliyə, inkişafa meyillidir. Azərbaycanın tarixində çox dövlət başçıları olub, bundan sonra da olacaq. Amma Heydər Əliyevdən olmayacaq. Dağdan uzaqlaşdıqca möhtəşəmliyi daha bariz görünür. İçində olduğumuz zaman adlı vaxt qayığı bizi ondan uzaqlaşdırdığı hər bir gün, ay biz Heydər Əliyevin mənəvi əzəmətini, qüdrətini, ehtişamını daha aydın hiss edirik.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2009.- 1 avqust.- S. 2.