Dəyərli ekran əsərləri
yaratmaq üçün
stimul var
1898-ci ildə fotoqraf
Mişonun Bakıda apardığı kinoxronika çəkilişlərilə
Azərbaycanın kino tarixi başladı. Bu, dünya kinosunun
yaranmasından cəmi üç il sonra idi. Bu o vaxtlar idi ki,
Bakı Qafqazda yavaş-yavaş mədəni-maarif mərkəzinə
çevrilirdi. Qəzet və məcmuələr nəşr
olunur, teatr tamaşalarının sayı artırdı. Mailov
teatrında (indiki Opera və Balet Teatrı) tez-tez tamaşalar
göstərilirdi. Hüseynqulu Sarabski, Sidqi Ruhulla, C.Bağdadbəyov,
M.Kazımovski və dövrünün başqa
tanınmış mədəniyyət və incəsənət
xadimləri bu teatrda yetişmişdilər. Sonradan onlar Azərbaycan
kinosunun yaranma tarixində böyük xidmətlər göstərdilər.
Bununla da milli mədəniyyətimizin yaddaş səhifələrinə
kino mədəniyyəti də yazıldı.
İlk vaxtlar bir
neçə kiçik həcmli filmlər çəkilir. 1916-cı
ildə isə Azərbaycanda çəkilən "Neft və
milyonlar səltənətində" filmi dövrün
ziyalıları arasında böyük marağa səbəb
olur. Həmin ilin axırlarına yaxın "Pirone
qardaşları"nın aksioner cəmiyyəti neft
sahibkarlarının köməyi ilə "Neft və
milyonlar səltənətində" adlı iki hissədən
ibarət tammetrajlı ilk bədii filmin çəkilişini
başa çatdırır. Filmin ssenarisi İbrahimbəy
Musabəyovun eyniadlı povesti üzrə Panova-Potyomkina tərəfindən
tərtib edilir. Filmə quruluş vermək üçün
Peterburqdan rejissor B.Svetlov dəvət olunur. Baş rolu isə
Hüseyn Ərəblinski ifa edir. Maraqlıdır ki, 1898-ci ildən
başlayaraq çəkilən ilk və ən ibtidai filmlərdə
belə, məhz Azərbaycan həyatı təsvir olunurdu. Bu,
kino tariximizin ilk dövrləri üçün olduqca
maraqlı hadisə idi. Baxmayaraq ki, 1905-ci illərdə bir ara
xarici filmlər Bakı kinoteatrlarında müntəzəm
nümayiş olunur, çəkilən filmlərin mövzusu
isə əsasən rus həyatından
götürülürdü. Məsələn, "Don kazakları" kimi.
Lakin sonralar
mövzuların dəyişməsi, aktyor heyətinin getdikcə
milliləşməsi Azərbaycan kino sənətinin
inkişafına böyük təkan verir. Bu, həm də
kino sənətinin gələcək inkişafına zəmin
yaradırdı. Sovet hakimiyyətinin ilk illərindən Azərbaycanda
kino sənayesi inkişaf etməyə başladı. Azərbaycanda
bədii və sənədli filmləri yarandı. Çoxlu
yaddaqalan və sevilən kinolarımız çəkildi. O
vaxtın çoxmillətli sovet kinematoqrafiyası ailəsində
Azərbaycan kinoları layiqli yerini tutdu. 1950-ci illərin
axırları, 60-cı illərin əvvəllərindən
başlayaraq ekranlara çıxan "O olmasın, bu
olsun", "Arşın mal alan", "Ögey ana",
"Dədə Qorqud", "Əhməd haradadır?",
Bizim Cəbiş müəllim", "Yeddi oğul istərəm",
"İstintaq davam edir" və başqa kino əsərləri
xalqımızın sevimli filmləri cərgəsinə daxil
oldu. Aradan uzun illər keçməsinə, dövr, zaman və
ictimai formasiyaların belə dəyişməsinə
baxmayraq, insanlar bu filmlərə indi daha çox maraq göstərir
və sevə-sevə baxır. Gözəl ekran nümunələri
olan bu bədii filmlər Azərbaycanda böyük bir nəslin
yetişməsində, maariflənməsində xüsusi rol
oynadı, milli kinomuz həyatımızın ayrılmaz hissəsinə
çevrildi.
Təəssüf ki, son illər belə filmlərə rast gəlmirik.
Bəzi rejissorlar deyirlər ki, 2006-cı ildən bəri dörd-beş bədii, 1 animasiya filmi çəkilərək
təhvil verilib.
Son illər isə dalbadal bir neçə uğurlu ekran əsəri
yaradılıb. Tamaşaçı isə deyir ki, son illər
yeni çəkilmiş bir və ya iki filmə
baxmışıq ki, bu da kinomuzdakı əvvəlki
uğurları təkrarlamır.
Yeri gəlmişkən,
bir neçə gün öncə kino tariximiz və onun
problemləri ilə bağlı keçirilən tədbirlərin
birində belə bir fikir vurğulandı ki, televiziya
kanallarından rejissorlarımızın kino çəkdiklərini
və nüfuzlu beynəlxalq kino müsabiqələrində
qalib gəldiklərini eşidirik. Lakin bu filmləri ekranlarda
görmürük. Əgər ölkəmizdə belə
uğurlu filmlər çəkilirsə, nədən
nümayiş etdirilmir? Tədbirdə kinonun kütləviliyinə
kömək edən kinoteatrların olmamasından da bəhs
edildi. Kino sənayeçiləri deyirlər ki, film çəkilib
başa çatdıqdan sonra o artıq əmtəədir,
bazara çıxmalıdır. Dövlət və ya filmin
çəkilişinə pul ayıran hansısa şirkət
qoyduğu vəsaiti götürməlidir. Bunun
üçün əvvəllər kinoteatrlar var idi. Çəkilən
filmlər ekranlara çıxmazdan əvvəl kinoteatrlarda
nümayiş olunur, hətta büdcəyə xeyli pul gətirirdi.
İndi kinoteatrlar yoxdur, filmlərə qonorarı yalnız onu
numayiş etdirən televiziya kanalı ödəyir.
Kino mütəxəssisləri
- yaxşı film çəkmək üçün
yaxşı pul lazımdır - deyirlər. Sponsorlar isə
kinoya yaxın gəlmirlər. Bilirlər ki, qazanmayacaqlar. Onlar
yaxşı ssenari axtarışında olduqlarını da
gizlətmirlər. Deyirlər ki, insanlar köhnə filmlərin
gözəlliyini, baxımlılığını unutmurlar.
Bu çox yaxşı, amma gözəl ssenari və yetərincə
maliyyə vəsaiti olsa, indi də yaxşı filmlər çəkmək
olar.
İyulun 31-də Heydər
Əliyev adına Respublika Sarayında milli kino günü
münasibətilə "Cavad xan" filminin nümayişi
keçirildi. Tariximizlə bağlı həqiqətlərdən
xəbər verən bu filmi son illərin uğurlu kino əsəri
kimi də qəbul etmək olar. Filmin quruluşçu rejissoru
Rövşən Almuradlı, ssenari müəllifi Sabir
Rüstəmxanlıdır. Cavad xan rolunun ifaçısı
xalq artisti Nurəddin Mehdixanlıdır. Azərbaycan
tamaşaçısı yaxın zamanlarda bu filmə ekranlarda
baxacaq və xalqımızın qəhrəman oğlu Cavad
xana layiq ekran əsərinin şahidi olacaqlar.
Bayram tədbirində
yaxın illərdə Azərbaycanda güclü kino əsərlərinin
yaranacağı da vurğulandı. Çünki artıq
milli kinomuzun inkişafı üçün dövlət tərəfindən
tədbirlər görülür, onillik proqram qəbul olunub. Kino
sənayesinin maddi-texniki bazası
yaxşılaşdırılır. O ki qaldı yaxşı
ssenariyə, XX əsrdə yaradılmış Azərbaycan ədəbiyyatının
uğurlu nümunələrindən də bəhrələnmək
olar.
Rəsmiyyə RZALI
Azərbaycan.- 2009.- 2
avqust.- S. 4.