Azərbaycan xalq hakimiyyət birliyinə görə postsovet məkanında liderdir

 

Avropanın keçmiş kommunist ölkələri arasında hakimiyyətin legitimlik əmsalı üzrə lider mövqe də respublikamıza məxsusdur

 

Avratlantik məkana sürətlə inteqrasiya etməkdə olan Azərbaycan demokratiyanın, insan haqlarının müdafiəsi, söz və fikir azadlığının, iqtisadiyyatın inkişafı tempinə və bu qəbildən olan digər müsbət məsələlərə görə seçilənlər sırasındadır. Məhz bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu araşdırma mərkəzləri tərəfindən aparılan tədqiqatlar nəticəsində Azərbaycan xalq və hakimiyyət birliyinə görə MDB məkanında lider mövqe qazanıb.

Aparılan demokratik islahatlar, insan haqlarının daim ön planda saxlanılması, ölkə vətəndaşlarının maraqlarının həm siyasi, həm maddi mənada təminatı üçün atılan konkret addımlar bu gün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin xalq tərəfindən tam dəstəklənməsinə gətirib çıxarmışdır. Bu istiqamətdə görülən işlərin davamı xalq və hakimiyyət arasında birliyi daha da möhkəmləndirməkdə, Azərbaycanda demokratiyanın inkişaf tempini bir qədər də sürətləndirməkdədir. Prezident İlham Əliyev bununla bağlı demişdir: "Azərbaycanda siyasi islahatlar uğurla gedir. Azərbaycan demokratik dövlətdir və demokratiya yolunu seçibdir. Bizim hüquqi dövlət quruculuğu işində böyük uğurlarımız var. Qanunun aliliyinin tətbiq edilməsində böyük addımlar atılıbdır. Azərbaycanda bütün azadlıqlar var - həm iqtisadi, həm siyasi azadlıqlar".

Ölkə iqtisadiyyatının günü-gündən güclənməsi Azərbaycanda siyasi və iqtisadi inkişafın uğurlu vəhdətini formalaşdırmışdır. Xatırladaq ki, son bir neçə ildə Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider mövqeyini qoruyub saxlayır. Ümumiyyətlə, son beş il ərzində ölkə iqtisadiyyatı 2,6 dəfə artmış və üç il ərzində buna görə Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkə hesab edilmişdir. Sənaye istehsalı 2,5 dəfə, büdcə xərcləri 12 dəfə artmış, yoxsulluğun səviyyəsi 4 dəfə azalmışdır.

Ölkədə təhsil, səhiyyə və digər sahələrdə də böyük işlər görülmüşdür. Xarici siyasət sahəsində atılan uğurlu addımlar sayəsində Azərbaycanın beynəlxalq arenada mövqeləri daha da möhkəmlənmişdir. Bütün bunlar ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin xalq tərəfindən tam dəstəklənməsinə səbəb olmuşdur. Elə buna görə də postsovet məkanında Azərbaycan xalq tərəfindən hakimiyyətin siyasətinin dəstəklənməsinə görə lider mövqedən çıxış edir və bunu nüfuzlu beynəlxalq təşkilatların apardığı araşdırmalar da təsdiq edir. ABŞ-da yerləşən və dünya üzrə insan təbiətini və davranışlarını öyrənən "Gallup" təşkilatının elan etdiyi yeni sorğu bu mənada xüsusi diqqət cəlb edir. Həmin sorğudan belə məlum olur ki, Azərbaycanda əhalinin 77 faizi ölkə rəhbərliyinin işindən razıdır və bu, postsovet məkanında ən yüksək göstəricidir.

"Gallup" təşkilatı bildirir ki, 12 postsovet ölkəsində hər min nəfərlə üzbəüz söhbətdə onlara belə bir sual verilib: "Sizcə, ölkə rəhbərliyi işinin öhdəsindən necə gəlir?" Bu suala cavabda "Rəhbərliyin işini bəyənirəm" deyənlərin sayına görə Azərbaycan ilk sırada gəlib və qeyd edildiyi kimi, respondentlərin 77 faizi ölkə rəhbərliyinin həyata keçirdiyi siyasəti dəstəkləyib. "Gallup" təşkilatının tərtib etdiyi siyahıda Azərbaycandan sonra növbəti yeri Qazaxıstan tutur. Bu ölkədə keçirilən sorğuda 71 faiz respondentlərin ölkə rəhbərliyinin siyasətini dəstəklədiyini bildirib. Sorğudan o da məlum olub ki, Rusiyada 56 faiz, Belarusda 46 faiz, Qırğızıstanda 43 faiz, Latviyada 27 faiz, Moldovada 25 faiz, Gürcüstanda 21 faiz, Estoniyada 20 faiz, Litvada 13 faiz, Ukraynada 4 faiz hakimiyyət tərəfindən həyata keçirilən siyasətdən razıdır.

Sorğunun nəticələri bir daha əyani şəkildə nümayiş etdirir ki, Azərbaycanda ölkə rəhbərliyinə xalqın etimadı yüksəkdir və həyata keçirilən siyasət xalq tərəfindən tam dəstəklənir. Yeri gəlmişkən onu da bildirək ki, Azərbaycan Avropanın keçmiş kommunist ölkələri arasında hakimiyyətin legitimlik əmsalı üzrə lider mövqedən çıxış edir. Bu nəticəyə Portlend Dövlət Universitetinin siyasi elmlər üzrə dosenti Bryus Cilli "Hakimiyyət hüququ. Dövlət öz legitimliyini necə qazanır və itirir" adlı kitabında apardığı analizdən sonra gəlib. Təhlildən sonra məlum olur ki, Azərbaycan Avropanın keçmiş kommunist ölkələri arasında hakimiyyətin legitimlik əmsalı üzrə liderlik edir. "Postkommunist Avropa" regional qrupunda Azərbaycan bu göstərici üzrə Mərkəzi və Şərqi Avropanın 21, eləcə də MDB-nin Avropa hissəsindəki bütün ölkələri (Rusiya, Ukrayna, Belarus, Moldova və Gürcüstanı) qabaqlayaraq birinci yeri tutur.

Ümumilikdə isə müəllif kitabda dünyanın 72 ölkəsindəki vəziyyəti təhlil edib və onları 6 qrupa bölüb: Qərb, Postkommunist Avropa, Yaxın Şərq, Latın Amerikası, Asiya və Afrika. Müəllif bu dövlətlərdəki sosial-iqtisadi və siyasi vəziyyəti öyrənərək və məlumatları ümumiləşdirərək onları "hakimiyyətin legitimlik əmsalı üzrə" sıralayıb. Bryus Cillinin fikrincə, Azərbaycan "hakimiyyətin legitimlik əmsalı üzrə" Avropa İttifaqının, Asiya və Latın Amerikasının inkişaf etmiş dövlətlərini qabaqlayır. Həmin siyahıda Ukrayna 56-cı mövqeni, Gürcüstan 68-ci, Türkiyə 62-ci, Rusiya 72-ci yeri tutur.

"İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, kitab müəllifi B.Cilli Azərbaycanın yüksək reytinqini onunla izah edir ki, SSRİ-nin süqutundan və ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu dahi öndər mineral ehtiyatları cəld səfərbər etməyi bacarıb. Bu zaman həmin ehtiyatların və onların dünya bazarlarında satışından ölkənin sürətli sosial-iqtisadi inkişafının və sosial-siyasi sabitlik maraqlarının təmin olunması həyata keçirilib. Beləliklə də, Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın əsası qoyulub.

Bəli, 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə vəziyyət sabitləşdi. Azərbaycanda ictimai-siyasi asayiş bərpa olundu və dinamik inkişaf mərhələsi başlandı, Azərbaycanda dövlətçiliyin əsasları quruldu. Bu məqamla bağlı Prezident İlham Əliyev qeyd edir: "1993-2003-cü illər, sözün əsl mənasında, sabitlik və inkişaf illəri olmuşdur. Sözün əsl mənasında, müstəqil dövlət quruldu. O illərdə başlanmış və bu gün uğurla davam etdirilən həm siyasi, həm iqtisadi islahatlar Azərbaycanın dünya birliyinə inteqrasiya etmək istiqamətində atılmış addımlarını təmin etdi. O illərdə ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyamız bu gün Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, ölkəmizin müstəqil dövlət kimi yaşamasına xidmət edir. O illərdə hüquqi islahatlar aparılmışdır. Bir sözlə, 1993-2003-cü illər Azərbaycanın müstəqil dövlət kimi inkişaf etdirilməsində həlledici rol oynamışdır. Bu gün biz Heydər Əliyev siyasətinə sadiq qalaraq bu siyasəti davam etdiririk, onu yaşadırıq. Bu illərdə biz Heydər Əliyev siyasətinin təntənəsini görürük".

Qeyd edilənlər bir daha 1993-cü ildə Azərbaycan xalqının düzgün seçim etdiyini göstərir və o faktdır ki, həmin dövrdə bu, yeganə düzgün seçim idi. Son altı il ərzində isə Azərbaycanın keçdiyi yol bir daha sübut edir ki, ümummilli lider Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir və ölkəmiz daim yeni nailiyyətlərə imza atır, beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirir. Elə buna görədir ki, Azərbaycan təkcə iqtisadiyyatına görə yox, demokratiyanın, söz və fikir azadlığının inkişafı, insan haqlarının müdafiəsi və digər sahələrdə lider mövqedən çıxış edir. Bunu nüfuzlu beynəlxalq təşkilatlar və siyasətçilər də təsdiqləyir.

 

 

Azərbaycan.- 2009.- 2 avqust.- S. 1.