İyulun 31-də Daxili
İşlər Nazirliyində respublika daxili işlər orqanlarının
cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə
və ictimai təhlükəsizliyin təmin edilməsi
üzrə fəaliyyətinin yekunlarına, qarşıda
duran vəzifələrə həsr olunmuş geniş kollegiya
iclası keçirilmişdir.
DİN-in mətbuat xidmətindən
bildirmişlər ki, kollegiya iclasını giriş
sözü ilə açan daxili işlər naziri,
general-polkovnik Ramil Usubov bildirmişdir ki, Azərbaycan Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə uğurla davam
etdirilən Heydər Əliyev siyasi kursunun həyata
keçirilməsində və quruculuq proseslərində
yaxından iştirak edən daxili işlər orqanları tərəfindən
ictimai asayişin və təhlükəsizliyin təmini sahəsində
əvvəlki illərin müsbət nəticələri
2009-cu ilin 6 ayında da qorunub saxlanılmış, bir
çox istiqamətlər üzrə daha da inkişaf
etdirilmişdir. Mühüm dövlət və siyasi tədbirlərin
keçirilməsi zamanı səfərbərlik, operativlik və
əzmkarlıq göstərilmiş, ölkənin
qanunlarından, dövlətimizin
başçısının fərman və sərəncamlarından,
DİN-in normativ sənədlərindən irəli gələn
vəzifələr layiqincə yerinə yetirilmişdir.
Görülmüş
işlər ölkədəki əlverişli investisiya
mühitinin, iqtisadiyyatın inkişafı, strateji əhəmiyyətli
beynəlxalq layihələrin müvəffəqiyyətlə
həyata keçirilməsinin mühüm amillərindən
olan ictimai-siyasi sabitliyin qorunmasında, orqan və hissələrdə
fəal inkişaf tempinin saxlanılmasında böyük rol
oynamışdır. Hesabat dövründə cinayətlərin
və digər hüquqpozmaların qarşısının
alınması, açılması, zərərçəkmişlərin
hüquqlarının bərpası, ictimai qaydanın, vətəndaşların
təhlükəsizliyinin təmini, profilaktika işinin səmərəsinin
artırılması əsas vəzifə olaraq
ardıcıllıqla yerinə yetirilmişdir.
Daha sonra daxili işlər
nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov cari
ilin birinci yarısında cinayətkarlıqla mübarizə və
ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində
görülmüş işlərin yekunlarına dair hesabat məruzəsi
ilə çıxış etmişdir. Nazir müavini
demişdir ki, bütün subyektlər üzrə 11.180 cinayət
qeydə alınmış, onların 95,5 faizi, yəni 10.680-i
daxili işlər və prokurorluq orqanlarının qanunla
müəyyən edilmiş səlahiyyətləri çərçivəsində
təhqiqatı və istintaqı aparılan hüquqazidd əməllər
olmuşdur. Ötən ilin müvafiq dövrü ilə
müqayisədə cinayətlərin sayı 7,5 faiz çox
olsa da, bu artım, əsasən, böyük ictimai təhlükə
törətməyən və az ağır cinayətlərin
hesabına baş vermişdir. Cinayətlərin ağır və
xüsusilə ağır növləri bütövlükdə
sabit qalmış, onların içində qəsdən
adamöldürmələr 9,9 faiz, quldurluqlar 23 faiz, hədə-qorxu
ilə tələbetmələr 18,2 faiz azalmışdır. Adamları
girov götürmə və banditizm cinayətləri,
ümumiyyətlə, qeydə alınmamışdır.
Profilaktiki işin düzgün təşkilinin, eləcə də
vaxtında verilmiş əmr və göstərişlərin
məntiqi nəticəsi olaraq, hüquqazidd əməllərin
təhlükəliliyi nəzərəçarpacaq dərəcədə
azalmışdır.
Cinayətlərin
açılması 85,9 faiz, onların ağır və
xüsusilə ağır növlərinin
açılması 81,8 faiz təşkil etmişdir. Keçmiş
illərdən bağlı qalan 227 cinayət prokurorluq
orqanları ilə sıx əlaqədə həyata
keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində
açılmışdır. Törədilmiş əmələ
görə cəzanın labüdlüyünün təmini
işi davam etdirilərək yerli və dövlətlərarası
axtarışda olan 1271, o cümlədən MDB və digər
xarici ölkələrdə gizlənmiş 70, dövlət
hakimiyyəti əleyhinə cinayətlərə görə
axtarılan 2 nəfər tutulmuşdur. İnterpolun Azərbaycan
Respublikasında Milli Mərkəzi Bürosu tərəfindən
beynəlxalq axtarışda olan 38 nəfərin və
İnterpola üzv ölkələr tərəfindən
axtarılan 17 təqsirləndirilən şəxsin yeri müəyyən
edilmişdir. Axtarışda qalan təqsirləndirilən
şəxslərin sayı 2008-ci ilin 6 ayı ilə
müqayisədə 9,9 faiz azalmışdır. Cinayətkarların
axtarışı işinin göstəricisi
bütövlükdə 50,6 faiz təşkil etmişdir.
Bildirilmişdir ki,
dayanıqlı cinayətkar dəstələrə və
qruplara qarşı aparılan mübarizə də səmərəli
olmuşdur. Ağır və xüsusilə ağır cinayətlər
törətmiş 381 nəfəri birləşdirən 141, o
cümlədən 26 nəfərdən ibarət 4 mütəşəkkil
qrup və dəstə həyata keçirilmiş kompleks əməliyyat-axtarış
tədbirləri sayəsində zərərsizləşdirilmişdir.
Qrup halında törədilən cinayətlər 6,2 faiz, o
cümlədən əvvəllər məhkum olunmuşlardan
ibarət qrupların törətdikləri cinayətlər isə
23,8 faiz azalmışdır. Qanunsuz saxlanılan 798 silah və
79 minə yaxın patron götürülmüşdür ki,
bu da odlu silahın tətbiqi ilə törədilən cinayətlərin
sayında 6 faiz azalmanı şərtləndirmişdir.
Transmilli mütəşəkkil
cinayətkarlığın növlərindən olan narkotiklərin
qanunsuz dövriyyəsi, insan alveri cinayətlərinə
qarşı aparılan mübarizə, qeyri-leqal miqrasiyanın
qarşısının alınması üzrə fəaliyyət
də səmərəli olmuşdur. Məruzəçi qeyd
etmişdir ki, keçirilmiş əməliyyat-axtarış
tədbirləri ilə qanunsuz dövriyyədən 735 kiloqram
narkotik vasitə götürülmüşdür ki, bu da
ötən ilin müvafiq dövrü ilə müqayisədə
394 kiloqram çoxdur.
Eyni ilə 186 kiloqram
çox, yəni 247 kiloqram narkotikin
qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin
qarşısı alınmışdır. Narkotiklərin
satışı ilə bağlı cinayətlərin
aşkarlanması da 2,6 faiz artaraq 678 fakt təşkil
etmiş, habelə 110 nəfərdən ibarət 44 cinayətkar
qrup və dəstə zərərsizləşdirilmişdir. Ümumi
çəkisi 209 ton olan narkotik tərkibli bitki yaşıl
kütlə halında məhv edilmişdir.
Görülmüş əməliyyat
tədbirləri nəticəsində insan alveri ilə əlaqədar
47 cinayət faktı aşkarlanaraq 41 nəfər məsuliyyətə
cəlb olunmuş, 19 nəfərdən ibarət 9 cinayətkar
qrup zərərsizləşdirilmiş, cinayətlərin
qurbanı olan 60 şəxs müəyyən edilmişdir. Həyata
keçirilən tədbirlərlə müvafiq icazəsi və
ya qeydiyyatı, habelə yaşama hüququ verən sənədləri
olmayan 233 əcnəbi saxlanılmış, onlardan 212-si
ölkənin hüdudlarından kənara
çıxarılmışdır.
Dövlətimizin
başçısının respublikada ekoloji vəziyyətin
yaxşılaşdırılması məqsədilə
qarşıya qoyduğu vəzifələrin icrası da nəzarətdə
saxlanılmışdır. Həyata keçirilən məqsədyönlü
tədbirlərlə 93 ekoloji cinayət, o cümlədən
balıq və başqa su heyvanlarını qanunsuz tutma ilə
əlaqədar 82, qanunsuz ağac kəsmə ilə
bağlı 11 fakt aşkarlanaraq 67 nəfər cinayət məsuliyyətinə
cəlb olunmuş, 334 nəfər haqqında inzibati
qanunvericiliyə uyğun tədbirlər
görülmüşdür.
İqtisadi fəaliyyət
sahəsinə aid cinayətkar qəsdlərə qarşı
davamlı şəkildə aparılan mübarizə nəticəsində
qanunsuz dövriyyədən ümumi məbləği 193 min
manat təşkil edən 2104 ədəd saxta əskinas
çıxarılmışdır. İstehlakçıları
aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və
satma cinayətləri ilə mübarizə də önəm
verilən məsələlərdən olmuşdur. Hesabat
dövründə nazirliyin Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən
bu qəbildən 10 cinayət faktı müəyyən edilərək
qanunsuz dövriyyədən 60 tondan çox istifadə
müddəti ötmüş müxtəlif çeşiddə
ərzaq məhsulları, 5 min ədəd kontrafakt içki,
120 tondan çox tikinti materialları, habelə açıq
satışı qadağan olunmuş 7 min ədəd dərman
preparatı çıxarılmışdır.
Cinayətlərin
açılmasında aparıcı rolu olan istintaq və təhqiqat
aparatları əməkdaşlarının fəaliyyəti də
bütövlükdə qənaətbəxş olmuşdur. Müstəntiqlər
tərəfindən 10.268 cinayət işindən 46,5 faizinin
istintaqı tamamlanaraq 4244-ü ittiham aktı ilə məhkəmələrə
göndərilmiş, 531 iş xitam edilmişdir. Cinayət
işləri üzrə dəymiş 30 milyon 988 min manat maddi
ziyandan 68,5 faizinin ödətdirilməsi təmin olunmuşdur.
Təhqiqat qurumlarında araşdırılan cinayət
xarakterli ərizə və məlumatların sayı ötən
ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz
azalaraq 53.405 material təşkil etmişdir. Onlardan 1879-u
böyük ictimai təhlükə törətməyən
aşkar cinayətlər olduğundan məhkəməyədək
sadələşdirilmiş icraat açılmış,
araşdırılması tamamlanmış 1117 material
prokurorluğa göndərilmişdir. Cinayət işinin
başlanmasının rədd edilməsi barədə 34.176 qərar
qəbul olunmuşdur.
Fəaliyyətin əsas
istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin
təmin edilməsi, bu sahədəki problem və
nöqsanların aradan qaldırılması üzrə
işlər də nəzarətdə saxlanılmaqla məqsədyönlü
profilaktiki tədbirlər davam etdirilmişdir. Cari ilin 6
ayında respublikada təxminən 40 min avtomobilin artması
fonunda yol-nəqliyyat hadisələrinin sayı 4,2, qəzalarda
ölənlərin sayı 1,3, yaralananların sayı 5,5 faiz
azalmışdır. Sürücülər tərəfindən
yol hərəkəti qaydalarının kobud şəkildə
pozulması səbəbindən baş vermiş hadisələr
3,5, piyadaların vurulması ilə bağlı qəzaların
sayı 10,8 faiz az olmuşdur. Yol hərəkətinə nəzarət
prosesində 377.389 qayda pozuntusu aşkarlanmışdır ki,
bu da 2008-ci illə müqayisədə 3,9 faiz çoxdur. Belə
inzibati xətalara görə 375.909 sürücü cərimələnmiş,
1480 nəfərin nəqliyyat vasitəsini idarə etmək
hüququ məhdudlaşdırılmışdır. Avtoxuliqanlıq
etdiyinə görə 1303 sürücü barəsində
qanunla müəyyən edilmiş ölçülər
götürülmüşdür.
Vətəndaşların
müraciətlərinə baxılması və qəbulu,
şəxsi heyətin qanunçuluğa, etik normalara və
davranış qaydalarına ciddi əməl etməsi, anda sədaqət
ruhunda tərbiyə olunması yönümündə kompleks
tədbirlər ötən 6 ayda da davam etdirilmişdir. Nazirliyin
rəhbərliyi tərəfindən 85 vətəndaş qəbul
edilmiş və onların qaldırdıqları məsələlərin
əksəriyyəti yerində həll olunmuşdur. Əlavə
yoxlama tələb edən ərizələr nəzarətə
götürülərək araşdırılmış, nəticələri
barədə yazılı cavablar verilmişdir. Xidməti fəaliyyətə
şəffaflıq, açıqlıq və sosial
yönümlülük verilməsi şəxsiyyətin və
cəmiyyətin təhlükəsizliyinin qorunmasına
müsbət təsir göstərmiş, eyni zamanda, vətəndaşların
şikayətlərinin sayının azalması ilə
müşayiət olunmuşdur.
Bu mənada, vətəndaş
müraciətlərinin sayı 3,5, təkrar ərizələrin
sayı 17,3, Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasından, Nazirlər Kabinetindən və Milli Məclisdən
daxil olmuş ərizələrin sayı 7-15 faiz
azalmışdır. 2008-ci ilin 6 ayı ilə müqayisədə
aşkar olunmuş qanun pozuntularının 25,2, bu əsasda məsuliyyətə
cəlb edilənlərin sayının 17,1 faiz azalması isə
vətəndaşların qanuni mənafelərinin, hüquq və
azadlıqlarının qorunması kursunun ardıcıllıqla
həyata keçirildiyini bir daha təsdiqləyir.
Qeyd olunmuşdur ki, Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev tərəfindən böyük
qayğı ilə əhatə olunmuş Daxili Qoşunlarda da
fəaliyyətin beynəlxalq standartlara uyğun təkmilləşməsi
yönümündə işlər uğurla davam
etdirilmişdir. Müasir silah, texnika, xüsusi vasitələrlə
təchiz edilmiş, şəxsi heyətinin peşəkarlığı
yüksək tələblərə cavab verən Daxili
Qoşunlar cinayətkarlığa qarşı mübarizədə,
ictimai təhlükəsizliyin təminində fəal
iştirak etmişdir. Ümumən, şəxsi heyətin gərgin
əməyi və fədakar xidməti ölkəmizin
başçısı tərəfindən növbəti dəfə
yüksək qiymətləndirilərək 46 əməkdaş
dövlət mükafatları ilə təltif olunmuş, 3 rəhbər
vəzifəli şəxs ali xüsusi rütbələrə
layiq görülmüşdür.
Bununla belə, cari ilin
birinci yarısında cinayətkarlıqla mübarizə və
ictimai asayişin mühafizəsi sahəsində müsbət
nəticələrlə bərabər, nöqsan və
çatışmazlıqlar da olmuşdur. Bəzi ərazi
polis orqanları tərəfindən kriminogen duruma mənfi təsir
göstərən amillərin qarşısının
alınması üzrə vaxtında adekvat tədbirlərin
görülməməsi nəticəsində qəsdən
sağlamlığa ağır zərərvurmalar 19 fakt,
soyğunçuluqlar 28 fakt, oğurluqlar 26 faiz, o cümlədən
mənzillərdən edilən oğurluqlar 37,3 faiz
artmışdır. Lakin bu artım qeyd olunan hüquqazidd əməllərin
birdən-birə, kəskin şəkildə
çoxalmasına deyil, uçot-qeydiyyat intizamında
yaranmış əsaslı dönüşə, bunun nəticəsində
cinayətlərin uçotdan gizlədilməsinin minimuma enməsinə
və qeydiyyatda yaranmış tamlığa dəlalət edən
müsbət bir reallıqdır. Belə ki, əsas etibarı
ilə "102" xidmətinin əhatə etdiyi Bakı
şəhəri üzrə qeydə alınmış bu
artım cinayətlərin ümumi artımının 71,8,
Sumqayıt və Abşeronda isə 2,4 faizini təşkil
etmişdir.
Müzakirələrdə
Bakı BPİ-nin rəisi R.Abbasov, BNMİ-nin rəisi H.Aslanov,
İnterpolun MMB-nin rəisi S.Mirzəyev, İAQMİ-nin rəisi
C.Şıxəliyev, Gəncə ŞPİ-nin rəisi
R.Musayev və başqaları çıxış edərək
görülmüş işlərdən və
buraxılmış nöqsanlardan danışmış,
çatışmazlıqları qısa müddətdə
aradan qaldıracaqlarını bildirmişlər.
İclasa yekun vuran nazir
Ramil Usubov daxili işlər orqanlarının hesabat
dövründəki fəaliyyətinin ümumən müsbət
olduğunu, eyni zamanda, xidməti fəaliyyətdə hələ
də bəzi nöqsanların mövcudluğunu qeyd etmiş,
onların aradan qaldırılması yollarını göstərmiş,
tapşırıq və tövsiyələrini vermiş, tədbir
iştirakçılarının diqqətini ictimai
qaydanın qorunması və cinayətkarlıqla mübarizə
sahəsində xüsusilə əhəmiyyətli
saydığı bir sıra mühüm məqamlara yönəltmişdir.
Nazir demişdir ki, idarəçilik
və təşkilatçılıq işi günün tələbləri
səviyyəsində qurulmalı, nazirlikdən daxil olmuş əmr,
göstəriş və kollegiya qərarları, polis sahə
inspektorları institutunun təkmilləşdirilməsi məqsədilə
yeni qəbul edilmiş normativ-hüquqi aktlar, o cümlədən
"İnzibati sahə haqqında" Əsasnamə,
"Polis sahə məntəqəsi", "Hüquq
qaydasının təmini üzrə İctimai Şura"
haqqında Təlimatlar və digər sənədlər
bütün aidiyyəti əməkdaşlar tərəfindən
öyrənilməli, fəaliyyətdə rəhbər
tutulmalıdır. Ailə-məişət zəminində
baş vermiş, həmçinin əvvəllər məhkum
olunmuşlar tərəfindən törədilmiş təkrar
cinayətlərin profilaktikası, inzibati xətalar haqqında
qanunvericiliyin həyata keçirilməsi yönümündə
fəaliyyətin gücləndirilməsi, bu sahədə məruzədə
səslənən ciddi nöqsanların qısa müddətdə
aradan qaldırılması məqsədilə ərazi polis orqanlarının
rəhbərləri tərəfindən təxirəsalınmaz
tədbirlər görülməlidir. Xidmətə qəbul
zamanı digər zəruri tələblər nəzərə
alınmaqla bərabər, informasiya texnologiyaları ilə
işləməyi bacaran şəxslərə
üstünlük verilməli, ərizə və şikayətlərə
peşəkar, səriştəli, vaxtında və obyektiv
baxılması və dolğun yazılı cavabların verilməsi
hər bir orqan rəisinin gündəlik nəzarətində
olmalı, orqan və hissələrdə qanunçuluğun
möhkəmləndirilməsi, o cümlədən insan
hüquq və azadlıqlarına riayət olunması işi
ciddi nəzarətdə saxlanılmalı, ayrı-ayrı əməkdaşlar
tərəfindən vətəndaşların polisə əsassız
gətirilməsi, saxlanılması, əsassız tutma kimi mənfi
halların qarşısının alınması, etik
davranış qaydalarına riayət olunması
yönümündə təsirli ölçülər
götürülməlidir. Əməkdaşların peşəkarlığının
artırılması, onların cinayətkarlığa
qarşı mübarizənin müasir forma və
üsullarını mənimsəməsi üçün
planlı şəkildə tədbirlər həyata
keçirilməli, bu işin səmərəli təşkili
məqsədilə dünya təcrübəsindən, beynəlxalq
tədbirlərdə qəbul olunmuş qərarlardan, verilən
tövsiyələrdən geniş istifadə edilməlidir.
General-polkovnik Ramil Usubov
Azərbaycan Prezidentinin cari il iyunun 30-da Bakı BPİ-nin və
DİN-in İdman Cəmiyyətinin yeni inzibati
binalarının təntənəli açılış mərasimlərindəki
nitqində ölkədəki uğurlu inkişafda, sabitliyin və
asayişin qorunması sahələrində polisin işinə
verdiyi növbəti yüksək qiymətin şəxsi heyətin
üzərinə daim səylə çalışmaq,
göstərilən inam və etimadı doğrultmaq kimi
böyük məsuliyyət qoyduğunu kollegiya
iştirakçılarının diqqətinə çatdırmışdır.
Nazir dövlətimizin başçısı, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi və
xalqımızı əmin etmişdir ki, şəxsi heyət
mövcud qanunvericiliklə və Prezident tərəfindən
müəyyən edilən strateji prioritetləri, o cümlədən
ölkənin inkişafı naminə hüquq
qaydasının və qanunçuluğun möhkəmləndirilməsi,
əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi,
insanların həyatının,
sağlamlığının, hüquq və
azadlıqlarının qorunması üzrə işləri
bundan sonra da məqsədyönlü şəkildə davam
etdirəcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 1 avqust.- S. 5.