Ana dili adlanır ilk dərsliyimiz

 

Dil açanda ilk dəfə ana söyləyirik biz,

Ana dili adlanır bizim ilk dərsliyimiz.

İlk mahnımız laylanı anamız öz südüylə,

İçirir ruhumuza bu dildə gilə-gilə.

 

Bu, böyük şairimiz Bəxtiyar Vahabzadənin məşhur "Ana dilim" şeirindəndir. Təkcə bu bənddə bir millətin yaşaması üçün onun dilinin nə böyük qüdrətə malik olduğu, nə anlam daşıdığı açıq-aydın ifadə olunub.

Qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan bəşəriyyətə bir çox dəyərli töhfələr vermişdir. Onların ilk nümunələri tarixin böyük kəşfi olan yazı vasitəsilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq günümüzədək yaşamışdır. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə etmişdir. Eralar, qərinələr ötüşə-ötüşə tariximiz, keçmişimiz, kimliyimiz nəsillərin dilində bu günə qədər yaşanmışdır.

Xalqımız əsrlər boyu ana dilində danışmaq, ana dilində yazmaq və bu dili yaşatmaq, saflığını qorumaq uğrunda mübarizə aparıb. Böyük Füzuli deyib ki, mən ərəb dilində ona görə yazıram ki, bu dildə təhsil almışam, fars dilində ona görə yazıram ki, bu dildə yazmaq dəbdədir, Azərbaycan dilində ona görə yazıram ki, bu mənim ana dilimdir.

XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycan dilinin qorunması və yaşaması uğrunda dövrün maarifçi-ziyalıları mübarizə aparır, dilimizi bəlağətli ərəb-fars, Osmanlı sözlərilə dolduran mühafizəkarlara qarşı çıxırdılar. Onlar deyirdilər ki, Azərbaycan dili nə meyxanələrdə saqilərə meyxana deyənlərin, nə də mərsiyəxanalarda mərsiyə deyənlərin dili deyil, xalqın dilidir. Xalqın dili də təmiz, aydın, qəliz sözlərsiz, körpə uşağın da ifadə edə biləcəyi qədər aydın və sadə olmalıdır. Millətinin maarif işığını yandıran böyük pedaqoq Firudin bəy Köçərli 1913-cü ildə ana dilinə həsr etdiyi məqalələrinin birində yazırdı: "Azərbaycan türklərinin özünəməxsus dili var. Bizim qabil və mahir ədiblərimiz az olubdur. Amma olanlar da ana dillərini seviblər və yazdıqlarını açıq-aydın yazıblar. Abbasqulu ağa Bakıxanovun "Nəsihətnamə"si, Mirzə Fətəli Axundovun komediyaları, Qasım bəy Zakirin məktubatı, Hacı Seyid Əzim Şirvaninin əşar və kəlamları, Həsən bəy Zərdabinin elm və fünuna dair yazdıqları kitablar və siyasi məqalələr-hər cümləsi açıq və aydın şəkildə yazılmışdır..."

Hər bir millətin dilinin yaşamasına və inkişaf etməsinə səbəb ilk növbədə onun ədəbiyyatı və mətbuatıdır. Etiraf edək ki, XX əsr Azərbaycan ədibləri, yazıçıları və mətbuatı dilimizin təmizliyi üçün fədakarlıq göstərmiş, yazdıqları ədəbi-bədii əsərlərlə ərəb, fars, Osmanlı və rus sözləri ilə anlaşılmaz hala gələn Azərbaycan dilini təmizləmişlər. XX əsrin böyük bir nəslinin ana dilini mükəmməl öyrənməsində və bütövlükdə dilimizin inkişafında həmin dövrdə yaradılan ədəbiyyatın böyük əhəmiyyəti olmuşdu.

Ulu öndər Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalayaraq hər il avqust ayının 1-ni ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi tarixə yazdı. Deməli, nə qədər ki, bu xalq yaşayır onun ana dili də yaşayacaq. Bunun üçün də XXI əsr Azərbaycan ədəbiyyatı, nəsri, şeiri və mətbuatı inkişaf etməlidir ki, yetişən nəsil bu ədəbiyyatı, nəsri, şeiri oxuyaraq Ana dilini kamil bilsin və onu sevsin.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2009.- 1 avqust.- S. 3.