Naxçıvan dinamik inkişafın yeni mərhələsinə qədəm qoyur

 

Naxçıvan MR Ali Məclisi muxtar respublikada qanunvericilik hakimiyyətini həyata keçirən ali dövlət hakimiyyəti orqanıdır. O, mojaritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında demokratik, sərbəst, şəffaf və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilən 45 nəfər deputatdan ibarətdir. Ali Məclis öz səlahiyyətləri dairəsində muxtar respublika konstitusiyasına uyğun olaraq bir çox məsələlərə dair ümumi qaydalar müəyyənləşdirir.

Azərbaycan Konstitusiyası və qanunları ilə onun səlahiyyətinə aid edilən məsələlər də az deyil. Ölkə Konstitusiyasının VIII fəsli bütövlükdə "Naxçıvan Muxtar Respublikası" adlanır. Muxtar respublika büdcəsinin, iqtisadi və sosial proqramların təsdiqi də bu cür məsələlərdəndir. Elə bu səbəbdəndir ki, ildə iki dəfə keçirilən sessiyalarda müzakirəyə çıxarılan məsələlər sırasında büdcə və sosial-iqtisadi inkişafın yekunları ilə bağlı məsələlər də olur. İyulun 30-da keçirilən üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında ənənəyə əməl olundu. Sessiyanın gündəliyini və iş qaydasını təsdiq etdikdən sonra Ali Məclisin sədri Vasif Talıbov "2009-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları" barədə geniş məruzə ilə çxış etdi.

Ali Məclisin sədri qeyd etdi ki, regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında Naxçıvan Muxtar Respublikası üçün nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ötən beş il ərzində iqtisadiyyatın dinamik inkişafını təmin edib. Nəticədə 2003-cü illə müqayisədə 2008-ci ildə muxtar respublikada ümumi daxili məhsulun həcmi 5 dəfə, adambaşına düşən həcmi 4 dəfə artıb. Bu müddətdə sənayedə 9 dəfə, kənd təsərrüfatında 2 dəfə, əsaslı investisiya qoyuluşlarının həcmində isə 5 dəfə artım qeydə alınıb.

Əldə olunan nailiyyətləri muxtar respublikaya səfərləri çərçivəsində ölkə başçısı cənab İlham Əliyev də yüksək qiymətləndirib: "Burada gedən işlər məni çox sevindirir. Mən əminəm ki, bu gözəl ənənələr gələcək illərdə də davam etdiriləcək və Naxçıvan Muxtar Respublikası həm iqtisadi inkişaf sürətinə, həm də infrastruktur layihələrinin səviyyəsinə görə nəinki bu regionda, hətta dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır".

Nəticələrin kifayət qədər yüksək olmasına baxmayaraq, regionların mövcud imkanlarından daha səmərəli istifadəni təmin etmək məqsədilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda digər iqtisadi rayonlar kimi, muxtar respublikanın inkişafı ilə bağlı prioritetlər müəyyənləşdirilib. Burada əsas məqsəd muxtar respublikanın təbii və əmək potensialından səmərəli istifadə etməklə sənaye və kənd təsərrüfatının inkişafını sürətləndirmək, infrastruktur təminatının yaxşılaşdırılması sahəsində tədbirləri davam etdirmək, əhaliyə göstərilən kommunal xidmətlərin daha da yaxşılaşdırılmasına və məşğulluq səviyyəsinin artırılmasına nail olmaq, yeni sosial obyektlərin inşasını və yenidən qurulmasını həyata keçirməkdir. Cari ilin birinci yarısının nəticələrini özündə əks etdirən makroiqtisadi göstəricilər də bu sahədə xeyli işlərin görüldüyünü sübut edir.

2009-cu ilin ötən dövrü ərzində yeni istehsal sahələrinin yaradılması, göstərilən xidmətlərin həcminin artması ümumi daxili məhsul istehsalının da dinamik artımını təmin edib. 6 ay ərzində muxtar respublikada 417 milyon 433 min manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, ötən ilin müvafiq dövründəki 310 milyon 290 min manat ümumi daxili məhsulla müqayisədə 31 faiz çox olub.

 

Sənayedə yeni istehsal sahələri yaradılıb

 

Həyata keçirilən məqsədyönlü islahatlar muxtar respublikada sənayeni dinamik inkişaf etdirən sahələrdən birinə çevirir. Sənaye müəssisələrinin işinin bərpası, istehsal olunan məhsulun həcminin və çeşidinin artırılması sayəsində 2009-cu ilin birinci yarısında 105 milyon 630 min manatlıq məhsul istehsal edilib. Bu, 2008-ci ilin müvafiq dövründə istehsal olunan məhsuldan 23 faiz çoxdur.

Yeni məhsul istehsalı və xidmət sahələri yaradılmış, mövcud sahələrin fəaliyyəti gücləndirilmişdir. Bu müddətdə yerli istehsalın həcminin artırılmasına da xüsusi diqqət yetirilib. Çünki bu amil daxili bazarın qorunmasında, xaricə valyuta axını qarşısının alınması və tələbatın ödənilməsi üçün idxaldan asılılığın aradan qaldırılmasında müstəsna əhəmiyyət kəsb edib. Bunun nəticəsidir ki, ötən ilin birinci yarısında 10 yeni istehsal və xidmət sahəsi istifadəyə verilmişdirsə, 2009-cu ilin müvafiq dövründə yeni fəaliyyətə başlayan istehsal və xidmət müəssisələrinin sayı 17-yə çatmışdır. Bundan əlavə, 54 layihə üzrə müxtəlif təyinatlı yeni sahələrin yaradılması istiqamətində işlər davam etdirilir.

 

Tikintidə investisiya qoyuluşunun həcmi 76 faiz artıb

 

Məruzəçi bildirdi ki, muxtar respublikanın iqtisadiyyatında əldə olunan nailiyyətlər burada tikinti-abadlıq işlərinin həcminin artmasına, şəhər və kəndlərin simasının ildən-ilə yeniləşməsinə şərait yaradır. 2009-cu ilin 6 ayı ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 202 milyon manatdan artıq sərmayə qoyulmuşdur. Bu isə ötən ilin müvafiq dövründə istifadə olunan 115 milyon manatlıq investisiya ilə müqayisədə 87 milyon manat və ya 76 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 174 milyon manatı və ya 86 faizi bilavasitə tikinti-quraşdırma işlərində istifadə edilib.

Ölkə rəhbərinin sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan olunması gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğını daha da artırmışdır. Bu baxımdan, onların yaxşı təhsil alması, müasir dövrün tələblərinə uyğun hərtərəfli inkişaf etmələri üçün muxtar respublikada hər cür şərait yaradılır. Cari ilin ötən dövrü ərzində Naxçıvan şəhərində 100 və 200 yerlik uşaq bağçaları tikilərək istifadəyə verilmişdir. Son 6 ayda Naxçıvan şəhərindəki Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi yenidən qurulub, 1008 şagird yerlik 8 nömrəli orta məktəb, Əliabad qəsəbəsində 4 saylı uşaq musiqi məktəbi istifadəyə verilib. Naxçıvan Şahmat Mərkəzinin tikintisi başa çatdırılıb.

İdman sağlamlıq obyektləri gənc nəslin sağlam böyüməsi və asudə vaxtdan səmərəli istifadə edilməsində müstəsna əhəmiyyətə malikdir. Cari ilin ötən dövrü ərzində Heydərabad qəsəbəsində mini futbol və voleybol meydançası istifadəyə verilmiş, Şərur Olimpiya İdman Kompleksinin tikintisi başa çatdırılmışdır.

Naxçıvan doğum mərkəzinin, Naxçıvan Muxtar Respublikası Onkoloji Dispanserinin, Şahbuz Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması da bu dövrə təsadüf edir.

Muxtar respublikada həyata keçirilən tikinti-abadlıq işlərinin bir səciyyəvi cəhəti də odur ki, onlar bütün yaşayış məntəqələrini əhatə etməsidir. Rayon və kənd yerlərində əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, buradakı yerli idarəetmə orqanları üçün normal iş şəraitinin yaradılması məqsədi ilə tədbirlər görülmüş, Şərur şəhərində 26 mənzilli yaşayış binası, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı, həmin rayonun Qarxun, Aralıq kəndlərində ticarət və məişət mərkəzi, Ordubad şəhərində bazar, ticarət və məişət kompleksi, Kəngərli rayonunun Qıvraq qəsəbəsində ticarət və məişət evi istifadəyə verilmişdir.

Həyata keçirilən tikinti işlərinin bir hissəsi də əhalinin öz şəxsi vəsaiti hesabına aparılmışdır. İqtisadi islahatların nəticəsi olaraq son illər əhali gəlirlərinin səviyyəsinin artması fərdi yaşayış evlərinin tikintisinə marağı artırmışdır. 2009-cu ilin birinci yarısında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına 66 min 692 kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 min 903 kvadratmetr çoxdur.

 

Aqrar sahəyə qayğı və diqqət çoxalıb

 

Muxtar respublika iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının inkişaf etdirilməsi istər ərzaq təhlükəsizliyinin təmin olunmasında, istərsə də emal müəssisələrinin xammalla təchizatında mühüm rol oynayır. Cari ilin 6 ayı ərzində kənd təsərrüfatının inkişafı və bu sahədə sahibkarlığa dəstək məqsədilə muxtar respublikanın maliyyə-kredit təşkilatları tərəfindən kənd təsərrüfatı müəssisələrinə, balıqçılıq təsərrüfatlarına və ayrı-ayrı fiziki şəxslərə 4 milyon 255 min manatadək kredit verilmişdir.Builki yaz əkinləri mövsümündə "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2 milyon 420 min manat dəyərində 5 min 241 ton gübrə gətirilərək məhsul istehsalçılarına güzəştli şərtlərlə verilmişdir. Hazırda şəkər çuğunduru istehsalı ilə məşğul olan istehsalçılara hər hektara 100 kiloqram olmaqla mineral gübrə verilməsi davam etdirilir. Əkin prosesində müasir texnika və mütərəqqi əkin üsullarının tətbiq edilməsi məqsədilə 2006-2009-cu illər ərzində 403 ədəd müxtəlif kənd təsərrüfatı texnikaları alınaraq muxtar respublikaya gətirilmişdir. Görülmüş tədbirlər nəticəsində yazlıq və payızlıq əkin sahələrinin həcmi ötən illə müqayisədə 291 hektar artaraq 59 min hektara çatmışdır.

Ötən illərin təcrübəsi göstərib ki, soyuducu anbarlar olmadan kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması mümkün deyil. Artıq bu sahədə də əsaslı dönüşə nail olunmuşdur. Muxtar respublika əhalisinin meyvə-tərəvəz və kartof məhsullarına olan tələbatının il boyu ödənilməsi üçün cari ilin 6 ayında ümumi tutumu 720 ton olan 3 soyuducu anbar istifadəyə verilmiş, ümumi tutumu 2 min 500 ton olan 4 soyuducu anbarın qurulması istiqamətində işlər davam etdirilir.

Cari ilin ötən dövrü ərzində 18 min ton taxılı uzun müddətə, 20 min ton taxılı qısa müddətə saxlamağa imkan verən taxıl ehtiyatı anbarının tikilməsinin muxtar respublikada taxıl ehtiyatlarının yaradılmasında böyük əhəmiyyəti vardır.

Sosial-iqtisadi inkişafın hazırkı mərhələsinin prioritet istiqamətlərindən biri də sahibkarlıq fəaliyyətini stimullaşdırmaqla iqtisadiyyatın davamlı və tarazlı inkişafını təmin etməkdir.

Ali Məclisin sədri bununla bağlı dedi ki, təkcə cari ilin birinci yarısında muxtar respublika üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən 28 hüquqi və 929 fiziki şəxs qeydiyyata alınıb. Uzunmüddətli iqtisadi və sosial inkişafı təmin etmək üçün yeni istehsal sahələrinin yaradılmasına maliyyə dəstəyinin göstərilməsi vacibdir. Bu məqsədlə müxtəlif bank və kredit təşkilatlarının xəttilə kreditlərin verilməsi cari ildə də davam etdirilib. Belə ki, 2009-cu ilin birinci yarısında sahibkarlıq subyektlərinə 17 milyon 152 min manat həcmində kredit verilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 73 faiz çoxdur.

Sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, ümumi daxili məhsulda özəl bölmənin payı 86 faiz təşkil edir. Muxtar respublikada 104 növ ərzaq, 173 növ qeyri-ərzaq olmaqla 277 növ məhsul istehsal olunur. Yaradılmış müəssisələr 87 növ ərzaq, 148 növ qeyri-ərzaq olmaqla 235 növ məhsullara olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsinə imkan verir. Bu o deməkdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əlavə olaraq daha 14 növ məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin olunmuşdur.

Sahibkarlıq fəaliyyəti üçün yaradılan münbit şərait yeni iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəlməsinə də əlverişli zəmin yaratmışdır. 2009-cu ilin 6 ayı ərzində yeni yaradılmış 2 min 474 iş yerindən 1883-ü daimidir.

 

Xarici ticarətdə idxal ixracı üstələyib

 

Muxtar respublika iqtisadiyyatında müşahidə olunan dinamik inkişaf meyilləri onun xarici ticarət dövriyyəsinin də strukturuna müsbət təsir göstərmiş və ticarət tərəfdaşlarının sayının artmasına səbəb olmuşdur. 2009-cu ilin birinci yarısında muxtar respublikanın 29 xarici dövlətlə apardığı ticarət əməliyyatları nəticəsində 91 milyon 697 min ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi yaranmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Ticarət dövriyyəsinin 49 milyon 355 min ABŞ dollarını ixrac, 42 milyon 342 min ABŞ dollarını isə idxal təşkil edir.

Əldə olunan iqtisadi nailiyyətlər büdcə daxilolmalarının da həcminin artmasına şərait yaratmışdır. 2009-cu ilin 6 ayı ərzində Naxçıvan Muxtar Respublikasının Dövlət büdcəsinin gəlirləri 30 milyon 263 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövründə daxil olan 23 milyon 234 min manat gəlirdən 7 milyon 29 min manat və ya 30 faiz çoxdur. Büdcə daxilolmalarının 93 faizi və ya 28 milyon 190 min manatı Vergilər Nazirliyi, 7 faizi və ya 2 milyon 73 min manatı Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilmişdir.

 

Naxçıvan Konstitusiyasına da əlavələr və dəyişikliklər edildi

 

Deputatlar "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" məsələnin müzakirəsində də fəallıq göstərdilər. Muxtar respublika parlamentinin sədri Vasif Talıbov qeyd etdi ki, ölkədə həyata keçirilən hüquqi islahatların yeni mərhələsi olan bu dəyişikliklər Konstitusiyanın bir çox normalarını təkmilləşdirmək məqsədinə xidmət edir. 2009-cu il martın 18-də keçirilən ümumxalq səsverməsi - referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da müvafiq əlavə və dəyişikliklərin aparılmasını zəruri edib. Ali Məclisin müzakirəsinə çıxarılan "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun layihəsində Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 10 maddəsinə 20 əlavə və dəyişiklik təklif olunur. Bu dəyişiklikləri mahiyyətcə dörd qrupa bölmək olar.

Birinci qrup dəyişikliklər Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi ilə bağlıdır. Belə ki, Konstitusiyanın 5-ci maddəsinə təklif olunan yeni 11-ci bəndə əsasən ali vəzifəli şəxs Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir. Bu müddəa Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında olsa da, ali vəzifəli şəxsin səlahiyyəti ilə bağlı olduğundan Naxçıvan Muxtar Respublikası Konstitusiyasına da daxil edilməlidir. Həmin maddəyə əlavə edilməsi nəzərdə tutulan yeni 12-ci bənd ali vəzifəli şəxsin ali xüsusi rütbələrin verilməsinə dair təkliflər verməsini, 21-ci bəndə edilən dəyişiklik isə Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilməsinə dair təkliflər verməsini nəzərdə tutur. Təcrübədə istifadə olunan bu səlahiyyətlərin Konstitusiya normasına çevrilməsi mühüm əhəmiyyətə malikdir.

İkinci qrupa Ali Məclisin fəaliyyəti, iş qaydaları, qanunvericilik təşəbbüsü hüququ ilə bağlı dəyişikliklər daxildir. Konstitusiyanın 18-ci maddəsinə edilən əlavə ilə Ali Məclisin sessiyalarının açıq iclaslarla yanaşı, qapalı iclaslarının da keçirilməsi nəzərdə tutulur. 25-ci maddənin ikinci hissəsinə edilən dəyişikliklər də mühüm əhəmiyyətə malikdir. Belə ki, maddənin mövcud variantında digər məsələlərlə yanaşı, Ali Məclisin işinin təşkili (reqlament) və dövlət büdcəsinin təsdiqinə dair Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlar qəbul etməsi təsbit olunmuşdur. Bu isə həm mövcud praktikaya və qanunvericiliyə ziddir, həm də Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin ikinci hissəsinə uyğun deyildir. Təklif olunan dəyişikliklə qeyd edilən məsələlərə dair Ali Məclisin qanunlar qəbul etməsi nəzərdə tutulur.

Konstitusiyanın 26-cı maddəsinə təklif olunan dəyişiklik Naxçıvan Muxtar Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququnun verilməsini nəzərdə tutur. Qanunvericiliyin tətbiqi ilə bağlı ortaya çıxan boşluqların, çatışmazlıqların aradan qaldırılması üçün prokurorluğa verilən bu səlahiyyət çox əhəmiyyətlidir.

Üçüncü qrupa məhkəmə hakimiyyətinin fəaliyyətinin təkmilləşməsinə xidmət edən dəyişikliklər daxildir. Belə ki, qüvvədə olan qanunvericiliyə görə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi apellyasiya instansiyası funksiyalarını həyata keçirir. Bu isə Konstitusiyada öz əksini tapmamışdır. Qanun layihəsində Konstitusiyanın Ali Məhkəməyə aid olan 44-cü maddəsinin birinci hissəsində Ali Məhkəmənin nəzarət funksiyasının çıxarılması və onun yalnız ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işləri üzrə apellyasiya instansiyası məhkəməsi kimi təsbit olunması təklif edilir.

Dördüncü, texniki xarakterli dəyişikliklərdir ki, onlar da Konstitusiyada işlənən müddəaların, ayrı-ayrı ifadələrin dəqiqləşdirilməsinə yönəldilmişdir. Burada da məqsəd Konstitusiyanın mətnini daha da təkmilləşdirməkdir.

Deputatların fikrincə, Konstitusiyaya təklif olunan hər bir dəyişiklik muxtar respublikada inkişafın davamlılığının təmin edilməsinə, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlməklə Konstitusiyamızın daha da demokratikləşdirilməsinə xidmət edir.

Ali Məclisin sədri deputatların diqqətinə onu da çatdırdı ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 50-ci maddəsinin ikinci hissəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında təklif Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 2 dəfə səsə qoyulur və ikinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilir.

Üçüncü çağırış Naxçıvan MR Ali Məclisinin yeddinci sessiyasında digər məsələlər də müzakirə olundu. Deputatlar "Naxçıvan Muxtar Respublikasının 2008-ci il dövlət büdcəsinin icrasının təsdiqi" barədə məsələyə öz münasibətlərini bildirdilər. Bununla əlaqədar muxtar respublikanın maliyyə naziri Xalid İsgəndərovun məlumatı dinlənildi, Ali Məclisin müvafiq qərarı qəbul olundu. "Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında" Naxçıvan Muxtar Respublikası Qanununa dəyişiklik edilməsi barədə məsələyə də deputatlar müsbət münasibət bildirdilər.

Sessiyada qeyd olundu ki, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu ilə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilmişdir. Bu dəyişikliyə uyğun olaraq "Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa da dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanmışdır.

Sonda deputatlar sessiyalararası dövrdə Ali Məclis sədrinin imzaladığı fərmanları təsdiq etdilər.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2009.- 1 avqust.- S. 4.