Naxçıvan şəhərində Heydər Əliyev Sarayının əsaslı
yenidənqurmadan sonra açılışı olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva avqustun 3-də Naxçıvan
şəhərində Heydər Əliyev Sarayının əsaslı
yenidənqurmadan sonra açılış mərasimində
iştirak etmişlər.
Mərasimə
toplaşanlar dövlətimizin başçısını və
xanımını alqışlarla qarşıladılar. Milli
geyimli uşaqlar Prezident İlham Əliyevə və Mehriban
xanım Əliyevaya gül dəstələri təqdim etdilər.
Prezident İlham Əliyev
sarayın açılışını bildirən lenti kəsdi,
bu mədəniyyət ocağı ilə tanış oldu.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin
başçısına məlumat verdi ki, Heydər Əliyev
Sarayının yenidən qurulması işlərinə 2008-ci
ilin yanvarında başlanılmışdır. Tikintinin
ümumi ərazisi 1,8 hektar, binanın ümumi sahəsi isə
14 min 920 kvadratmetrdir. Zirzəmi qatı ilə birlikdə bina 4
mərtəbədən ibarətdir. İnşaatda yerli
materiallarla yanaşı, Almaniya və Türkiyədən gətirilmiş
tikinti məmulatından istifadə edilmişdir. Tikintidə
405 nəfər çalışmışdır.
Sarayda 943 yerlik konsert və
276 yerlik konfrans salonları vardır. Naxçıvan Muxtar
Respublikası Mədəniyyət və Turizm Nazirliyi,
Naxçıvan Dövlət Filarmoniyası, rəsm
qalereyası və film fondu da sarayın binasında yerləşir.
"Gəmiqaya"
şirkətinin yenidən qurduğu sarayın ikinci mərtəbəsindəki
198 nəfərlik konfrans zalında üç dildə sinxron
tərcümə aparmaq üçün texniki vasitələr
quraşdırılmışdır. Sarayda xüsusi qonaqlar
üçün ayrılmış otaq da vardır. Bundan əlavə,
ikinci mərtəbədəki iki foyedə də minə qədər
tamaşaçının mənalı istirahəti
üçün hər cür şərait
yaradılmışdır. Şüşəbənd foyeni bol
və təbii işıqla təmin edir.
Müasir havalandırma
sistemi ilə təchiz olunmuş sarayın səhnə hissəsi
586 kvadratmetrdir. Eni 35, uzunluğu 94 metr olan ikimərtəbəli
səhnə böyük konsert proqramlarının, muxtar
respublikanın və ölkəmizin həyatı ilə
bağlı mərasimlərin keçirilməsinə imkan
yaradır. Səhnənin beş girişi vardır.
Sarayın
üçüncü mərtəbəsində rəsm
qalereyası fəaliyyət göstərir. 1982-ci ildə
ümummilli lider Heydər Əliyevin sərəncamı ilə
yaradılmış qalereyada Azərbaycan, o cümlədən
Naxçıvan, həmçinin Rusiya rəssamlarının
300 əsəri nümayiş etdirilir. Azərbaycanın xalq rəssamlarının
əl işlərinin toplandığı ekspozisiya zalında
yağlı boya ilə kətan üzərində işlənən
"Ulu öndər", "Zərifə Əliyeva",
"21-ci əsr - Heydər Əliyev" əsərləri
ölkəmizin müasir tarixini göz önündə
canlandırır. Qalereyadakı digər maraqlı əsərlər
də Azərbaycan rəssamlıq məktəbinin zəngin ənənələrini
və müasir inkişaf istiqamətlərini, müstəqil
Azərbaycanın reallıqlarını dolğun əks
etdirir.
Bildirildi ki, sarayın ətrafında
abadlıq işləri aparılmış, xüsusi zövqlə
salınmış parkda şəhər sakinlərinin istirahəti
üçün hər cür şərait
yaradılmışdır. Sarayın qarşısında ulu
öndərin həyat və fəaliyyətinin müxtəlif
dövrlərinin nümayiş olunduğu monitor
quraşdırılmışdır.
Dövlətimizin
başçısı burada yaradılmış şəraiti
yüksək qiymətləndirdi.
AzərTAc
Azərbaycan.- 2009.- 4 avqust.- S. 1.