Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir

 

İyulun 31-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir.

Məlum olduğu kimi, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə təsdiq olunmuşdur. Əsasnamədə komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumlarına fəaliyyət istiqamətləri üzrə göstərilən xidmətlərə görə xidmət haqqı almaq səlahiyyətləri müəyyən edilmişdir.

Tarif (qiymət) Şurasının Katibliyindən bildirmişlər ki, göstərilənlər nəzərə alınaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin müraciəti əsasında komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumlarının fəaliyyətinin maliyyə əsaslarının təmin edilməsi üçün daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılması, daşınmaz əmlakın dövlət reyestrində məlumatların yoxlanılması, müqayisə edilməsi və əmlak barədə məlumatların reyestrə daxil olunması, daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi (daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi istisna olmaqla), hüquq sahibinin müraciəti əsasında daşınmaz əmlakın sxematik bölgüsünün aparılması, daşınmaz əmlakın ünvanının təyin edilməsi və məlumatların verilməsi, daşınmaz əmlak obyektinin, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əmlakın müayinə edilməsi, daşınmaz əmlakın inventar dəyərinin hesablanması, təkrar texniki inventarlaşdırılması sahələrindəki xidmətlər üçün tariflər müəyyən olunmuşdur.

Qəbul olunmuş baza tarifləri 0,40-60 manat arasında dəyişməklə 10 istiqamət üzrə göstərilən xidmətlərə şamil olunacaq və 2009-cu il avqustun 3-dən tətbiq ediləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 2 avqust.- S. 2.