Şərur Olimpiya Kompleksi kiçik şəhərə böyük idman gətirəcək

 

Şərur əhali sayı baxımından kiçik şəhər olsa da, son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti sayəsində burada da böyük infrastruktur tədbirləri həyata keçirilir.

Milli Olimpiya Komitəsinin sifarişi ilə inşa olunan Olimpiya İdman Kompleksi də bu cür obyektlərdəndir. O, 5 hektara yaxın ərazini əhatə edir. Son iki il ərzində burada bir-birindən yaraşıqlı 6 obyekt inşa olunub. Elə obyektlər ki, onlar adətən iri şəhərlərdə inşa olunur. Obyektin inşasını aparan "Gəmiqaya" MMC-nin baş koordinatoru, türk mütəxəssisi Ülvi Özdemir bizimlə söhbətində Azərbaycanda idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirərək qeyd etdi ki, onun yaşadığı Türkiyədə bu cür idman mərkəzləri adətən böyük şəhərlərdə inşa olunur. 100 min nəfərin yaşadığı Şərur rayonunda isə əhalinin cəmi 7 min nəfəri rayon mərkəzində cəmlənib. Odur ki, yeni yaradılan infrastruktur sahələrindən muxtar respublikanın qərb bölgəsində yerləşən Sədərək və Kəngərli rayonlarının yeniyetmə və gənclərinin istifadə etməsi də əsas tutulub.

Şərur Olimpiya İdman Kompleksinin giriş hissəsində hər biri 45 avtomobilin saxlanılması üçün iki avtopark yaradılıb. Bu, ilk növbədə burada keçiriləcək tədbirlərin kütləviliyinin göstəricisidir. Zirzəmi təbəqəsi ilə 4 mərtəbədən ibarət olan üçulduzlu 86 yerlik hotelin yaradılması da bu məqsədə xidmət edir. Hər bir otaq 2 nəfər üçün nəzərdə tutulub. Bundan əlavə, hoteldə xüsusi imtiyazlı adamlar üçün "kral otaq"ları fəaliyyət göstərəcək. Uzaq ünvanlardan gələn qonaqların da yarışlarda normal iştirakı üçün lazımi şərait yaradılıb.

13 metr eni, 25 metr uzunluğu olan üzgüçülük mərkəzi yeniyetmə və gənclərin ən çox üz tutacağı ünvanlardan biri olacaq. Burada 6 xətt üzrə yarışlar keçiriləcək. Bunun üçün 104 nəfərlik seyrçi zalı, 35-40 nəfərlik xüsusi tribuna yaradılıb. İdmançıların ixtiyarına 6 istirahət otağı da veriləcək. Onlar duşlarda yuyunduqdan sonra üzgüçülüklə məşğul olacaqlar. Buradakı çayçı-bufetdə isə iaşə xidməti göstəriləcək.

Olimpiya-İdman Mərkəzinin əsas korpusunda hər biri müasir idman alətləri və qurğuları ilə təmin olunan ayrı-ayrı məşq zalları, otaqları ilə yanaşı, qapalı idman zalı yaradılıb. Zalda voleybol, basketbol, həndbol, boks, güləş, şahmat və idmanın digər növləri üzrə yarışlar keçiriləcək. Bu korpusda da soyunma, duş və istirahət otaqları idmançıların ixtiyarına veriləcək.

2500 nəfərlik süni örtüklü stadion da idman mərkəzinə xüsusi gözəllik gətirir. Obyektdə müasir texnologiyalardan istifadə olunub. Axşam saatlarında stadion normal işıqlandırılır. Digər avadanlıqlarla da yüksək səviyyədə təmin olunub. Burada nəinki respublika əhəmiyyətli, hətta beynəlxalq yarışların keçirilməsi mümkün olacaq. Bundan əlavə, kompleksdə tennis kortu, süni örtüklü mini-futbol, mini-voleybol meydançaları və digər yardımçı obyektlər fəaliyyət göstərəcək.

Olimpiya İdman Kompleksinin həyətində aparılan abadlıq-quruculuq işləri də diqqəti cəlb edir. Həyətdə xeyli həcmdə yaşıllıq və gülzarlıq işləri görülüb. Obyekt yaxın günlərdə istifadəyə veriləcək. İndi hər bir şərurlu həmin günü səbirsizliklə gözləyir.

 

 

Məmməd MƏMMƏDOV,

 

Azərbaycan.- 2009.- 2  avqust.- S. 3.