Şairlə söhbət

 

Hərdən ürəyimdəki mövzunu, düşüncələrimi qələmə almağa macal tapmayanda rahatlığımı itirirəm. Qələm tələsməyi sevmir, bir az da nazlıdır. Onu məcbur etmək olmaz. Bəzən ərköyün uşaqlara bənzəyir. İstəməsə, heç nə ilə onu yazmağa məcbur edə bilməzsən. Əslində, onun da arxalandığı, küsəndiyi daha biri var. O da əlinə qələm alanın fikri, duyğuları və təbidir. Bunların arasında küskünlük olanda adamın əməyi hədər gedir. Fikrin qələmə etdiyi diktə ləngiyəndə və yaxud da xoşa gəlməyəndə sətirlər ipə düzülmüş muncuq kimi qırılıb pərən-pərən düşür. Bəzən ürəyindəki mövzu səni yoranda rahat, asudə dolaşanlara qibtə hissi ilə baxırsan. Çünki onu sənin kimi tarıma çəkmirlər. Fikirlər içində girinc qalmır.

Yaradıcı adamın iş saatı olmur. Əsgər kimi həmişə hazır olmalıdır. Təbi həyəcan siqnalı çaldımı, qələmə sarılıb "səngəri" sayılan masanın arxasına keçməlidir. Yazanın hədəfi də, silahı da sözdür, mənadır, məzmundur. Bu "döyüş meydanı"nın kəşfiyyatçısı isə etibar etdiyin ilhamındır və o gedəndən sonra "geri dönməsə", demək, "şəhid" oldu. Demək, o mövzunu bir daha qələmə ala bilməyəcəksən. Çox can atıb onu "döyüş meydanından" çıxararaq "həkimə" çatdırsan, reanimasiya şöbəsinə qəbul olunacaq. Bu isə sağ-sökəllik, şikəstlik, bəzən isə ölüm deməkdir.

Bütün bunlar şairin, yazıçının, ümumiyyətlə, söz sənətinin bir hissəsi, bəlkə də elə lap çox payıdır. Hələ qələm əhli qadındırsa, məsələ bir az da qəlizləşir. Qadın tutduğu vəzifəsindən asılı olmayaraq, evdə övladlarının anasıdır. Ailənin bütün yükünü çiyinlərində daşımalıdır. Yemək hazırlamalı, paltar yumalı, ev təmizləməlidir. Üstəlik, digər qayğılar da var. Nə qələmi küsdürmək olur, nə ailənin rahat düzənini pozmağa qıyırsan. Ana-şair və yazıçının gücü yalnız özünə çatır. Yuxusundan, istirahətindən olur. Ürəyi könlünə düşən mövzuda, istəyi, məhəbbəti ömür-gün yoldaşında, övladlarında olduğu üçün bəzən dalğın olur. Amma bütün bunların bir mükafatı var: çap olunan, oxucusuna çatan qələm məhsulu. Günlərlə, həftələrlə səni yorub əldən salan bir yazıya nöqtə qoyanda bütün əzab-əziyyətlərin bir andaca yox olur. Eynən günəşin üzünü tutan bulud kimi. Buludun altından çıxan günəş insanın gözünü, könlünü sevindirir, onu bəxtiyar edir.

- Xəzangül xanım, yaxşı yadımdadır, çıxışlarınızın birində siz də mənim bu düşüncələrimi dilə gətirdiniz. Vaxtın azlığından, mövzunun çoxluğundan, sizi narahat edən qayğılardan söhbət saldınız. Amma qələmli qadınlar çox iradəli olurlar. Bu narahatlıqlar fonunda sizin bir-birinin ardınca şeir kitablarınız çap olundu. Hələ aldığımız xoş bir xəbər sizi sevənlərdə, oxucularınızda da qürur hissi yaratdı. Türkiyənin "BenGü" nəşriyyatı sizin "Bitmeyen hazan" şeirlər kitabınızı nəfis şəkildə çapdan buraxdı. Mənə elə gəlir ki, kimliyindən asılı olmayaraq öz ölkəsini başqa bir dövlətdə uğurla təmsil etmək əsl vətəndaşlıq, əsl vətənpərvərlikdir. Türkiyəni və türk oxucusunu yaxşı tanıyan bir adam kimi deyə bilərəm ki, təsadüfi bir əsəri nə türk naşiri çap edər, nə də oxucu onu alıb oxuyar. İnamla deyə bilərəm ki, "Bitmeyen hazan" Türkiyədə yaşayan hər bir azərbaycanlının qürur qaynağına çevrilə bilib. Bunu tam məsuliyyətimlə söyləyirəm. Hətta bir müğənnimizin ifa etdiyi musiqini eşidəndə belə, Türkiyədə yaşayan azərilər təcili bir-birinə zəng edib xəbər verər. Bəs necə, bizim həmyerlimiz çıxış edir axı. Yadımdadır ki, bu zaman televizorun səsini qaldırıb, pəncərəni də açardım. Yaxşı nə varsa, onunla fəxr etmək insanın ən təbii haqqıdır. Bütün bunları xatırlamağım əbəs deyil. Xəzangül xanımla, qadın-şairlə (bunu xüsusi vurğulayıram, çünki yaradıcı qadının əməyi ikiqat təqdir olunmalıdır) söhbətimiz əsasən "Bitmeyen hazan"ın "yaranışı" ilə bağlıdır.

- Məlumatıma görə, bu kitaba qədər Türkiyə mətbuatında şeirləriniz dərc olunub.

- Türkiyə mətbuatında 1989-cu ildən çap olunuram. İrfan Nesreddinoğlu, Seyfeddin Altaylı kimi Ankarada yaşayan yazarlar və İstanbulda yaşayan Nihat Çətinqaya ilə şəxsi tanışlığım, yaradıcılıq münasibətlərim olub. Onların mənim haqqımda Türkiyə mətbuatında çıxışları, dəyərli fikirləri sonrakı yaradıcılığımda çox müsbət rol oynayıb. Ankarada Avrasiya Yazarlar Birliyinin nəşri olan "Kardeş kalemler" jurnalında dönə-dönə şeirlərim çap olunub.

- Bu qiyabi tanışlıq, uzaqdan-uzağa bir-birinə əl uzatma şeir misralarının yaratdığı ünsiyyət idi. Şəxsi tanışlıq başqa bir şeydir. Sənə doğma sayılan, lakin arzusunda olsan da, torpağına ayaq basmadığın, fəqət ürəyinin səni ora çəkdiyi Türkiyədə ilk təəssüratınız necə oldu?

- Həmişə Türkiyədə olmaq, o yerləri doyunca seyr etmək arzularımdan biri olub. Elə bil ki, nəsə məni hər zaman oraya səsləyirdi. İlk dəfə qədəm qoyduğum an yaşadığım hissləri dillə ifadə edə bilmirəm. Bu elə saf, elə bakirə bir duyğudur ki, onu ancaq yaşadığın zaman hiss edirsən.

Gördüyüm nə varsa, hamısını gözlərimə, zehnimə yığmağa tələsirdim. Bütün bunlar mənim açıq gözlə gördüyüm yuxulara bənzəyirdi. Hər kəsdən bir mehribanlıq, hər kəsdən bir canayaxınlıq hiss edirdim. Bayaq dedim ki, çap olunan kitabımdan əvvəl "Kardeş kalemler"də şeirlərim işıq üzü görüb. Elə şeirlərim jurnal oxucularının xoşuna gəldiyi üçün "Bitmeyen hazan"ın nəşrinə rəy verildi. Kitabı "BenGü" yayınlarına Avrasiya Yazarlar Birliyi təqdim edib.

- Beləliklə, Ankaradan müjdəli bir dəvət aldınız.

- Mart ayının 24-də Ankaraya yola düşməyimə səbəb Ankara Milli Kitabxanası Başqanlığının və Avrasiya Yazarlar Birliyinin birlikdə təşkil etdiyi təqdimat mərasimi oldu. Qiyabi tanıdığım, üzlərini heç görmədiyim insanlarla isə şəxsi tanışlığım məni yamanca həyəcanlandırırdı.

Avrasiya Yazarlar Birliyinin genel başkanı Yakup Deliöməroğlu, kitabımın tərcüməçisi Cihan Özdəmir, yazıçı-tənqidçi İmdad Ovşar, TRT-AVAZ telekanalının başkanı Adnan Sever bəy, TRT radiosunun şöbə müdiri, köhnə tanışım Seyfəddin Altaylı, AVAZ-ın təmsilçiləri Yalçın Əliyev və Humay Vəliyev, eləcə də Azərbaycan səfirliyinin nümayəndələri ilə görüşüm, yəqin ki, xatirimdən uzun zaman silinməyəcək. Elə oradaca məni çox həyəcanlandıran, eyni zamanda şərəfləndirən bir xəbər aldım. AVAZ ilə çıxış etməliydim.

- AVAZ - bu, bir körpü, bu, bir görüş, bu, bir gözəl birlik deməkdir. Hər zaman ilklərin üzərinə böyük məsuliyyət düşür. Siz AVAZ-ın ikinci qonağı idiniz. Bütün pərəstişkarlarınız kimi, mən də sizinlə birlikdə həyəcan keçirirdim. Mənə elə gəlirdi ki, çox həyəcanlısınız. İlk dəqiqələrdən sonra sanki gərginlik sovuşdu. Bunu danışığınızdan hiss etdim. Elə bir mötəbər və məsuliyyətli məqamda danışmaq, suallara cavab vermək çətin deyildi ki?

- Doğru müşahidə etmisiniz. Olduqca həyəcanlı idim. Elə ki, veriliş başladı və Azərbaycanın himni səsləndi, mənə güc, qüvvə gəldi və mən də oxumağa başladım. Bu himnin sədalarındakı doğmalıq, əzəmət, qüdrət insanın ürəyinə təpər gətirdiyi üçün hər cür həyəcan və təlaşı yenə bilirsən. Qismətə inanıram. Bütün türk dünyasının telekanalı olan TRT-AVAZ-ın açılışı mənim orada olduğum vaxta düşdü. Qeyd etdiyiniz kimi, ilk qonaq müğənni Azərindən sonra bu xoşbəxtlik mənə nəsib oldu. İctimai televiziya ilə müştərək efirə çıxan həmin kanalın başqa bir qonağı isə məşhur türk müğənnisi Zəkayi idi. İlk dəqiqələr keçirdiyim həyəcandan sonra sərbəstləşdim və verilən suallara aydınlıq gətirə bildim, şeirlərimi oxudum.

- Sizcə, bu, şöhrətdir, yoxsa məsuliyyət?

- Əlbəttə, məsuliyyət. Orada Azərbaycanı, onun ədəbiyyatını təmsil edirdim. Qeyd edim ki, hər bir fərdin qazandığı uğur yalnız doğma Azərbaycana şöhrət gətirməlidir, gətirir də.

- 30 il bundan əvvəl ilk şeiri çap olunarkən sevincdən dünyanı qucaqlamaq istəyən, şeir kitabı çıxanları dünyanın bəxtəvəri sayan Xəzangül bugünkü Xəzangülə necə baxır?

- Yəqin ki, qibtə hissi ilə. İllərin arxasında qalan Xəzangülün heç ağlına gəlməzdi ki, onun yeddi kitabı nəşr olunacaq. Gürcü oxucuları "Şübhələr" kitabını öz dillərində oxuya biləcək.

Bitmeyen hazan"ın yolçuluğuna çıxıb AVAZ-ın qonağı olacaq və bütün türk dünyasında mavi ekran vasitəsilə izlənəcəkdir. 30 il əvvəlki Xəzangül sevinc axtarırdı. Bugünkü Xəzangül isə daha çox məsuliyyət hiss edir.

- Siz Avrasiya Yazarlar Birliyinin üzvüsünüz.

- Avrasiya Yazarlar Birliyində "Bitmeyen hazan"ın təqdimat mərasimi oldu. Milli kitabxananın başkanı Türkiyə mədəniyyət naziri Ertoğrul Günayın mənə ünvanlanmış təbrik teleqramını oxudu. Cihan Özdəmir "Hazangülün "Bitmeyen hazan" kitabındakı şeirlər haqqında İnceleme" mövzusunda 23 səhifəlik təhlilini yığıncaq iştirakçılarına çatdırdı.

Azərbaycanın Türkiyə Respublikasındakı səfiri Zakir Haşımovun təbriki səfirliyin nümayəndəsi tərəfindən oxundu. Yazıçı-tənqidçi İmdat Ovşar şeirlərin ictimai, sosial baxımdan təhlilini verdi. Mən burada sənətimə verilən yüksək qiymətin şahidi oldum.

Avrasiya Yazarlar Birliyinin genel başkanı Yakup Dəliöməroğlu məndən onların birliyinə üzv olmağı xahiş edəndə bir anlıq özümü itirdim. Bu, böyük bir sevinc, həm də etimad idi. Sanki ikiləşmişdim. Xəzangül Türkiyədə böyük hərarətlə qarşılanan, sənətinə yüksək qiymət verilən şair Xəzangülə qibtə hissi ilə baxırdı.

Bir məqamı qeyd etməyi unutdum. Mən TRT-AVAZ-dan başqa daha bir televiziya verilişinin - "Pencere"nin ilk qonağı oldum. Bir sözlə, Türkiyə ilə bağlı təəssüratım ömür kitabımın ən zəngin səhifələrindən birinə çevrildi.

- Xəzangül xanım, Sizə uğurlar arzulayıram və böyük etimadı yeni əsərlərinizlə zənginləşdirəcəyinizə əminəm.

 

 

Rəfiqə SADIQOVA,

yazıçı-jurnalist

 

Azərbaycan.- 2009.- 2 avqust.- S. 5.