Məcburi köçkünlər dövlətin himayəsindədir
Prezident İlham Əliyevin
Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr
Kəlbəcər Rayon İcra Hakimiyyətində geniş
müzakirə edilmişdir.
Rayon icra hakimiyyətinin
başçısı Vidadi Məhərrəmov
bildirmişdir ki, hazırda respublikanın 58 rayon və şəhərinin
1000-dən çox yaşayış məntəqəsində
müvəqqəti məskunlaşmış məcburi
köçkünlərin mənzil şəraitinin
yaxşılaşdırılması istiqamətində
geniş proqramlar hazırlanaraq həyata keçirilir.
"Qaçqınların
və məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı"na
əlavələr edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin 31 oktyabr 2007-ci il tarixli sərəncamının
icrası ilə əlaqədar olaraq Goranboy rayonunda müvəqqəti
məskunlaşmış 596 məcburi köçkün ailəsi
üçün yeni qəsəbə salınmasına 10 iyun
2009-cu ildə başlanılmışdır. Qəsəbədə
tikinti işlərinin gələn ilin sentyabr ayında başa
çatdırılması nəzərdə tutulur. Həmin qəsəbədə
mənzillərlə yanaşı, məktəb, səhiyyə,
rabitə obyektləri, emal sexləri və digər infrastruktur
obyektləri də inşa olunur.
26 məcburi köçkün
ailəsi üçün Göygöl rayonunda
"Murovdağ" qəsəbəsinə bitişik ərazidə
26 yaşayış evi tikilmiş və yaxın günlərdə
istifadəyə veriləcəkdir.
Qəbələ
rayonunda müvəqqəti məskunlaşmış məcburi
köçkünlər üçün çoxmərtəbəli
yaşayış evləri tikilir. Təmirə ehtiyacı olan
ictimai binaların, su və kanalizasiya xətlərinin təmiri
davam etdirilir. "Azəryolservis" ASC tərəfindən Gəncə
şəhəri Azərbaycan Dövlət Aqrar Universitetinin 3
və 4 saylı tələbə yataqxanasının 3000
kvadratmetrlik dam örtüyü əsaslı təmir
olunmuşdur. 3 saylı yataqxanada daxili elektrik xətləri
yenidən quraşdırılmış, 4 saylı yataqxanada
su və kanalizasiya sistemi əsaslı təmir olunmuş, məcburi
köçkünlərin narahatlığına son
qoyulmuşdur.
Dövlətqaçqınkom
tərəfindən Gəncə şəhəri Texnologiya
Universitetinin 2 saylı tələbə yataqxanasının dam
örtüyü, 1 saylı tələbə yataqxanasında
isə elektrik sistemi təmir olunmuş, Gəncə Dövlət
Universitetinin 3 saylı tələbə yataqxanasının
kanalizasiya və elektrik sistemi yenidən
quraşdırılmışdır.
Məcburi
köçkünlərin işıq probleminin həll edilməsi,
elektrik enerjisi təchizatının
yaxşılaşdırılması istiqamətində
ardıcıl olaraq xeyli işlər
görülmüşdür. Zərdab rayonu Bəyimli kəndi
yaxınlığındakı fermada müvəqqəti məskunlaşmış
məcburi köçkünləri elektrik enerjisi ilə təmin
etmək məqsədi ilə Dövlətqaçqınkomdan
1 ədəd 100 kv-lıq elektrik transformatoru, 6 min metr elektrik
naqili alınmışdır.
Goranboy rayonu Manas kəndində
müvəqqəti məskunlaşmış məcburi
köçkünləri normal elektrik enerjisi ilə təmin
etmək üçün 1 ədəd şkafı ilə
birlikdə 250 kv-lıq elektrik transformatoru
quraşdırılır. Bu istiqamətdə işlər
davam etdirilir.
Məcburi
köçkünlərin içməli su təchizatını
yaxşılaşdırmaq, qarşıya çıxan
problemləri həll etmək üçün tədbirlər
görülmüşdür. Belə ki, Dövlətqaçqınkomdan
3 ədəd su nasosu alınaraq biri Gəncə şəhəri
Türklər qəsəbəsində, o birisi Gəncə
şəhəri Avtomobil zavodunun ətrafında, digəri isə
Tərtər rayonu Bəyimsarov kəndində müvəqqəti
məskunlaşmış məcburi köçkünlərin
istifadəsinə verilmişdir. Digər yerlərdəki su
problemlərinin həlli ilə bağlı Dövlətqaçqınkom
və Məcburi Köçkünlərin Sosial İnkişaf
Fondu qarşısında məsələlər
qaldırılmışdır. Rayonun kənd təsərrüfatı
və digər istehsal müəssisələri, həmçinin
təhsil, səhiyyə və mədəniyyət təşkilatları
da öz üzərlərinə düşən işləri
günün tələbləri səviyyəsində
qurmağa çalışırlar.
Müşavirədə
çıxış edənlər rayonun məcburi
köçkünlərinə göstərilən diqqət və
qayğıya görə ölkə başçısına
minnətdarlığını bildirmiş, qarşıda
duran vəzifələrdən danışmışlar.
Zahid MUXTAR,
"Kəlbəcər
harayı"
qəzetinin baş
redaktoru
Azərbaycan.- 2009.- 2 avqust.- S.2.