Naxçıvan şəhərində şahmat mərkəzi istifadəyə verilmişdir
Avqustun 3-də Prezident
İlham Əliyev Naxçıvan şəhərində yeni
inşa olunmuş şahmat mərkəzinin
açılışında iştirak etmişdir.
Mərasimə
toplaşanlar dövlətimizin başçısını və
xanımını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev
açılışı bildirən lenti kəsdi, bina ilə
tanış oldu.
Dövlətimizin
başçısına məlumat verildi ki, inşasına
2007-ci ilin sentyabrında başlanılan bina üçmərtəbəlidir.
Tikintinin ümumi ərazisi 1,2 hektar, binanın sahəsi isə
4254 kvadratmetrə bərabərdir. Ən müasir
avadanlıqla təchiz edilmiş mərkəzdə 192 və
54 tamaşaçı yeri olan iki beynəlxalq yarış
salonu, 6 sinif otağı və kompüter otağı
vardır.
Böyük
yarış salonundakı 65 şahmat masasından 12-si internetə
qoşulmuşdur. Həmin masalarda aparılan şahmat
oyunlarını mərkəzin internet saytına daxil olaraq izləmək
mümkündür. Bundan əlavə, salonda
quraşdırılan monitorlar vasitəsilə beynəlxalq
yarışların videoyazısını izləmək olar. Kiçik yarış
salonunda isə 25 masa vardır.
Hazırda mərkəzdə
600 şagird şahmatın sirlərinə yiyələnir. Onların
təlimi ilə 15 müəllim məşğul olur. Bildirilmişdir
ki, Naxçıvanda şahmat məktəbi 1982-ci ildə
yaradılmışdır. Uzun illər köhnə binada fəaliyyət
göstərmiş Naxçıvan şahmat məktəbinin
yeni bina ilə təmin olunması burada dərslərin daha
mükəmməl formada təşkilinə imkan
yaradacaqdır. Mərkəzin şagirdləri müxtəlif
vaxtlarda beynəlxalq və yerli yarışlarda uğurlu nəticələr
qazanmışlar. 2002-ci ildə Bakıda, sonra Batumidə
keçirilən yarışlarda mərkəzin yetirmələri
fərqləniblər. 2003-cü ildə 20 yaşlı
şahmatçılar arasında dünya çempionatında
mərkəzin iki yetirməsi iştirak etmişdir. Avropa məktəblilərinin
Kiprdə keçirilən şahmat festivalında mərkəzin
nümayəndəsi birinci mükafata layiq
görülmüşdür.
Binanın zirzəmisində
kompüter təlim-tədris və internet mərkəzi də
fəaliyyət göstərir. Mərkəzin Culfa və Şərur
rayonlarında filialları yaradılmışdır. Burada
kompüterlərə texniki servis xidmətləri də
göstərilir.
Binanın ətrafı
abadlaşdırılmış, ağac və gül
kolları əkilmiş, müasir işıqlandırma sistemi
quraşdırılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 4 avqust.- S. 2.