Xəstə gəlib sağlam gedirlər

 

Dünyanın nadir yeraltı müalicəxanalarından olan Duzdağ Fizioterapiya Mərkəzində əhaliyə yüksək tibbi xidmət göstərilir

 

Deyilənə görə, dünyada ilk yeraltı müalicəxana 1871-ci ildə İtaliyada yaradılıb. Florensiya şəhəri yaxınlığında, Monsummam yaşayış ərazisində stalaktiv və stalaqmatit şaxtalarında yaradılan müalicəxanalarda revmatik poliartritə tutulmuş xəstələr müalicə olunublar. Həmin şaxtaların mikroiqlimi kalsium ionları ilə zəngin olduğu üçün bu cür xəstəliklərin müalicəsində geniş istifadə edilib. Az sonra Almaniyada və Macarıstanda yeni tipli səhiyyə ocaqları yaradılıb, həmin tibb müəssisələrinin şöhrəti uzaqlara yayılıb.

Ötən əsrin ikinci yarısının əvvəllərindən isə dünya təbabət elminə bronxial astmalı xəstələrin karst mağaralarında, duz şaxtalarında müalicənin yüksək effekt verdiyi məlum olub. Uzun axtarışlardan, tədqiqatlardan sonra təbiblər bu qənaətə gəliblər ki, duz mədənlərində natrium və xlor ionları üstünlük təşkil etdiyindən o spleoterapiya-ağciyər bronx xəstəliklərinin müalicəsinə olduqca müsbət təsir göstərir. İlk yeraltı belə müalicəxana isə 1968-ci ildə Polşanın Krakov şəhəri yaxınlığındakı duz mədənində yaradılıb. Keçmiş SSRİ məkanında ilk bu cür müəssisə Ukraynanın Ujqorod şəhərinin Solotino qəsəbəsində fəaliyyətə başlayıb.

Duzdağdakı yataqlar insanlara ta qədim dövrlərdən məlum olub. Əvvəllər burada primitiv üsulla daş duz çıxarılıb. XIX əsrin 70-ci illərində aparılan tədqiqatlar nəticəsində buradan bir neçə ədəd daş balta, xeyli daş çəkic tapılıb. Daş baltalardan biri 30 kq ağırlığında olub. Tədqiqatçıların fikrincə, həmin alətlərdən qədim daş dövrünün insanları duz çıxarmaq üçün istifadə etmişlər. Hazırda belə daş alətlərdən ikisi Naxçıvan Dövlət Tarix Muzeyində, digərləri isə Sankt-Peterburq və Tbilisi muzeylərində saxlanılır.

Buradakı qədim duz mədənlərinin izləri 1967-ci ildə ucqun nəticəsində təsadüfən aşkar olunub. Tədqiqatlar nəticəsində mədəndən ocaq yerlərinin izləri də tapılıb. Mədən divarının bir yerində isə şaquli xətlərdən ibarət işarələr var. AMEA-nın müxbir üzvi, tarix elmləri doktoru, professor Vəli Əliyevin fikrincə, bu, qədim çay sistemi ilə bağlı olub və çıxarılan duzun miqdarını bildirib. Aşkar olunmuş maddi mədəniyyət nümunələri, xüsusilə daş çəkiclər qədim Duzdağ mədənlərindən hələ eramızdan əvvəl III minillikdə geniş istifadə edildiyini göstərir. Çıxarılan duz həmçinin mübadilə vasitəsi olmuş, ticarət üçün Böyük İpək yolu ilə Şərq və Qərb ölkələrinə daşınmışdır.

Ötən əsrin 70-ci illərinin sonlarında Naxçıvandakı duz mədənlərində də yeni tipli səhiyyə ocağı yaradılıb. O, ilk vaxtlar Babək rayon Mərkəzi Xəstəxanasının tərkibində 50 çarpayılıq şöbə olub. Sonralar onun bazası əsasında 100 çarpayılıq Naxçıvan Fizioterapiya Xəstəxanası inşa edilib. 80-ci illərin ortalarından bu xəstəxananın şöhrəti keçmiş İttifaqın uzaq ünvanlarına da yayılıb.

...Duzdağ Fizioterapiya Mərkəzi Naxçıvan şəhərindən 12 km aralıda yerləşir. İki-üç il bundan əvvələ qədər dəniz səviyyəsindən 1170 metr hündürlükdə olan bu ərazidə yaşıllıq adında ağaca, gül koluna rast gəlmək çətin idi. Su sarıdan ciddi çətinliklər olduğundan burada yaşıllıq, gülzarlıqlar salmaq yada düşməyib.

Amma ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizim sosial-iqtisadi qüdrəti qısa vaxt ərzində gücləndi, bir sıra qlobal layihələr, proqramlar qəbul olundu. Regionların sisial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən böyük infrastruktur tədbirlərindən iqtisadi blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasına da çoxlu pay düşdü. Regionda müasir layihə əsasında inşa olunan müasir tipli obyektlərdən biri Duzdağ Fizioterapiya Mərkəzi oldu.

22 otaqdan ibarət ikimərtəbəli korpus müasir tibbi avadanlıqla təmin olunub. 2006-cı ilin dekabr ayının sonlarında təməli qoyulan bu obyekt ötən ilin iyun ayında istifadəyə verilib. Mərkəzin açılış mərasimində ölkə Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan da iştirak ediblər. Ali qonaqlar burada yaradılan şəraiti yüksək qiymətləndiriblər.

Sağlamlıq ocağının yerləşdiyi ərazidə 6 mərtəbəli, beşulduzlu "Duzdağ" hoteli də Avropa standartlarına uyğun inşa edilib. Bura daha çox turizm əhəmiyyətli obyektdir. Bundan əlavə, hər biri iki otaqdan ibarət 7 kottec də tikilib. Hotelin qarşısında böyük idman kompleksi fəaliyyət göstərir. İstirahət edənlərin ixtiyarına futbol meydançası, üzgüçülük hovuzu, sauna, trenajor zalı, mini-idman meydançaları, tennis kortu verilib.

Duzdağ massivində aparılan abadlıq-quruculuq tədbirləri bununla bitməyib. 50 hektar sahədə yeni yaşıllıq zolaqlarının salınması əraziyə xüsusi gözəllik gətirib. Yamacların ətəklərində, yol kənarlarında əkilən ağacların damcı üsulu ilə suvarılması təşkil olunub. Əks halda min illərlə susuzluqdan cadar-cadar olan, yerli əhalinin dili ilə desək, "ilan mələyən" sahələrdə yaşıllıq zolaqları salmaq da asan olmazdı.

...Duzdağ mədənindəki şaxtalar bir növ möcüzəli sarayları xatırladır. Şaxtalarda duz təbəqəsinin ümumi qalınlığı 8,2 metrdir. Duz təbəqəsinin iki metri yuxarıdan, bir metri aşağıdan saxlanılmaqla kamera və üfüqi istiqamətdə istifadə olunub. Şaxtaların ümumi uzunluğu artıq 1,5 kilometri ötüb. İstismar olunan hər bir sahə, "mağara", sonra "sehrli və möcüzəli bir saraya" çevrilir.

Ötən ilin payızından müalicəxananın yeraltı şəbəkəsində də əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Şöbə müasir standartlar əsasında yenidən qurulur, inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə olunur, görülən işlər orijinal təsir bağışlayır.

Onu da qeyd edək ki, indiyədək burada 4 qadın,1 uşaq, 1 kişi palatası fəaliyyət göstərib. Mərkəz 250 çarpayılıq olub. Əslində burada palata sözü də məcazidir. Çünki hər palata bir böyük şaxtanı əhatə edib. Mərkəzin ixtiyarına hələlik istismar olunan 9 şaxta verilib. Onların 6-dan müalicə məqsədilə istifadə olunur. Kişilər ücün ayrılan palata 70 çarpayılıqdır. Digər bir palatada isə 60 çarpayı yerləşib. Bununla yanaşı, 30-40 çarpayılıq palatalar da olub. İndi isə kamera şəkilli şaxtalarda hər biri 2, 3 və 4 çarpayılıq palatalar "inşa" edilir. Yenidənqurma tədbirlərində tibb ocağının spesifik xüsusiyyətləri nəzərə alınır. Xəstələrin rahatlığı naminə quraşdırılan palatalar daha çox dekorativ təsir bağışlasa da, onlar heç də ənənəvi formada deyil. Yerin altındakı müalicəxanada pəncərəyə ehtiyac duyulmur. Palataların bir tərəfi kamera şəklində uzanan duz divarına söykənir. Dəmir-beton konstruksiyaları örtən üzlük materiallar daha çox dekorativ nümunələri xatırladır, onların ara məsamələrindəki boşluqlar havalanma sisteminin normal olmasına imkan yaradır. Üstəlik də həmin palataların üst hissəsi duz divarları ilə "örtülür".

Burada əsasən bronxial astma (tənəffüs yollarının xəstəlikləri) və ağciyər bronx sisteminin digər qeyri-spesifik xəstəlikləri müalicə olunur. Ümumiyyətlə, predastma, bronxial astmanın ilk mərhələsində infeksion allergik və atopik formasından, polinoz, allergik rinitlər, xroniki allergik rinosinusopatiyalar, xroniki obstruktiv bronxit və pnevmaniya, bronxial astmanın remissiya fazasından, tənəffüs çatışmazlığından əziyyət çəkən xəstələr üçün bura əvəzsiz müalicə ocağıdır.. İndiyədək on minlərlə adam burada şəfa tapıb. Onların arasında xarici ölkələrin vətəndaşları da az deyil.

Mərkəzin baş həkimi Ruslan Süleymanov deyir ki, iqlim şəraiti ilə əlaqədar yay mövsümü mərkəzdə müalicə prosesinin qızğın dövrüdür. Aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar hələlik 170 çarpayıdan istifadə olunur. Tibb müəssisəsinə müraciət edənlərin əksəriyyəti əsasən ölkəmizin müxtəlif bölgələrindən gələnlərdir. Xarici ölkə vətəndaşlarının axını da bir qədər artıb. Müraciət edənlər əvvəlcə mərkəzin yerüstü şöbəsində şəraitə uyğunlaşma prosesi keçirlər. Sonra isə yeraltı müalicəxanada böyüklər 16-20, uşaqlar isə 10-15 seans olmaqla spleoterapiya müalicə kursu keçirlər. Xəstələr axşamüstü saat 19-00 radələrindən, ertəsi gün səhər saat 8-dək burada gecələməklə sakit halda duz ionlarını tənəffüs orqanlarına udurlar. Müalicə prosesində bəzən dərman preparatlarından, fizioterapevtik müalicə üsullarından da istifadə olunur.

Cari ilin birinci yarısı ərzində burada 52 əcnəbi vətəndaş müalicə olunub. Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstandan gələnlər daha çoxdur. Bu il ilk dəfə Cənubi Afrikadan da bir xəstə burada müalicə olunaraq vətəninə qayıdıb.

Moskva şəhərindən gəlmiş Polina adlı bir qadın dedi ki, 3 yaşlı övladını bura müalicəyə gətirib. O, allergik rinitlərdən çox əziyyət çəkirdi. Xəstəxana şəraitində aparılan müalicə tədbirləri lazımi səmərə verməyib. Həkimlərin məsləhəti ilə bura üz tutub. Gəlişinə peşman deyil. Bir həftəlik müalicə nəticəsində övladı tam sağalıb. Yaxın günlərdə geri qayıdacaq.

Ülviyyə Sadiqova da 14 ildir ki, Moskva çəhərində yaşayır, oradakı xəstəxanaların birində tibb bacısı işləyir. Üç ildir məzuniyyət dövrünü Naxçıvanda keçirir. Buna səbəb 12 yaşlı övladının səhhətində yaranan problemlərdir. Deyir ki, həkimlərin məsləhəti ilə bu şəfa ocağına gəlmişəm. Artıq bir ildir ki, övladımda təngnəfəslik, boğulma halları müşahidə olunmur.

Rusiyanın Novosibirsk şəhərindən gələn, əslən Ucar rayonundan olan jurnalist Kəmalə Kərimova isə ikinci ildir burada müalicə olunur. Səhhəti xeyli yaxşılaşıb. Növbəti yay mövsümü də bura gəlmək niyyətindədir. Deyir ki, burada göstərilən xidmətin səviyyəsi də yüksəkdir.

Müalicəxanada tanış olduğum xəstələrdən biri də yeniyetmə Aydan Rüstəmova idi. Bura anası ilə - Bakı şəhərindəki 7 nömrəli uşaq musiqi məktəbinin direktoru Mehriban Rüstəmova ilə gəlib. Dedi ki, aldığı müalicənin səmərəsindən çox razıyam. Beş günlük seansdan sonra səs tellərim qaydasına düşüb.

Yexlax şəhərindən gələn xəstə Əlihəsən Abdullayev, Tovuz şəhər sakini İsfəndiyar Həsənov və başqaları da müalicənin gedişindən, onlara göstərilən xidmətin səviyyəsindən razılıq etdilər.

Həkimlərin fikrincə, bu xəstəxanada üstün cəhətlərdən biri odur ki, şaxta üfüqi vəziyyətdə yerləşdiyindən xəstələr yeraltı hissəyə uyğunlaşandan sonra daxil olurlar. Yeraltı şöbənin giriş qapısından palatalara yol təxminən 300-350 metr məsafədir. "Tunel"də hər şey maraqlı görünür. Özünü sanki nağıllar aləmində hiss edirsən. Yerin yüz metr dərinliyində havalanma təbiidir, mikroblar aşağı səviyyədədir. Başlıcası isə ilin bütün fəsillərində burada temperatur müsbət 18-20 dərəcə arasında olur. Hətta bayırda temperatur müsbət 40-42 dərəcə olanda da.

Yeri gəlmişkən, Duzdağ Fizioterapiya Mərkəzində ölkə vətəndaşlarına pulsuz xidmət göstərilir. Xarici ölkə vətəndaşları isə xidmətin növündən və seansların sayından asılı olaraq mərkəzin hesabına 80-150 manat arasında pul ödəyirlər. İlin bütün fəsillərində burada müalicə olunmaq mümkündür.

Heç şübhəsiz, əsaslı təmir və yenidənqurma işləri başa çatdıqdan sonra burada xidmətin səviyyəsi daha da yüksələcəkdir.

 

 

Azərbaycan.- 2009.- 2 avqust.- S. 3.