Naxçıvan şəhərində "Badamlı" mineral sular zavodu istismara verilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Naxçıvan şəhərində "Badamlı" mineral sular zavodunun açılışında iştirak etmişdir.

Mərasimə toplaşanlar dövlətimizin başçısı İlham Əliyevi və xanımını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev zavodun işə düşməsini bildirən düyməni basdı.

Müəssisə ilə tanışlıq zamanı məlumat verildi ki, Badamlı təbii mineral suyunun mənbəyi Şahbuz rayonunun Badamlı kəndində, dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yerləşir. Qida üçün yararlı polietilen borularla zavoda gətirilən su burada süzgəcdən keçirilərək ionlaşdırıldıqdan sonra avtomatik üsulla butulkalara doldurulur.

Zəngin tarixə malik "Badamlı" zavodu 1947-ci ildən Şahbuz rayonunda fəaliyyət göstərmişdir. Hələ sovet dövründə bu müəssisənin şöhrəti İttifaq miqyasında dolaşırdı. 1970-80-ci illərdə həmin müəssisə yenidən qurulduqdan sonra məhsulun 90 faizi respublikamızdan kənara göndərilirdi. 1990-cı ildə "Badamlı" zavodu fəaliyyətini yenidən bərpa etmişdir. 2004-cü ildə özəlləşdirilən müəssisə tədricən əvvəlki şöhrətini özünə qaytarmışdır. "Gəmiqaya Mineral sular" MMC müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat vermişdir. Naxçıvan şəhərində elmi-texniki tərəqqinin ən son nailiyyətləri əsasında yaradılmış yeni zavod rəqabətə davamlı məhsullar buraxmağa başlamışdır.

Naxçıvan şəhərində tikintisinə 2008-ci ilin avqustunda başlanmış zavod 2,1 hektar ərazidə yerləşir. Binanın ümumi sahəsi 9 min 590, istehsal sahəsi isə 3 min 600 kvadratmetrdir.

Müəssisəyə iki boru xətti çəkilmişdir. Qazlı mineral süfrə suyunu Badamlı yatağından nəql edən xəttin uzunluğu 25 kilometr, bu cür qazsız süfrə suyu istehsalı üçün Batabat-Salvartı yaylağından çəkilən boru xəttinin uzunluğu isə 35 kilometrdir.

Diqqətə çatdırıldı ki, zavodda Fransanın məşhur "SİDEL" şirkətinin avadanlığı quraşdırılmışdır. "SİDEL" mineral suların qablaşdırılması xətlərinin dünyada bir nömrəli istehsalçısıdır. İlkin mərhələdə aparılan marketinq və menecment axtarışları nəticəsində Badamlı suyu Rusiya və bir sıra ərəb ölkələrinə ixrac oluna bilər. Bu barədə artıq ilkin danışıqlar aparılmışdır. Məhsullar alıcılara şüşə və polietilen butulkalarda çatdırılır. Polietilen və şüşə xətlərinin hər birinin saatda istehsal gücü 15 min butulkadır. Hazırda müəssisədə bir növbədə 62 nəfər çalışır. Tələbat artdıqca iş üç növbədə aparılacaq, işçilərin sayı 200-ə çatacaqdır.

Zavodun Almaniya avadanlığı ilə təchiz edilmiş laboratoriyaları məhsulun keyfiyyətinə tam zəmanət verir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu digər mineral sulardan şəffaflığı və qoxusuz olması ilə fərqlənən "Badamlı" suyuna bu ilin iyulunda rəy vermişdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva zavodun məhsullarının nümunələrinə və Badamlı suyunun dadına baxdılar.

Müəssisə ilə tanışlıqdan sonra dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 4 avqust.- S. 1.