"Dilimiz
zəngindir, çox ahəngdar dildir, dilimizin söz
ehtiyatı çox böyükdür. Şəxsən mən
bu dili sevirəm".
Heydər ƏLİYEV
Dil hər bir xalqın varlığının
təzahürü, onun milli sərvətidir. İnsanın təkamülündə ana dilinin rolu
misilsizdir. Dünyanın müxtəlif yerlərində
yaşayan xalqlar üçün dil faktoru millətin tarixi mədəniyyətinin
və digər özünəməxsus xüsusiyyətlərinin
vahid bir kompleks halında birləşdiyi unikal hadisə kimi səciyyələndirilir. Dilin universal xarakterə malik olduğunu təsdiqləyən
əsas əlamətlərdən
biri də odur ki, o istənilən
xalq və ya etnos üçün
ən ümdə fərqlənmə etalonu kimi qəbul edilir.
XIX əsrin
ortalarında Azərbaycanda anadilli məktəblərin
yaradılması ideyası uğrunda mübarizə geniş
vüsət alanda yeni milli maarifçilik hərəkatının
görkəmli nümayəndələri A.Bakıxanov,
M.F.Axundov, H.Zərdabi, M.Ş.Vazeh, Mirzə Kazım bəy,
İ.Qutqaşınlı və başqaları belə təhsil
ocaqlarının şəbəkəsinin genişləndirilməsi,
orada oxuyan azərbaycanlı uşaqlarının
sayının artırılması üçün
böyük səy göstərmişdilər. Zaqafqaziyada
dövlət məktəblərinin açılması və
Azərbaycan dilinin tədrisi digər xalqlar arasında pedaqoji əlaqələrin
inkişafına və möhkəmləndirilməsinə əlverişli
zəmin yaratmışdı. Füzulidən Axundova, Seyid Əzimdən
Səməd Vurğuna, Mirzə Cəlildən Cəfər
Cabbarlıya qədər bütün klassiklərimiz
üçün ana dili məsələsi, onun işlənməsi,
qorunması, inkişafı, yaxın regionlardakı dillərlə
rəqabəti prinsipial əhəmiyyət kəsb etmişdir.
Vaxtilə Bakı milyonçusu Hacı Zeynalabdin
Tağıyev, Həsən bəy Zərdabi, Nəriman Nərimanov,
Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov kimi
ziyalılar bütün qüvvələrini anadilli məktəblərlə
yanaşı, anadilli mətbuatın yaranmasına yönəltmişdilər.
Hərçənd ki, ötən əsrin əvvəllərində
ana dilinin necə, hansı istiqamətdə və əsasda
inkişafı məsələsi ən qızğın
mübahisələrə səbəb olmuşdur.
Tarixi faktlardan məlumdur
ki, Azərbaycanda bir neçə əsr ərzində
hökmranlıq edən yadellilər yerli əhalinin ana dilində
təliminə etinasız yanaşırdılar. Onlar islam
ideologiyasını yaymaq və möhkəmləndirmək məqsədilə
Azərbaycan dilini assimilyasiya edirdi. Ərəb və fars dilləri
məktəb və mədrəsələrdə əsas tədris
dili hesab olunur, elmi, ədəbi və bədii əsərlər
həmin dillərdə yazılırdı. Lakin belə
ağır təzyiq və təsirlərə baxmayaraq Azərbaycan
xalqı öz ana dilini qoruyub saxlaya bildi və üstəlik,
XIX əsrin əvvəllərindən təlimin ana dilində
aparılması ideyası uğrunda mütərəqqi
ziyalıların "maarifçilik hərəkatı"
adı altında mübarizəsi daha da gücləndi. Azərbaycan
dili təkcə Zaqafqaziyada deyil, bütün Yaxın Şərqdə
böyük rol oynamağa başladı. O vaxta qədər əhali
arasında yalnız danışıq dili olan Azərbaycan dili
artıq bu dövrdə müstəqil bir fənn kimi
yalnız Azərbaycan şəhərlərində deyil,
Qafqazın Tiflis, İrəvan, Dərbənd, Stavropol, Qori,
Kutaisi və digər iri şəhərlərində yenicə
açılmış dövlət məktəblərinin tədris
planlarına daxil edilmişdi. O zamanlar Azərbaycan dilinin tədrisi
nə qədər zəruri və həyati əhəmiyyət
kəsb edirdisə, bir o qədər də çətin idi. Bu
çətinliklərin başlıca səbəblərindən
biri müəllim kadrlarının
çatışmazlığı, digəri isə yeni
üsullu dərsliklərin olmaması ilə bağlı idi. M.F.Axundov
Azərbaycan dilinin tədrisi sahəsində qarşıda
duran hər iki mühüm problemin həllində böyük
fəallıq göstərmişdir. Mirzə Fətəli
Tiflis qəza məktəbində 1834-1840-cı illərdə
Azərbaycan dilindən dərs demişdir. Məhz bu dövrdə
o, təlim-tərbiyənin, xüsusilə ana dili təliminin
bir sıra vacib məsələləri ilə yaxından
tanış olmuşdur.
Məktəb tarixinin tədqiqatçısı,
akademik Hüseyn Əhmədovun araşdırmalarından məlumdur
ki, M.F.Axundovun pedaqoji fəaliyyətində diqqəti cəlb
edən ən mühüm məsələlərdən biri
ana dili dərsliyinin yazılması ilə bağlıdır.
O zamanlar Azərbaycan dilinin tədrisi üçün nə
müvafiq dərslik, nə də çap olunmuş oxu
kitabları var idi. Şagirdlər təmiz Azərbaycan dilində
ədəbiyyatdan demək olar ki, məhrum idilər. M.F.Axundovun
yazdığı kimi, əgər bu dildə bəzi əsərlər
vardısa, onlar da ya başqa dillərdən tərcümə
edilmiş, ya da fars, türk və ya ərəb sözləri
ilə dolu anlaşılmaz bir dildə
yazılmışdı. Bu tərcümələr əsasında
isə Azərbaycan dilinin ruhunu duymaq və bu dili xalqın istədiyi
tərzdə tədris etmək mümkün deyildi. Maarifçi
demokrat öz həmvətənləri üçün yeni
üsullu bir dərslik üzərində işləməyə
başladı. Lakin o, tezliklə müəllim vəzifəsindən
azad olunduqdan sonra həmin dərsliyi yazıb axıra
çatdıra bilmədi. Onun başladığı bu
xeyirxah işi davam etdirmək M.F.Axundovun yerinə müəllim
təyin edilmiş M.Ş.Vazehə nəsib oldu.
M.F.Axundov o dövrün
mütərəqqi ziyalılarından fərqli olaraq ilk dəfə
ümumtəhsil ideyasını irəli
sürmüşdü. O, əhalinin bütün təbəqələrinin
- istər şəhərli, ya kəndli olsun, - hamının
ana dilində dünyəvi təhsilə yiyələnməyini
lazım bilir və bu ideyanı qızğın müdafiə
edirdi. Ana dilində dünyəvi təhsil məktəblərinin
yoxluğu nəticəsində əhalinin geniş təbəqəsi
öz doğma dilində yazıb-oxumağı
bacarmırdı. O, ölkənin başdan-başa
savadlanması ideyasını təbliğ edirdi. Maarifçi
demokrat mövcud şəraitdə bu işin baş
tutacağına da şübhə ilə yanaşır və
bu məsələdə inqilabi demokratik mövqedən
çıxış edirdi. Lakin ədəbi dilimizin öz təbii
inkişaf axarı və yolu canlı xalq dilinə əsaslanan
istiqamətin aparıcı mövqeyə keçməsi ilə
nəticələnmişdi.
Ötən əsrin
30-cu illərində - mədəni inqilab dövründə
savadsızlığın ləğvi Azərbaycan dilinin
inkişafı üçün sonsuz imkanlar yaradtı: ana
dilində dərsliklər yazıldı, Azərbaycan
folklorunun toplanması və nəşri sahəsində ciddi
işlər görülməyə başlandı. Bu prosesdə
Salman Mümtaz, Həmid Araslı, Məmmədhüseyn Təhmasib
kimi folklorşünas alimlərin xüsusi əməyi
olmuşdur.
Məhəbbət və
qəhrəmanlıq dastanlarının, xalq
nağıllarının, bayatı və atalar sözlərinin
çapı ana dilimizin yeni-yeni zəngin qatlarını
üzə çıxardı, ədəbi dilin
saflaşmasına təkan verdi. Digər tərəfdən,
elmi üslubun təşəkkülü dilimizin bir elm kimi tərəqqisi
yolunda da mühüm rol oynadı. 1945-ci ildə Azərbaycan
Elmlər Akademiyasının tərkibində Dilçilik
İnstitutu yaradıldı. Qısa vaxtda dil tarixi,
dialektologiya, müasir dilçilik, lüğətçilik
sahələrində dəyərli tədqiqatlar
aparıldı. Görkəmli dilçi alimlərin M.Şirəliyev,
Ə.Orucov, Ə.Dəmirçizadə, M.Hüseynzadə və
başqalarının elmi axtarışları nəticəsində
Azərbaycan dilçiliyi türkologiyada öz nüfuzlu yerini
tutdu. Dilimizin fonetika, leksika, morfologiya və sintaksisi sahəsində
də ciddi işlər görüldü. Çoxcildlik
kollektiv əsərlər yazıldı. Dörd cildlik "Azərbaycan
dilinin izahlı lüğəti", "Rusca-azərbaycanca",
"Azərbaycanca-rusca" lüğətlərinin təkmilləşdirilmiş
çapları ana dilimizin həqiqi zənginliyini, onun
lüğət tərkibinin genişliyini üzə
çıxardı.
Ötən əsrin
60-70-ci illərində isə Azərbaycan ədəbi dili
öz inkişafının yeni mərhələsinə qədəm
qoydu. Bu prosesdə xüsusilə nəsr dili yenidən Mirzə
Cəlilin - "Molla Nəsrəddin" jurnalının ənənələrinə
qayıtdı, canlı xalq dilinin elastikliyindən,
yığcamlığından, leksika və sintaksisindən
faydalanmağa başladı.
Bu gün artıq
dilimizin funksional imkanları genişlənmiş, üslublar zənginləşmiş,
dilin daxili inkişaf meyilləri əsasında yazı
qaydaları cilalanmışdır. 1960-1970-ci illərdə
dövlət qayğısı nəticəsində tərcümə
işinə diqqət gücləndirilmiş, onun ifadə
imkanları genişləndirilmiş, lüğət tərkibinə
yeni terminlər və sözlər əlavə olunmuşdur. Dünya
ədəbiyyatı klassiklərinin siyasi mövzuda
yazılmış əsərlərinin tərcüməsi və
çapı Azərbaycan dilinin elmi-fəlsəfi və bədii
üslubunu dolğunlaşdırmışdır.
Dil problemləri
böyük ideoloji və sosial məsələlərlə
bağlı olsa da, XX əsrin əvvəllərinə qədər
dillərin dövlət qanunları sistemində təsbit
olunması ənənəsi yox idi. Milli dilimizin statusunun
Konstitusiyada və digər qanunlarda əksini tapması
özü maraqlı faktlarla bağlıdır. Azərbaycan
dilinin dövlət dili kimi hüquqi aktlarda təsbit
olunması məsələsi hələ XX əsrin əvvəllərində
- Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti
dövründə böyük aktuallıq kəsb etmişdi. O
zaman parlamentin istifadə etdiyi dil Azərbaycan türkcəsi
idi. Qeyri millətlərdən olan yerli əhalinin nümayəndələri
çıxışların rus dilində olmasını təklif
edəndə parlamentin iclaslarından birində bu məsələ
geniş müzakirə olunmuş və xüsusi qərar qəbul
edilmişdi. Qərara əsasən parlamentin rəsmi dili Azərbaycan
dili elan olunmuş, digər millətlərin nümayəndələrinin
öz çıxışlarını rus dilində etmələri
hələlik məqbul sayılmışdı. Bununla belə
rəsmi sənədlərin hamısı ana dilində tərtib
edilirdi. Azərbaycan türkcəsində olmayan sənədlərə
baxılmırdı. Bu barədə Nazirlər
Şurasının 1918-ci il 27 iyun tarixli xüsusi fərmanı
da mövcuddur. Həmin fərmana görə, iki il ərzində
dövlət orqanlarının işi tamamilə ana dilində
aparılmalıydı. Hətta bir sıra hallarda bu dili bilməyənlər
üçün mütərcim
çağırılması, işlərin Azərbaycan dilinə
tərcümə olunması da nəzərdə tutulurdu. Lakin
nə İstiqlal Bəyannaməsində, nə də
Konstitusiya aktında dövlət dili haqqında maddə
öz əksini tapmamışdı.
Respublikada sovet hakimiyyətinin
qurulduğu ilk illərdə bu sahədə yenilik baş verməmişdi.
1937-ci ildə qəbul olunmuş Azərbaycan SSR-in yeni
Konstitusiyasında da Azərbaycan dilinin hüquqi statusu barədə
heç nə deyilmirdi. Şübhəsiz ki, bu
keçmiş sovet rəhbərliyinin apardığı
totalitar siyasətin diktə etdiyi reallıq idi. Stalin
repressiyalarının geniş vüsət aldığı
bir vaxtda Konstitusiyaya ana dili ilə bağlı hər hansı
düzəliş və ya əlavə etmək kifayət qədər
riskli addım idi.
Stalinin
ölümündən sonra repressiyaya son qoyulması və
totalitarizmin ən ağır formalarının aradan
qaldırılması istiqamətində atılmış
addımlar xalqlara qarşı ayrı-seçkilik siyasətini
müəyyən qədər məhdudlaşdırdı və
nəhayət, belə bir vəziyyətdə 1956-cı ildə
Azərbaycan Respublikası Ali Soveti 1937-ci il Konstitusiyasına
xüsusi əlavə qəbul etdi. Həmin əlavədə
Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili
olması təsbit olunurdu. Lakin bu qərar bir tərəfdən
respublikanın özündəki bəzi mənfur qüvvələrin,
digər tərəfdən mərkəzdəki mühafizəkarların
müqavimətilə rastlaşdı. Azərbaycan dilinə
keçilməsi barədə tələblər Moskvada
narazılıq doğurdu. Stalin dövrünün sərt
qanunlarından azad olmuş xalqlar, onların ziyalıları
milli məsələyə daha cəsarətlə diqqət
verməyə başladılar. Yazıçı və
şairlərimiz, dilçi-filoloqlarımız sosializm
dövründə "hər bir millətin öz müqəddəratını
təyin etmək hüququ"nu dil sahəsində də tətbiq
etməyə çalışırdılar. Sonradan qəbul
edilən qərarlar isə bu narazılığa da son qoydu.
Tələskənlik
respublikada formalaşan milli ovqatlı kadrlara qarşı zərbə
ilə nəticələndi. O zaman keçmiş sovet
imperiyası milli hərəkatın, milli dirçəlişə
səbəb olacaq hər hansı bir tədbirin
qarşısını almaq üçün hər cür təxribata
hazır idi. Ümummilli lider Heydər Əliyev həmin
dövrü xarakterizə edərkən deyirdi ki, "ən
emosional məsələləri də ancaq ağlın
gücü ilə həll etmək lazım idi. Azərbaycan cəmiyyətinin
o dövrdəki vəziyyəti elə idi ki, dərhal qərar
verib bütünlüklə Azərbaycan dilinə keçmək
çox riskli, mərkəzə meydan oxumaq idi. Azərbaycan
dili dövlət-idarəçilik sisteminə tədricən,
təkmilləşə-təkmilləşə daxil
olmalı, milli məmurlar, dəftərxana işçiləri
yetişməli idi..."
Belə bir münasibət
Azərbaycan əlifbasına qarşı da olmuşdu. Çünki
xalqın həyatında, elmin, mədəniyyətin
inkişafında əlifbanın son dərəcə
mühüm əhəmiyyəti var. Tarixə müraciət
etsək görərik ki, islamın yayıldığı
dövrlərdən xalqımız ərəb əlifbasından
istifadə etmiş, min ildən artıq zaman ərzində zəngin
mədəni irs yaratmışdır. Lakin əsrlərlə
müxtəlif xalqların mədəni əlaqəsinə
xidmət edən ərəb qrafikasının dilimizin səs
sistemini bütün dolğunluğu ilə əks etdirə
bilməməsi, onun quruluşu və xarakteri haqqında tam
aydın təsəvvür yaratmaması XIX əsrin ikinci
yarısından etibarən Mirzə Fətəli Axundov
başda olmaqla dövrün mütərəqqi maarifçi
ziyalılarını əlifba islahatı problemi üzərində
düşünməyə vadar etmişdir. Mirzə Fətəli
millətin ümumi mədəniyyətinə, ana dilinin
inkişafına, əhalinin savadlanmasına
çalışırdı. Ədib ərəb əlifbasının
böyük əngəllər törətdiyini
görmüş və düz 20 il bu əlifbanın dəyişdirilməsi
uğrunda mübarizə aparmışdı. Mirzə Fətəli
məktublarından birində yazırdı: "Mənim məqsədim
islam xalqlarını sarsıdan cəhaləti aradan
qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək,
xalqlarımızın azadlığı, rifahı və sərvətinin
artması üçün, vətənin
abadlaşdırılması və islamiyyətdən əvvəl
babalarımızın malik olduğu şan və şöhrətin
bərpa edilməsi üçün ədalətə rəvac
verməkdir. Bu yolda atacağımız birinci addım köhnə
islam əlifbasını dəyişdirməkdir".
Maarifçi demokrat
başladığı işin gec-tez uğurlu nəticə
verəcəyinə inanırdı: "Mən sizi əmin
edirəm ki, əlifba məsələsi nəhayət, baş
tutacaqdır. Əgər bu gün olmasa, sabah, sabah olmasa da
birisigün baş tutacaqdır". Mirzə Fətəli
Axundovun yeni əlifba uğrunda apardığı mübarizə
onun ana dili təlimi, anadilli məktəb ideyası ilə
üzvi surətdə əlaqədar idi. Ötən
yüzilliklər sübut etdi ki, maarifçi mütəfəkkirin
ana dili uğrundakı mübarizəsi nəticəsiz
qalmadı.
Ötən əsrin
60-cı illərinin sonunda Azərbaycan rəhbəri
seçilən ümummilli lider Heydər Əliyev
respublikanın iqtisadi, ictimai-siyasi və mədəni-ideoloji həyatında
dirçəliş yaratmaqla yanaşı, dil məsələsinə
də xüsusi diqqət və qayğı göstərmişdir.
Ulu öndərin ilk gündən yeritdiyi dil siyasəti bir məqsədə
xidmət etmişdir: ana dilini inkişaf etdirmək, onun
dövlət statusunu reallaşdırmaq, dünya dilləri
içərisində nüfuzunu artırmaq. Lakin həmin
dövrdə rus dilinin mövqeyi respublikada hələ
çox güclü idi - nəinki dövlət idarəçiliyi,
cari təsərrüfat, xüsusilə sənaye sahələrində
də rus dilindən geniş istifadə olunur, kənddən
şəhərə, respublikanın paytaxtına gələn
gənclər bu baxımdan müəyyən çətinliklərlə
rastlaşırdılar. Azərbaycan KP-nın qurultayları,
MK-nın plenumları bir qayda olaraq rus dilində
aparılırdı. Heydər Əliyev yaxşı bilirdi ki,
Moskva ruslaşdırma siyasətini yürüdür, lakin bu
qeyri-humanist, bayağı siyasət müxtəlif yollarla pərdələnir,
Azərbaycan dili dövlətçilikdən, inzibati idarə
sistemindən, elmdən, mədəniyyətdən, təhsildən
sıxışdırılır, məişət dili səviyyəsinə
endirilirdi. Belə bir siyasət xalqını sevən rəhbərdə
daxili etiraz doğurmaya bilməzdi. Ona görə də 70-ci
illərdən etibarən respublikanın müxtəlif ali məktəblərində
ana dili və ədəbiyyatı ixtisası üzrə tələbə
qəbulu artırıldı, qəbulda ana dilindən
yazılı imtahan müxtəlif ixtisaslar üzrə məcburi
hesab edildi. Tədris Azərbaycan dilində aparılan məktəblərin
sayı çoxaldıldı. 1970-ci ildə Azərbaycan
Dövlət Universitetinin 50 illiyi münasibətilə
keçirilən rəsmi tədbirdə respublika rəhbəri
ana dilində çıxış etdi. Bunda məqsəd
dilimizin yüksək səviyyədə təbliği idi. Həmin
illərdə görkəmli Azərbaycan
yazıçılarının, şairlərinin, elm xadimlərinin
yubileyləri keçirilir, respublika rəhbərinin
özü Azərbaycan yazıçılarının
qurultaylarında iştirak edir, fikir mübadilələri
aparırdı. Uzaqgörən rəhbər
ziyalılarımızın, xüsusilə dilçi alimlərin
milli sərvətimizlə bağlı sabit, mənəvi,
ideoloji mövqeyinin nədən ibarət olduğunu bir daha yəqin
edir və bu, ulu öndərə ana dili barədə daha fəal
dövlət siyasəti yeritmək imkanı verirdi.
1978-ci ildə Azərbaycan
Konstitusiyasında təsbitini tapan dövlət dilinin Azərbaycan
dili olması haqqında müddəanın müəllifi Heydər
Əliyev olmuşdur. Həmin dövrdə respublika rəhbəri
cəmiyyətdəki mövqeyini, siyasi taleyini riskə qoyaraq Əsas
Qanunumuzda Azərbaycan dilinin dövlət dili olması barədə
müddəanı təmin etmək üçün təşkilati
işlər aparmış, elm adamlarını və
ziyalıları bu işə cəlb etmişdir. Sovet
imperiyası şəraitində belə bir davranış əsl
vətənpərvərlik, vətəndaşlıq nümunəsi
idi. Uzaqgörən rəhbərin qətiyyəti və iradəsi
sayəsində bu müddəa Konstitusiyanın 73-cü maddəsində
öz təsdiqini tapmışdı.
Azərbaycan müstəqillik
əldə etdikdən sonra dil məsələsinə
baxışda müxtəlif ziddiyyətlər və fikir
ayrılıqları meydana çıxmağa başladı. Bu,
xüsusilə AXC-Müsavat iqtidarı dövründə
özünü daha qabarıq şəkildə büruzə
verirdi. Bəzi qüvvələr heç bir məntiqi əsasa
söykənmədən dövlət dilinin adının dəyişdirilməsini
və onun "türk dili" adlandırılmasını təklif
edirdilər. Uzun müzakirələrdən sonra 1992-ci ilin
dekabrında Milli Məclisdə dövlət dili haqqında
qanun müzakirə olunmuş və Azərbaycanda dövlət
dilinin "türk dili" olması barədə qərar qəbul
edilmişdi. Hətta təcili "Türk dili" adlı dərsliklərin
çapı da həyata keçirilmişdi.
Qeyd edək ki, bu qanunun əslində
heç bir hüquqi qüvvəsi yox idi. Çünki 1992-ci
ildə qüvvədə olan 1978-ci il Konstitusiyasındakı
73-cü maddə hələ hüquqi qüvvəsini itirməmişdi.
Digər tərəfdən Konstitusiyanın hər hansı
maddəsinin dəyişdirilməsi barədə qərar isə
müvafiq qanunvericiliyə görə üçdə iki səs
çoxluğu ilə qəbul edilməli idi. Milli Məclisin
dövlət dilinin türk dili olması ilə bağlı qərarın
qəbulu zamanı iclasda bu tələb kobud surətdə
pozulmuşdu. Həmin iclasda 50 deputatdan cəmi 39 nəfəri
iştirak etmişdi. Onlardan yalnız 26 deputat ana dilinin
"türk dili" adlanmasına, 7 nəfər əleyhinə
səs vermişdi. Qalan 6 deputat isə bitərəf
olmuşdu.
Ümummilli lider sonralar
bu məsələyə toxunarkən demişdir: "Bu
böyüklükdə tarixi bir qərar Azərbaycan
xalqının iradəsi nəzərə alınmadan 26 nəfər
tərəfindən qəbul olunubdur. Burada da böyük bir səhv
buraxılıbdır... volyuntarizm, özbaşınalıq
edilərək belə bir qanunun qəbul olunduğu hesab edilmişdir".
1995-ci ildə Azərbaycan
Respublikasının Konstitusiyası hazırlanarkən dövlət
dilinin necə adlandırılması ilə bağlı
müxtəlif təkliflər olmuşdu və onların
böyük əksəriyyətində ana dilimizin Azərbaycan
dili adlandırılması ideyası dəstəklənirdi. Müzakirələrin
nəticəsi olaraq 1995-ci il Konstitusiyasının 21-ci maddəsində
Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan
dili olması öz təsbitini tapdı.
Ulu öndər Heydər
Əliyev Azərbaycan dilinin qorunmasına və
inkişafına bütün dövrlərdə xüsusi diqqət
yetirmişdir. 2001-ci ilin 18 iyununda ümummilli lider "Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" fərman imzalamışdır. Bu tarixi sənəd
dilimizin inkişafı və tətbiqi sahəsində meydana
çıxan problemlərin həllində mühüm rol
oynamışdır. Həmin fərmanda Azərbaycan Prezidenti
yanında Dövlət Dil Komissiyasının
yaradılması da nəzərdə tutulurdu. Dünyanın
heç bir dövlətində analoqu olmayan belə bir qurumun
yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə
daha səmərəli şəkildə nəzarət etmək
və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək
məqsədi daşıyırdı. 2001-ci il avqustun 9-da Azərbaycan
Prezidenti yeni fərman - "Azərbaycan əlifbası və
Azərbaycan dili gününün təsis edilməsi
haqqında" əhəmiyyətli bir sənəd
imzaladı. Bu sənəd dilimizin tətbiqi işinin daha
mükəmməl səviyyədə həyata keçirilməsinə
stimul verdi, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə,
eyni zamanda əlifbamızın beynəlxalq aləmə daha
yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına
keçidi sürətləndirdi. Məhz bundan sonra respublikada
bütün yazılı sənədləşmələr
heç bir istisnaya yol verilmədən latın qrafikası ilə
aparılmağa başladı.
2003-cü ilin yanvar
ayının 2-də isə Heydər Əliyevin fərmanı
ilə "Azərbaycan Respublikasında Dövlət dili
haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə
mindi. Həmin qanunda dövlətin ana dilinə
qayğısı sahəsindəki əsas vəzifələr
dəqiq göstərildi. Qanun dövlət dilinin inkişaf
proqramının hazırlanmasını və dövlət
büdcəsindən ayrılmış vəsait hesabına həmin
proqramın həyata keçirilməsinin maliyyələşdirilməsini
hökumətin başlıca vəzifələrindən biri
kimi qarşıya qoymuşdu. Sənəd Azərbaycanda
dövlət dilinin qorunmasını və
inkişafını təmin etməyə qadir çox mükəmməl
hüquqi sistemin mövcud olduğunu bir daha təsdiqləyirdi.
Əsası ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət
hazırda cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilməkdədir. Prezidentin "Azərbaycan
Milli Ensiklopediyasının nəşri haqqında" və
"Azərbaycan dilində latın qrafikası ilə kütləvi
nəşrlərin həyata keçirilməsi haqqında"
12 yanvar 2004-cü il tarixli sərəncamları da ictimai-tarixi
əhəmiyyətinə görə kifayət qədər
uğurlu bir sənəd kimi qiymətləndirilmişdir. Ölkə
başçısı 2004-cü il dekabrın 27-də Azərbaycan
dilində latın qrafikası ilə çapı nəzərdə
tutulan əsərlərin siyahısının təsdiq edilməsi
haqqında sərəncam imzalamışdı. Bu sənədlərə
uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin əsərləri
kütləvi tirajla nəşr olunaraq ölkənin
bütün kitabxana şəbəkəsinə hədiyyə
edilmişdir. Hər iki sərəncam üzrə Azərbaycan
və dünya ədəbiyyatı, eləcə də
lüğət və ensiklopediyalar silsiləsindən
ümumi tirajı 9 milyondan çox ədəbiyyat kitabxanalara
göndərilərək oxucuların ixtiyarına
verilmişdir. Müasir Azərbaycan oxucularının dünya
ədəbiyyatına olan mənəvi tələbatını
təmin etmək məqsədilə ölkə Prezidenti
2007-ci il avqustun 24-də daha bir sərəncam
imzalamışdır. Həmin sərəncama görə Azərbaycan
və dünya ədəbiyyatı nümayəndələrinin
əsərlərindən ibarət 150 cildlik "Dünya ədəbiyyatı"nın
nəfis şəkildə nəşri nəzərdə
tutulmuşdur. Prezidentin 30 dekabr 2007-ci il tarixli sərəncamı
ilə həmin əsərlərin siyahısı təsdiq
edilmiş, 18 sentyabr 2008-ci il tarixli sərəncamla isə həmin
nəşrlərin maliyyələşdirilməsi təmin
edilmişdir. Prezidentin Ehtiyat Fondundan 5 milyon manat məbləğində
vəsait ayrılmışdır.
Bu gün rəsmi
yığıncaqlarda, məclislərdə ana dilimiz təntənə
ilə səslənir. Azərbaycan dili tarixi ənənəsi
olan kamil dillərdən biridir. İnsan kimliyini,
soykökünü ilk növbədə dil vasitəsilə
tapır və dərk edir. Bizim eşitdiyimiz və öyrəndiyimiz
dil misilsiz xəzinədir. Azərbaycan dilinin hərtərəfli
inkişafı, onun təkcə sözdə deyil, gündəlik
təcrübədə ümumişlək dilə, dövlət
dilinə çevrilməsi, diplomatiya aləminə yol
açması, zənginləşərək nüfuz
qazanması naminə həyata keçirilən dövlət
siyasəti uğurla davam etdirilir.
İ.ƏLİYEVA
Azərbaycan.- 2009.- 1
avqust.- S. 3.