Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın müdafiə naziri Anatoli Serdyukovu qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 1-də Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovu qəbul etmişdir.

Rusiya Federasiyasının müdafiə naziri Prezident Dmitri Medvedevin salamlarını dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası prezidentlərinin tapşırıqlarına əsasən ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq genişlənməkdədir. Anatoli Serdyukov səfərinin bu sahədə əməkdaşlığın perspektivlərinə dair səmərəli fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətini vurğuladı.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı hərbi və hərbi-texniki sahədə də əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Rusiya Prezidenti ilə keçirdiyi görüşlər zamanı digər sahələr kimi, bu sahədə də əməkdaşlığa dair məsələlərin daim müzakirə olunduğunu dedi. Dövlətimizin başçısı Rusiya Federasiyasının müdafiə nazirinin ölkəmizə səfərinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığın daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiyanın dövlət başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 2 avqust.- S. 1.