Asudə vaxt

 

Onun səmərəli keçməsi üçün Sumqayıtda hər cür şərait var

 

Yay gələndə Sumqayıtda da dəniz sahillərinə gələnlərin sayı artır. Gündüzlər işdə olanlar axşam vaxtı dəniz sahillərinə, bağ və parklarda gəzintiyə çıxmağa üstünlük verirlər.

Ümumiyyətlə, asudə vaxtını səmərəli keçirmək istəyən vətəndaşlar üz tutduqları istirahət yerlərində təmizliklə qarşılaşanda, zövq oxşayan mənzərələrlə üzləşəndə həmin ərazilərə dəfələrlə gəlirlər.

Nəsimi adına Sumqayıt şəhər mədəniyyət və istirahət parkı 1967-ci ildən fəaliyyət göstərir. 80 hektar ərazisi var. Parkın direktoru Çingiz Allahverdiyev bildirdi ki, ərazidə yeddi mexaniki attraksion quraşdırılıb. Böyüklərlə yanaşı, balacalar üçün də ayrıca əyləncə mərkəzləri yaradılıb. Bu da onların sərbəst istirahət etmələrinə şərait yaradır. Burada istirahət günlərində (yayda hər gün) yaradıcılıq sərgiləri, kitab günləri, şeir müsabiqələri, viktorinalar keçirilir. Uşaqlar da belə tədbirlərin iştirakçısına çevrilirlər. Bunlardan əlavə, bir neçə yerdə stolüstü oyunlar üçün texniki avadanlıqlar quraşdırılıb .

- Yay gələndən tədbirlərimiz də çoxalıb, - müsahibim sözünə davam edir, - bura çoxu, demək olar, ailəliklə gəlir. Gənclərin vətənpərvərlik tərbiyəsinə, hüquq və dövlətçilik ənənələrinə həsr olunmuş kütləvi tədbirlər keçiririk. İştirakçılar əsasən gənclər olur. Şəhər hüquq-mühafizə orqanları ilə birlikdə yayda hər həftə təşkil olunan "Sumqayıt gəncləri narkomaniyaya yox deyir!" devizi altında keçirilən tədbir xüsusi yer tutur.

Parkda yerləşən yay klubu kütləvi tədbirlərin keçirildiyi əsas yerdir. Ç.Allahverdiyev onu da bildirdi ki, açıq səma altında olan həmin kluba Bakıdan tanınmış musiqiçilər, müğənnilər, aktyorlar dəvət olunur. Konsertlər Sumqayıtın "Dünya" televiziya şirkəti vasitəsilə birbaşa yayımlanır. Hətta tamaşa etməyə gələnlər arasında istedadı olanlar səhnəyə çıxır, çıxış edirlər.

Proqramda gənc ailələrə aid tədbirlər xüsusi yer tutur. Məsələn, parkdakı "Göyərçin" abidəsinin yanında qeyd edilən "Cəmiyyət və gənc ailə" adlı tədbirdə milli-mənəvi dəyərlərə əsaslanan sual-cavab, musiqi nömrələri, yeməyin sürətlə və keyfiyyətlə hazırlanması kimi yarışlar keçirildi. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev və ictimaiyyətin nümayəndələri çıxış edərək gənc ailələrə xoş arzularını bildirdilər. Sonda qaliblərə hədiyyələr verildi.

Yay mövsümünün sonunadək bir neçə bu mövzuda tədbirin keçirilməsi nəzərdə tutulub.

Ümumiyyətlə, təkcə yay aylarında deyil, ilin bütün fəsillərində mavi Xəzərin sahilində yerləşən Sumqayıtın istirahət parklarında, xiyabanlarında axşamlar qələbəlik olur. Əhali istirahət və mədəniyyət parkında keçirilən rəngarəng tədbirlərə, yaradılan şəraitə görə əlaqədar təşkilatlardan həmişə razılıq edir.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2009.- 2 avqust.- S. 6.